Eltun Süleymanov: “Cəbrayıl əməliyyatı Vətən müharibəsinin gedişində Azərbaycanın hərbi gücünün ilk nümayişi oldu”

3-10-2022, 14:45 85 dəfə baxılıb

Eltun Süleymanov: “Cəbrayıl əməliyyatı Vətən müharibəsinin gedişində Azərbaycanın hərbi gücünün ilk nümayişi oldu”


“İkinci Qarabağ savaşı Azərbaycanın şanlı tarixinə ən şərəfli səhifələr kimi əbədi olaraq həkk olunub. Çünki məhz bu müharibədə əldə etdiyi tarixi Qələbə ilə Müzəffər Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Eyni zamanda Vətən müharibəsinin öz təqvimində də dövlətimizin, xalqımızın tarixində çox önəmli qələbə günləri kimi yazılmış tarixlər var. Heç şübhəsiz belə günlərdən biri də oktyabrın 4-ü tarixidir. 2020-ci il oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. Əlbəttə ki, Vətən müharibəsinin gedişində əldə olunmuş hər qələbənin bizim üçün, Azərbaycan xalqı üçün önəmi ölçüyəgəlməz dərəcədə böyükdür, vacibdir. Lakin Cəbrayıl əməliyyatının bir unikallığı da budur ki, hərb tarixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

E.Süleymanov bildirib ki, Cəbrayılın hərbi əməliyyatların getdiyi ilk həftə ərzində işğaldan azad olunması ordumuzun ruh yüksəkliyini, düşmən qarşısında mənəvi-psixoloji üstünlüyünü daha da artırmışdı: “2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə etdiyi çıxışında da Ölkə Prezidenti cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu gün bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də əldə olunmuş Qələbənin, Cəbrrayılın işğaldan azad edilməsinin çox böyük əhəmiyyəti var idi. Artlq müharibənin ilk günündə Cəbrayılın iki kəndi – Böyük Mərcanlı və Nüzgar kəndləri işğalçılardan azad edilmişdi. Oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü”, - deyə müsahibimiz qeyd edib.

Daha sonra E.Süleymanov 2016-cı il Aprel döyüşlərinin Azərbaycan Ordusunun Cəbrayıl uğrunda həyata keçirdiyi ilk uğurlu əks-hücum əməliyyatı olduğunu vurğulayaraq bunları deyib: “Cəbrayıl rayonu coğrafi yerləşməsi və təbii relyefinə görə hər zaman strateji əhəmiyyət kəsb edən ərazi kimi diqqət mərkəzində olub. Rayonun işğaldan azad olunması uğrunda ilk hərbi əməliyyatlar isə faktiki olaraq Vətən müharibəsinin başlanmasından hələ 4 il əvvəl aparılmışdı. Belə ki, ölkəmizin hərbi qüdrətinin ilk nümayişi olmuş 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarəti altına keçib. Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbə idi. Əlbəttə ki, ermənilər hər zaman olduğu kimi, o vaxt da Aprel döyüşləri barədə dünyaya yalan məlumatlar yayırdılar. Məsələn, bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və hətta döyüşlərdə özlərini qalib kimi təqdim edirdilər. Lakin həqiqət bu idi ki, Azərbaycan o vaxt təqribən 9-10 min hektar əraziyə nəzarəti ələ keçirmişdi. Aprel döyüşlərindəki qələbə haqlı olaraq Ordumuzun şanlı Qələbəsi kimi qeyd edlir və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur”, - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR