Eltun Süleymanov: “Qubadlı tezliklə güclü iqtisadiyyata malik rayonlarımızdan birinə çevriləcək”

18-10-2022, 18:35 58 dəfə baxılıb

Eltun Süleymanov: “Qubadlı tezliklə güclü iqtisadiyyata malik rayonlarımızdan birinə çevriləcək”


“Ümumilikdə 79812 hektar torpaq fondu olan Qubadlı rayonunda işğala qədər 14956 hektarda əkin sahələri, 850 hektar çoxillik bitki, 631 hektar biçənək, 17192 hektar örüş-otlaq, 543 hektar həyətyanı sahələr, 13160 hektar meşə sahəsi, 582 hektar bağ və üzümlüklər mövcud olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngin idi. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı vardır. Rayon 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Azərbaycanın bütün bu təbii sərvətləri tamamilə qeyri-qanuni olaraq, həm də vəhşicəsinə talan edilib. Həmçinin işğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi olub: “Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün davam edib. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Azərbaycan Ordusu Qubadlı uğrunda gedən döyüşlərdə də yüksək peşəkarlıq və fədakarlıq göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin hissələri şəhəri düşməndən təmizlədilər. Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.”

Daha sonra E.Süleymanov Qubadlının bərpası və yenidən qurulması məqsədilə görülən işlərin getdikcə daha böyük vüsət aldığını vurğulayaraq bunları deyib: “Bütün digər azad edilmiş rayon və bölgələrimizdə olduğu kimi, bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətində olan bu işlərin miqyası və dinamikası insanı heyran edir. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Həmçinin Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək dördzolaqlı yol Qubadlıdan keçir. Dövlət başçımızın dediyi kimi, Zəngilandan Qubadlıya, Laçına çəkilən bu yoldan insanlar rahat istifadə edəcəklər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaq. Bütün bunlar Qubadlının tezliklə güclü iqtisadiyyata malik rayonlarımızdan birinə çevriləcəyini deməyə tam əsas verir”, - deyə Eltun Süleymanov fikirlərini tamamlayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR