“Lavrov planı” arxivə verilibmi?

17-12-2019, 12:06 237 dəfə baxılıb

“Lavrov planı” arxivə verilibmi?

Postsovet məkanındakı (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna) etnik-ərazi münaqişələrinin həllində bu il də müsbətə doğru heç bir ciddi dönüş baş vermədi. Onların arasında ən “uzunömürlü”sü olan Dağlıq Qarabağ konflikti 2019-cu ilə bəslənən kövrək ümidlərə rəğmən, yeni - 2020-ci ilə adlayır.

Bu münaqişələrin hamısının yaranması və davam eləməsində sözsüz ki, Rusiya əsas rol oynayıb. O sırada Qarabağ münaqişəsinin bunca uzanmasında Moskvanın işğalçı Ermənistana hər cür dəstək verməsi də hamının bildiyi reallıqdır. Bu xüsusda bir çox təhlilçilərə görə, belə konfliktlərin həllində ilk növbədə Rusiya ilə anlaşmaq, dil tapmaq daha məqbuldur, nəinki hansısa separatçı bölgə və ya Ermənistanla.

Ancaq Donbas problemi ilə bağlı bu yaxınlarda Rusiya, Almaniya, Fransa və Ukrayna liderləri (“Normand dördlüyü”) arasında keçirilən zirvə görüşü göstərdi ki, rəsmi Moskva bu münaqişələrin yoluna qoyulmasına tələsmir və müstəqillik əldə edən keçmiş sovet respublikalarına öz təsirini saxlamaq üçün onlardan maksimum yararlanmaq niyyətindədir.

Əfsus ki, Qarabağ ixtilafı da istisna deyil - baxmayaraq ki, Azərbaycan-Rusiya əlaqələri indi heç vaxt olmadığı qədər yüksək səviyyədədir. Moskvanın İrəvana təsir imkanları da ki bəlli. Demək, bu problemi yoluna qoymaq üçün Rusiyanın heç bir çətinliyi, əngəli ola bilməz. Rusiya rəsmiləri isə “Azərbaycanla Ermənistan razılığa gəlsin, biz istənilən həll variantına qarant durmağa hazırıq” tipli bəyanatlar verməyə davam edirlər. Amma Ermənistan müstəqil söz sahibi olsaydı, nə var idi ki. Məgər İrəvan Qarabağ məsələsində iradə yiyəsidir ki? Eləcə də Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Donbas problemləri.

*****

Ancaq bu da aydındır ki, Rusiya faktoru sonsuzadək indiki təsirə malik olmayacaq. Konkret olaraq, Dağlıq Qarabağ məsələsinin dinc nizamlanması günün birində imperativə çevriləcək. Yəni ya Rusiya imitasiyalı davranışından əl çəkib, onun dinc həlli prosesinə real töhfə verməli olacaq, ya da Moskvanın özü üçün də nəticələri qeyri-müəyyən olacaq Qarabağ müharibəsi labüd olacaq. Dəfələrlə yazdığımız kimi, yeni müharibə Moskvaya əl verə bilməz. Həm Türkiyə və Azərbaycan kimi mühüm dövlətlərlə problemlər yaranması baxımından, həm də yeni müharibənin Rusiyanın Şimali Qafqaz bölgəsinə təsirləri baxımından. Bunu Kremldə də hesablamamış deyillər.

Bəzi siyasi ekspertlərə görə, əslində Moskva problemin həllində ciddi dönüş olmasını istəyir, ancaq sırf özünün maraqları kontekstində. Yəni söhbət elə həll modelindən gedir ki, o, Moskvanın Güney Qafqazda hərbi və geosiyasi mövqelərini nəinki zəiflətməsin, əksinə, daha da gücləndirsin. Burada Qarabağ münaqişəsi zonasına “sülhməramlı qüvvələr” adı altında Rusiya hərbi kontingentinin gətirilməsi də var. “Lavrov planı” deyilən planın qayəsini də əslində bu ideya təşkil edir və faktiki, konfliktin köklü həllini yox, bir neçə rayonun boşaldılması qarşılığında onun dondurulmasını, bölgəyə isə Rusiya qoşunlarının gətirilməsini nəzərdə tutur.

Təbii ki, ərazi bütövlüyümüzü şübhə altına alan və suverenliyimizi daha da məhdulasdıran belə “həll variantı” Azərbaycanı qane edə bilməz. Üstəlik, biz rus qoşunlarının Qarabağda mövcud olmasının nə demək olduğunu yaxşı bilirik və yaxın keçmişi unutmamışıq - xüsusən də Xankəndindəki 366-cı motoatıcı alayın hansı oyunlardan çıxdığını, Xocalı soyqırımında iştirakını və işğalçı tərəfə verilən hərbi dəstəyi yaddan çıxarmamışıq...

*****

Bütün hallarda, şübhə yox ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa eləmək üçün mübarizəsini davam etdirəcək - diplomatik, təbliğati və son olaraq, güc yolu ilə. Hələ ki heç kim müharibə haqqımızı əlimizdən almayıb. BMT Nizamnaməsinin 51-ci bəndində də açıq-aydın göstərilir ki, ərazisi işğala məruz qalan BMT üzvü istənilən yolla təcavüzkarı öz ərazisindən çıxarmaq hüququna malikdir. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 qətnaməsi, digər mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri də öz yerində. Onları heç kim ləğv eləməyib.

Məsələ də elə ondadır ki, təcavüzkarla, işğalçı ilə əslində sülh danışıqları yox, müharibə aparırlar. Məgər Rusiyanın sələfi SSRİ faşist Almaniyası ilə müharibə gedə-gedə SSRİ-nin ərazi bütövlüyünün bərpası üçün danışıqlar aparıb? Yoxdur belə şey. Eləcə də işğalçı Ermənistan. Azərbaycan sadəcə, illərdir ümid edir ki, Rusiya, digər vasitəçi güclər - ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri İrəvanı ağla gətirəcək, müharibəyə, böyük dağıntılara ehtiyac olmayacaq.

Əlbəttə ki, müharibə təkcə Azərbaycandan asılı məsələ deyil. İlk növbədə erməni xalqı maksimalist, absurd mövqeyindən, heç vaxt reallaşmayacaq arzularından əl çəkib, daşı ətəyindən tökməli, Azərbaycan xalqı ilə barışığa, dinc yanaşı yaşamağa can atmalıdır. Axı bu konfliktin ən böyük zərbəsi ona dəyib və dəyməkdə davam edir. Nəticələri sadalamağa lüzum yox. Ağır blokada vəziyyəti, böhran keçirən iqtisadiyyat, xaricə davam edən kütləvi köç öz-özlüyündə çox şey deyir. Əfsus ki, Ermənistanın sülhü yaxınlaşdırması yönündə hər hansı işartı gözə dəymir. Ermənilər öz havadarlarına arxayın olub davakar, həyasız xislətlərinə sadiqliyi davam etdirirlər. Bu da növbəti fakt.

“Əgər Azərbaycanın Qarabağ icması öz doğma yurd-yuvalarına qayıtmasını tələb edirsə, ermənilər də Bakı və Sumqayıta qayıtmaq barədə düşünməlidir”. Bu sözləri erməni politoloq Anuş Sedrakyan İrəvan mətbuatına açıqlamasında deyib (axar.az). O qeyd edib ki, hazırda Ermənistanda çoxlu sayda Bakı və Sumqayıtdan gələnlər yaşayır. Onlar da qayıtmaq istəyir: “Bu gün Ermənistan boyük bir risk altındadır. Biz Azərbaycanın Qarabağ icmasını qəbul etsək, bu, Ermənistan üçün son ola bilər. Biz bilmirik Bakı ”Azərbaycanın Qarabağ icması" adı altında Qarabağa kimləri göndərə bilər".

Azərbaycanlılara qarşı soyqırım həyata keçirən və etnik təmizləmə aparan erməni millətinin nümayəndəsi ənənəvi yazıqlıq siyasətinə də sadiq qalıb. “Azərbaycanlıların bizdən zəhləsi gedir, onlar bizim axırımıza çıxa bilər”, - deyə Sedrakyan iddi edib.

Yəni növbəti, tipik erməni riyakarlığı. Hamı bilir ki, azərbaycanlıların öz dədə-baba torpaqları olan Qərbi Azərbaycandan - İrəvan, Göyçə, Dərələyəz, Qafan, Meğri, Dağ Borçalı və s. ərazilərdən zorla çıxarılmasından və həmin ərazilərdə onlarla soydaşımızın qətlə yetirilməsindən sonra Bakıdan ermənilər qovulub. Bunun işğal altında saxlanan Azərbaycan ərazilərindən çıxarılmış və hazırda məcburi köçkün statusunda yaşayan azərbaycanlılara heç bir aidiyyəti yoxdur. Ona qalsa, gərək Ermənistandan son olaraq çıxarılmış və kompakt şəkildə yaşamış 200 min soydaşımız da öz yurd yerlərinə qaytarıla.

*****

Şübhəsiz ki, erməni ictimai şüuru belə xəstə iddialara kökləndikcə sülh danışıqları da səmərə verməyəcək və müharibə, bu dəfə Azərbaycanın azadlıq müharibəsi qaçılmaz olacaq. Ona qədər isə təbii ki, Azərbaycan özünün Ermənistan üzərində iqtisadi-hərbi üstünlüyünü daha da artıracaq. Qarabağda, Naxçıvan və Qazaxla sərhəddə olduğu kimi, addım-addım taktikası ilə zəbt edilmiş əraziləri düşməndən geri almaqda davam edəcək. Eyni zamanda azad olunmuş ərazilərdə, xüsusən də cəbhəyanı bölgədə infrastrukturun yüksək səviyyədə olması daim diqqət mərkəzində saxlanılacaq.

Yeri gəlmişkən, bu gündən Cəbrayıl rayonunun 2016-cı ilin aprelində işğaldan azad olunmuş və hazırda 508 nəfərin yaşadığı Cocuq Mərcanlı kəndi istiqamətində ilk dəfə müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək. “Yeni Müsavat” xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova qeyd edib.

O bildirib ki, qurumun apardığı monitorinqlərin nəticəsi olaraq sərnişinlərin istifadəsinə yeni xətlər təqdim ediləcək: “Belə ki, dekabrın 17-dən etibarən Cocuq Mərcanlı istiqamətində Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək. Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşməsi dekabrın 17-si saat 10:30-da başlayacaq. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq. Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-dadır, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlıdır. Sumqayıt-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla, marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir. Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə hərəkət trayektoriyasının uzunluğu 268 km, Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə 247 km, Sumqayıt-Cocuq Mərcanlı istiqaməti üzrə isə 363 km-dir”.

İnşallah, belə marşrutlar ölkəmizin digər ayrılmaz parçaları olan Şuşaya, Xankəndinə də açılacaq. O günün uzaqda olmadığına əminik...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR