Ankara-Moskva münasibətləri batının və Bakının gözü ilə... - TƏHLİL

30-01-2020, 18:06 261 dəfə baxılıb

Ankara-Moskva münasibətləri batının və Bakının gözü ilə... - TƏHLİL

Rusiya-Türkiyə münasibətlərini əlahiddə, fövqəl münasibətlər kimi səciyyələdnrimək regionun və qitənin geosiyasi mənzərəsini təhrif etmək kimi yozula bilərdi, çünki ABŞ-ın istəyinə rəğmən onun Avropadakı müttəfiqləri, xüsusən də Almaniya Rusiya ilə münasibətləri adi coğrafi qouşular, eyni qitənin dövlətləri üçün xarakterik olan münasibətlərdən də yuxarı səviyyədə saxlamağa cəhd edir.

Hətta belə fərz olunur ki, ABŞ - ın özündə də Rusiyaya münasibət ikilidir və belə vəziyyət “dərin dövlət” kimi bir az unudulmuş anlayışı yenidən önə çıxarır. Bu anlayışa görə isə, ölkədə seçilmiş, rəsmi hakimiyyətdən əlavə bir kölgə hakimiyyəti də olur ki, buna ABŞ-ın timsalında adətən “ənənəvi ABŞ siyasət maşını” deyilir və qeyd olunur ki, bu “maşın” daim prezident D.Trampa qarşı opponentlik etməkdədir.

Amma yenə də etiraf etməli oluruq ki, Rusiya-Türkiyə münasibətləri elə səviyyəyə çatıb ki, o, müxtəlif geosiyasi qütbləri, xüsusən də hərbi blokları təmsil edən ölkələr üçün heç də xarakterik deyil. Odur ki, Rusiya saytlarının birində oxuyanda ki, artıq Qərbin tədqiqat dairələri bu iki ölkə arasındakı münasibətləri təhlil etməyə başlayıb, buna qətiyyən təəccüblənmədik. Bəs bizim bu Qərb təhlilçiləri hansı qənaətə gəliblər?

Onlar Rusiya - Türkiyə münasibətlərində beş element müəyyən ediblər:

A)Ticarət və energetika sahəsində əməkdaşlığın genişlənməsi;

B) Qərb dövlətlərinin siyasətinə qarşı olmaq;

V) Avtoritarizmə istinad etmək;

Q) Qara dəniz regionunda avtonomluğun saxlanılması;

D) Yaxın Şərqdə nüfuz sferasının genişlənədirilməsi.

Əlbəttə ki, burada ayrı-ayrı məqamlarla, eləcə də lap bütövlükdə məsələnin qoyuluşu ilə bağlı mübahisə açmaq olar, ən azı ona görə ki, heç də bütün ittifaqlar kimə qarşısa yaradılmır.

Amma məsələ bunda deyil. Qeyd etmək lazımdır ki, Rusiya-Türkiyə münasibətləri təkcə Qərb təhlilçiləri və politoloqları üçün müzakirə predemeti deyil, türkiyəli mütəxəssislərin özləri, xüsusən də müxalifət nümayəndələri daim bu mövzuda müzakirə açırlar. Sonuncuların bəzisi hətta indiki hakimiyyəti “qırmızı sərhədi” keçməkdə də qınayır.

Cəmiyyətin qeyri-siyasi kəsiminə gəldikdə isə, burada birmənalı söz demək çətindir ki, bəs bunlar hakimiyyətin Rusiyaya yönəlik siyasətinə dəstək verir, ya yox? Aydın məsələdir ki, Türkiyə vətəndaşları üçün Rusiya, ümumiyyətlə, MDB ölkələri mal və xidmətlər üçün yetərincə cəlbedici bir bazardır.

Yadımıza gəlir ki, bir vaxt vurulmuş Rusiya hərbi təyyarəsinə görə münasibətlər gərginləşəndə, bu, tək ticarətdə milyardlara itkilərə gətirib çıxardı.

Hazırda iki ölkə arasındakı ticari-iqtisadi münasibətlər elə səviyyəyə gəlib çıxıb ki, hakim partiyanın siyasətindən narazı olmaq çox çətindir.

Amma yenə də Qərb mərkəzlərinin apardığı ən son sorğulara görə, rəyi soruşulanların yalnız 51 faizi hakim koalisiyanın siyasətini bəyənir və ya dəstəkləyir.

Əlbəttə, bu, “qırmızı hüdud”dan hələ çox uzaqdır, amma burada qeyri-ixtiyari olaraq son munisipal seçkilərin nəticələri yada düşür: bu seçkilərdə hakim partiya ölkə üzrə qalib olsa da, böyük şəhərlərdə seçki prosesini uduzdu.

O vaxt bir çox yerli təhlilçilər proqnoz verdi ki, bəs Ərdoğan siyasi erasının da qürubu yetişir. Biz bu təxminləri təsdiq və ya inkar etmək gücündə deyilik, amma aydındır ki, bu, fani, xüsusən də siyasi cəhətdən tamam qarmaqarışıq dünyada heç kim əbədi deyildir və bir gün Ərdoğan da siyasi səhnədən gedəcək. Bundan sonra hakim partiyanın perspektivləri necə olacaq,- bunu da demək çətindir, amma məlum olanı budur ki, Ərdoğanın da partiyası çox personifikasiya olunan, yəni bir şəxslə bağlı olan siyasi təşkilatdır.

Amma bizi indi fərqli problemlər qayğılandırır. Etiraf edək ki, bizim Ankara-Moskva yaxınlaşmasından müəyyən gözləntilərimiz vardı və bu əsasən Dağlıq Qarabağ problemilə bağlı idi.

Fəqət, təəssüf ki, bu istiqamətdə hələ nəzərə çarpacaq irəliləyişlər yoxdur və bu, azmış kimi, bir çox politoloqlar Rusiya ilə Türkiyə arasındakı münasibətlərin perspektivlərinə çox pessimist yanaşır, hətta Rusiyanın öz təhlil adamları bu iki ölkəni müttəfiq yox, partnyor ölkələr adlandırır.

Biz də bu yanaşmaları əsasən bölüşürük. Amma Türkiyə, xüsusən də gənc türk dövlətlərilə münasibətlər Moskva üçün həyati dərəcədə önəmli bir məsələdir.

Bircə anlığa təsəvvür edin, bir görün, o dövlətlər olmasaydı, o halda Rusiya hansı bir vəziyyətə düşərdi? Bəli, nə MDB, nə də KTMT və ya Avrasiya İttifaqı olmazdı! Moskvada da bu “zalım” dünyada tamamilə təhha qalardı...

Türkiyə hakimiyyəti də bilməlidir ki, regional qüdrətə yol Suriya və ya Liviya səhralarından yox, gənc türk dövlətlərilə ittifaqdan keçir, hansılar üçün ki, Ankara ərəblər üçün etdiklərinin və yaxud xərclədiklərinin heç mindən birini də etməyibdir...
Hüseynbala Səlimov //musavat.com//


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR