Paşinyan “müharibə partiyası”nın üzvü olmasa da... - TƏHLİL

4-06-2020, 14:45 169 dəfə baxılıb

Təsəvvür edin, Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə yoluxma hallarının sürətlə artmasından necə özünü itiribsə, vətəndaşlara xitab edərək, küçələrdə dolaşan insanları xüsusi təyinatlılarla hədələyib. Paşinyan anlayır ki, pandemiyanın geniş yayılması halında ianələr hesabına yaşayan ölkəsini xilas edə bilməyəcək.

Ancaq yenə də işğalçı öz işindədir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Belə ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Faktiki olaraq danışıqlar dalana dirənib və hansısa addımların atılması da görüntüdən başqa bir şey olmayacaq. Elə Müdafiə Nazirliyinin son xəbərdarlığı da bundan xəbər verir.

“Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək" - Azərbaycanın Müdafiə Nazirliyi bugünlərdə düşmənə xəbərdarlıq bəyanatında bildirmişdi. Nazirlik bəyan etmişdi ki, görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq: “Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlub olmasına gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaq”.

Ermənistan ordusunun mayın son günündə Azərbaycanın işğal altındakı ərazilərində növbəti hərbi təlimlər keçirməsi düşmənin sarsıdıcı zərbəni haqq etdiyinə şübhə yeri qoymur. Azərbaycan cəmiyyəti buna çoxdan əmindir, yetər ki, bizi sülh nağıllarına qulaq asmağa sövq edən beynəlxalq təşkilatlar, həmsədr ölkələr də bu barədə ciddi düşünsünlər. Ermənilərin sonuncu təlimləri 31 mayda olmuşdu. 3 iyunda isə işğalçı ordu Ağdam rayonunun Uzundərə adlanan ərazisində təlimlərə başlayıb. Məlumata görə, təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrində eşidilib.

Azərbaycanın keçirdiyi sonuncu hərbi təlimlərdən ciddi şəkildə narahat olan beynəlxalq güclər nədənsə ermənilərin təlimlərinə sıradan bir məsələ kimi baxır. Bugünlərdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin “başçısının” açıqlamasına cavab verdi. Bildirdi ki, Dağlıq Qarabağdakı separatçıların “seçki” şousu və bundan sonra qondarma rejimin rəhbərliyinə cinayətkarların təyinatı, Xankəndindən Bakıya ünvanlı həqarətlərin səslənməsinə ATƏT-in Minsk Qrupundan hər hansı reaksiyanın verilməməsi də təəccüblü olmadı. Çünki onlar artıq on illərdir ki, “ikili standart” siyasəti sərgiləməkdədirlər.

T.Gəncəliyev qeyd edib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin “başçısı” Araik Arutunyan əgər Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa və təhlükəsizlik təminatı verərsə, münaqişənin mərhələli şəkildə həll edilə biləcəyini vurğulayıb. “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bildirmək istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşamasını və inkişafını fəal şəkildə dəstəkləyirik”. İcma rəhbəri ardınca deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz öz ərazi bütövlüyünü təmin edəcək və işğaldan azad edilmiş bütün torpaqlarda bərpa işləri aparılacaq.

Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlarda özünü “sülh göyərçini” kimi gözə soxmağa çalışırdı. Ancaq çox keçmədi ki, Paşinyan erməni liderləri arasında ən barışmaz mövqe sahibi olan birinə çevrildi. Baxmayaraq ki, Nikol “müharibə partiyası”nın üzvü deyildi və konstruktiv mövqe sərgiləyəcəyinə ümidlər var idi. Erməni baş nazir nədən belə mövqedən çıxış edir? Onu buna təhrik edən var, yoxsa erməni kilsəsinin və erməni lobbisinin qəzəbinə tuş gələcəyindən, hakimiyyəti itirəcəyindən ehtiyatlanır? Ümumiyyətlə, Qarabağ məsələsinin Paşinyan dövründə danışıq yolu ilə irəli aparılmasına olan ümidləri dəfn edilmiş saymaq olarmı?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanın Azərbaycan torpaqlarının işğalı faktına münasibətdə “Roma papasından daha artıq katolik kimi görünməyə” səy göstərməsinin çoxsaylı səbəbləri var: “Birinci səbəb onun jurnalist kimi fəaliyyət göstərdiyi və Levon Ter-Petrosyanın yanında olduğu dönəmlərdə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha liberal mövqedən çıxış etməsidir ki, bu da Paşinyanın hakimiyyətə gəldiyi ilk dövrlərdən başlayaraq, əks siyasi düşərgənin ona qarşı apardığı informasiya savaşının ana xəttini təşkil edib. Paşinyanın danışıqlar prosesinin pozulmasına yönəlmuş addımlarının başqa bir tərəfi onun sahibləndiyi hakimiyyətdə ondan öncə təmsil olunanların Dağlıq Qarabağ faktoru üzərindən Ermənistanda siyasi olimpin zirvəsinə yüksəlmələri və təbii ki, əslən Azərbaycanın Qarabağ bölgəsindən olmaları və işğal prosesində iştirak etməlidir. Bu baxımdan Paşinyanın rəqiblərinə qarşı atdığı bütün addımlar qarşı tərəfdən ”Qarabağ ermənilərinin sıxışdırılması" və “Qarabağın təhvil verilməsinə hazırlıq” kimi ictimai rəyə təqdim olunurdu ki, baş nazirin bundan necə əndişələndiyini görməmək mümkün deyil".

Bununla yanaşı, E.Mirzəbəyli Paşinyanın davranışlarını stimullaşdıra biləcək iki ehtimala da diqqət çəkməyi vacib hesab etdiyini vurğuladı: “Ehtimal edək ki, Paşinyanı hakimiyyətə erməni diasporu və lobbisi, eləcə də Qərbin müəyyən siyasi dairələri gətiriblər. Niyyət də ondan ibarət olub ki, Ermənistanın daha demokrati ölkə imicinin yaradılmasına nail olsunlar və bu vasitə, eləcə də Azərbaycan əleyhinə total qara PR kampaniyaları aparmaqla Qarabağ məsələsində işğalçı ölkəyə beynəlxalq dəstək qazansınlar, Azərbaycanın beynəlxalq müstəvidə atdığı bütün addımları zərərsizləşdirsinlər. Digər ehtimal isə qeyd etdiklərimə qarşı əks arqumentlərdən ibarətdir. Yəni Paşinyanı hakimiyyətə Qərb ölkələrindəki erməni diasporu və lobbisi, eləcə də bu ölkələrin müəyyən siyasi dairələri deyil, əks qütbdə dayanan və Ermənistanı öz nüfuz dairəsindən çıxmağa qoymayan qütb gətirib. Məqsəd isə Paşinyan kimi komandası olmayan, siyasi cəhətdən yetkinləşməmiş, müəyyən qədər zəif fiqurun fəaliyyəti üzərindən Ermənistan cəmiyyətinin dəyişiklik istəyinin üzərindən xətt çəkmək və bununla da vətəndaşların siyasi hakimiyyəti dəyişmək niyyətini birdəfəlik tarixin arxivinə gömmək...”

Ekspert qeyd etdi ki, Paşinyanın fəaliyyətində hər iki ehtimalın fasilələrlə nəzərə çarpması isə üçüncü bir ehtimalı yaradır: “Bu isə ondan ibarətdir ki, Ermənistanın baş naziri bu prosesdə əsas fiqur deyil, marionet oyunçudur və arxa fonda dayanan qüvvə tərəfindən konkret maraqlara uyğun şəkildə manevrlər etməyə sövq olunur. İndiki şəraitdə Azərbaycan torpaqlarının işğaldan yalnız danışıqlar yolu ilə azad ediləcəyi ehtimalı inandırıcı görünmür. Hətta danışıqlar prosesi davam edəcəksə də belə hansısa mərhələdə hərbi əməliyyatların bərpası qaçılmaz olacaq”.

Politoloq qeyd etdi ki, Paşinyan Ermənistandakı ictimai rəyə oynayan fiqurdur: “Buna görə də Ermənistanın ictimai rəyinə işğalın davam etməsinin heç bir perspektivinin olmadığı mesajını vermək lazımdır. Erməniləri başa salmaq lazımdır ki, işğal davam edəcəyi təqdirdə onların hər birini, doğmalarını acı bir sonluq gözləyir. Bunun isə danışıqlar yolu ilə mümkün ola biləcəyini düşünmürəm”.

Xatırlatmaq yerinə düşər ki, N.Paşinyan bir neçə dəfə Azərbaycan prezidenti ilə görüşləri barədə müsbət fikirlərini ifadə edib və hətta sevincək halda həmin görüşlərdən sonra təmas xəttində gərginliyin heç zaman olmadığı kimi azaldığını vurğulayıb. Üzdə özünü “konstruktiv” göstərən erməni baş nazir arxada məkrli oyunlarını davam etdirir. Görünür, kreslosunda möhkəm oturmadığını yaxşı anlayır. Ancaq heç şübhəsiz ki, o, küçədən kürsüyə qalxarkən götürdüyü öhdəlikləri də unutmur. İradə sahibi olmayan ölkə rəhbəri ilə danışıqlar isə sadəcə zaman itkisidir...
"Yeni Müsavat"


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR