Regionda müharibə təhlükəsi: - Yunanıstandan Türkiyə qarşı yeni hərbi əməliyyat

15-09-2020, 13:07 184 dəfə baxılıb

Uzun müddətdir Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyə yenisi əlavə olunub. Belə ki, Şərqi Aralıq dənizi məsələsində gərginliyi artıran Yunanıstan Qərbi Trakyada ABŞ ilə ortaq hərbi təlim keçməyə qərar verib.

Bu vəziyyət onsuz da kritik həddə olan Türkiyə-Yunanıstan münasibətlərini yeni mərhələyə daşıyacaq?

Bununla bağlı "MediaPost"a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Türkiyənin Yunanıstan və Cənubi Kipr ilə münasibətlərindəki problemlər çox kəskinləşib:

"Hətta o həddə çatıb ki, ABŞ dövlət katibi adanın rəhbərliyi ilə Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə etmək üçün şənbə günü Lefkoşaya uçmalı idi. Mayk Pompeonun fövqəladə səfəri, ABŞ Prezidenti Donald Trampın Türkiyə prezidenti və Yunanıstan Baş naziri ilə telefon danışıqlarından iki həftə sonra baş verdi.

Yunanıstanın Baş naziri ABŞ liderinə “Türkiyənin sabitliyini pozmaq, bölgədəki sülhü və sabitliyi təhdid etmək, eləcə də NATO-nun birliyini sınamaqdan” şikayətləndiyi halda, Türkiyənin lideri Ərdoğan, Ankaranın ziddiyyətləri dəf etmək üçün dialoqun tərəfdarı olduğuna əminliyini bildirdi.

Hazırda Vaşinqtonda baş verən daxili qarışıqlıq (Corc Floyd hadisəsi) və Avropa Birliyindəki ləng sistem böhranı şəraitində Aralıq dənizində iki NATO üzvü ölkənin qarşıdurması yaşanır.

Qərb ekspertləri indi koronavirus böhranı, İngiltərənin Avropa Birliyindən çıxması ilə bağlı dayandırılmış danışıqlar probleminin yenidən aktuallaşması, “Şimal axını 2” qaz boru kəmərini boğmaq cəhdləri və əlbəttə ki, ABŞ-ın gələcəyi ilə bağlı narahatlıqlarla (noyabr ayında prezident seçkiləri öncəsi rutin) məşğuldur.

Həqiqət naminə bildirməliyik ki, bölgədə qarşıdurma riski durmadan artır. Hazırda ən həssas məsələ Yunanıstan və Kiprin özlərinin müstəsna iqtisadi bölgələri hesab etdikləri sularda aparılan geoloji tədqiqatlardır. Yayın ortalarında Ankara kəşfiyyat-qazma işlərini qısa müddətə dayandırdı, lakin avqust ayında Ərdoğan işlərin bərpa olunduğunu elan etdi. Şənbə günü Lefkoşadakı danışıqlardan sonra ABŞ Dövlət katibi adanın ətrafındakı enerji qaynaqlarının “həm kiprli rumlar, həm də kiprli türklər arasında bölünməlidir” dedi. Bu, çıxışda nisbətən bitərəf hesab edilə bilən yeganə məqam oldu – digər bütün hallarda, Vaşinqton açıq şəkildə yunan tərəfini dəstəklədiyini ifadə etdi".

Politoloq əlavə edib ki, bir həftə əvvəl, Birləşmiş Ştatlar Kiprə 33 illik silah embarqosunu ləğv etdi, baxmayaraq ki bu, yalnız rabitə və kəşfiyyat, şəxsi qoruma, avtomobillər, gecəgörmə cihazları əhatə edən silahlara aiddir:

"Bu məsələyə Ankara gözlənilən reaksiyanı sərgilədi. Türkiyə Xarici İşlər Nazirliyi embarqonun aradan qaldırılmasını tənqid edərək, Şərqi Aralıq dənizində sülhün zərbə altına alındığını, Türkiyə ilə ABŞ arasındakı müttəfiqlik ruhuna zidd olduğunu söylədi.

Bundan əlavə, türk ordusu obyektiv olaraq həm Kipr, həm də Yunanıstan ordusundan daha güclüdür və həqiqi döyüş əməliyyatları təcrübəsi daha yaxşıdır.

Türkiyədə hərbi çevriliş cəhdinin yatırılmasından Rusiyadan S-400-lərin alınmasına qədər olan hadisələr göstərdi ki, amerikalıların türklər üzərində çox böyük təsir gücünün olmadığı açıq şəkildədir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR