Paşinyan yenə gülüş hədəfi oldu – bu dəfə alovsuz “əbədi məşəl”ə baş əyməklə

22-09-2020, 19:38 176 dəfə baxılıb

“MediaPost” xəbər verir ki, Ermənistanın müstəqilliyinin 29-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirlər çərçivəsində baş nazir Nikol Paşinyan ölkənin müstəqilliyi uğrunda həyatlarını itirmiş şəxslərin “əbədi məşəl”inin üzərinə gül dəstəsi qoyub.

Deyə bilərsiniz ki, bu, normal addımdır, ölkə rəhbərlərinə yaraşan addımdır, burada qeyri-adi bir şey yoxdur və s. Amma bizim Paşinyanın özünə və erməni xalqına iki sualımız var:

1. Ermənistan öz müstəqilliyini necə qazanıb və bu yolda öz həyatlarını itirənlər kimlərdir? Keçən əsrin 90-cı illərinə nəzər salsaq, Sovet İttifaqının süqutu dünya xəritəsində bir sıra yeni müstəqil dövlətlərin meydana gəlməsinə səbəb olub, o cümlədən də Azərbaycanın. Lakin Ermənistandan fərqli olaraq, dövlətimiz üçün müstəqillik baha başa gəlib: Sovet Ordusunun ölkəmizdə törətdiyi cinayətlər, 20 Yanvar hadisələri, torpaqlarımızı itirməyimiz, iqtisadiyyatın çökməsi, ölkəmizin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalması. Bu siyahını daha da uzatmaq olar. Deməyimiz odur ki, müstəqilliyimiz bizə asan başa gəlməyib, yüzlərlə oğul və qızlarımızın canı bahasına əldə edilib. Ermənistanın müstəqilliyi isə SSRİ-nin süquta uğramasından sonra ovuclarına göydən alma düşməsi kimi olub. Təbii ki, söhbət Sovetlər dövründə də Rusiyanın “qucağında” oturub Moskvadan gələn vəsaitlər hesabına kef çəkən Ermənistandan gedir.

Amma xatırlanmalı başqa məqamlar da var. Belə ki, 21 sentyabr 1991-ci ildə referendumla SSRİ-dən ayrılmağa səs vermiş Ermənistanda az müddət sonra Rusiyanın 102-ci hərbi bazası fəaliyyətə başladı. Bu o deməkdir ki, 21 sentyabr 1991-ci ildə müstəqilliyə qərar vermiş Ermənistanın azadlığı faktiki olaraq, az çəkdi, yəni əlindən alındı.

2. Müstəqillik və azadlıq naminə ölən (varsa) məsələsini qoyaq qırağa. İkinci sualımız Paşinyanın özünə ünvanlanıb – “əbədi məşəl” anlayışının mənasını bilirsənmi? Bəli, əbədi məşəl xalqın, Vətənin azadlığı uğrunda öz həyatlarını itirmiş qəhrəmanların, döyüşçülərin xatirəsini əbədiləşdirmək deməkdir. Görünən odur ki, sən onun mənasını heç bilmirsənmiş... Baş əydiyin Sovet dövründən qalmış qranit beşulduzdur. Daşdır. Nöqtə.

Ya gözün kor olub deyə görmürsən, ya da dünənə qədər sizi dəstəkləyən, bu gün isə düşmən kimi qəbul etdiyiniz havadarlar sizə verdikləri təbii qazı tamamilə kəsiblər ki, ölkədə qaz təminatı ilə bağlı fövqəladə vəziyyət yaranıb.

Bizdən isə erməni xalqına həmişəki kimi məsləhət: baş naziriniz Nikol Paşinyan orada alovun olub-olmamasına bəlkə də, heç fikir verməyib. Çünki o, nə məşəlin mənasını bilir, nə də ki səmimi davranır. Onun bütün etdikləri avtoritet qazanmaq, “Facebook”da bəyənmə, baxış və paylaşma sayının artırılması üçündür.

Düz deyirlərmiş – Ermənistan daşlar ölkəsidir. Bu şəkil də onun əyani sübutlarından biridir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR