Düşmən ölkədə VƏTƏNDAŞ MÜHARİBƏSİ ANONSU... - İrəvanda son düyünlər vurulur...

3-06-2021, 12:18 113 dəfə baxılıb

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təlatümlərə, böyük qarşıdurmalara yol açacağı proqnozları çoxalır. Bir sıra siyasi analitiklər, siyasətçilər hesab edir ki, seçki günü Nikol Paşinyanın əleyhinə mitinqlər başlayacaq, seçki məntəqələrində tərəflərin nümayəndələri arasında toqquşmalar yaşanacaq. Ölkə polisi Nikol Paşinyanın, ordu isə Robert Köçəryanın yanında yer alacaq. İrəvanın mərkəzi meydanları mitinqlərlə silkələnəcək. Təxribatlar baş verəcək, ən əsası isə vətəndaş toqquşması və hətta müharibəsi də istisna edilmir.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə hesab edir ki, ictimai-siyasi proseslərə, xüsusən də kütləvi xarakterli ictimai-siyasi proseslərə dəqiq proqnoz vermək çox çətindir. Çünki burada çoxlu obyektiv, subyektiv, daxili və xarici, sürətlə dəyişən çoxsaylı faktorlar olduğu üçün proqnoz verməkdən daha çox üstün meyllərdən danışmaq daha düzgün olardı. Ermənistanın yaxın gələcəyini görmək üçün iki qrup hadisələri izləməliyik. Ermənistan kiçik dövlət olduğu üçün ilk növbədə xarici faktorlara diqqət etmək lazımdır: "Birincisi, nəzərə almalıyıq ki, iyun ayı ərzində beynəlxalq müstəvidə bir sıra çox mühüm görüşlər keçiriləcək. Yeni dünya düzəni quruculuğu və geopolitik qarşıdurmanın həlledici fazaya daxil olduğu bir mərhələdə tərəflər öz siyasi qərarlarını vermək üzrə olacaqlar. İyunun 7-13-də Böyük 7-lərin Britaniyada sammiti keçiriləcək. Dünyanı idarə eləyən 7 dövlət Rusiya və Çin məsələsini müzakirə edəcək. Rusiya məsələsi müzakirə olunursa, onunla birlikdə postsovet məkanı və burada olan əsas böhranlar da müzakirə olunur. İkincisi, bu sammitin dərhal ardınca iyunun 14-də NATO-nun sammiti keçiriləcək. Burada Böyük 7-lərin qəbul etdiyi qərarlara baxılacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, həmin vaxtda Co Bayden-Rəcəb Tayyib Ərdoğan görüşü nəzərdə tutulur. Bu görüşdə də Azərbaycan və Ermənistan da daxil, regionda yaranmış yeni vəziyyət müzakirə olunacaq. İyunun 16-da isə Cenevrədə Vladimir Putin-Co Bayden görüşü nəzərdə tutulur. İyunun 18-də İranda, 20-də isə Ermənistanda seçkilər keçiriləcək. Dünya da, regionumuz da həlledici mərhələyə girib. Ermənistanda da bu proseslər yaxından izlənilir və proseslərin gedişatının, nəticələrinin Ermənistandakı seçkilərə təsirinin olacağı şübhəsizdir. Əgər Rusiya ilə sərt xətt tərəfdarı olanlar üstünlük qazanacaqlarsa - bu, ABŞ-a, Britaniyaya və Avropa Birliyinə aiddir - o zaman biz münasibətlərin daha da kəskinləşəcəyini görəcəyik. Yox, əgər Rusiya ilə müəyyən bir uzlaşma olacaqsa, heç olmasa münasibətlərin proqnozlaşdırılan olması haqqında və dialoq qapısının açıq saxlanması haqqında qərarlar veriləcəksə, bu zaman gözləmək olar ki, hadisələr Belarusda baş verən hadisələrə bənzər şəkildə inkişaf edəcək. Yəqin ki, Ermənitan tərəfi də, həm hakimiyyət, həm müxalifət bu prosesləri nəzərə alacaq”.

S.Əkbər qeyd etdi ki, Rusiyanın Ermənistandakı uzantıları-Robert Köçəryanın bloku var qüvvəsi ilə çox aqressiv seçki kampaniyası aparır. Bugünkü vəziyyət isə onu deməyə əsas verir ki, Nikol Paşinyanın bloku nə qədər səs itirsə də seçkidən yenə də birinci yeri tutan siyasi qüvvə olaraq çıxacaq. Qarşı tərəfin seçkinin nəticələri ilə razı olub-olmayacağı isə seçki günü şübhəsiz ki, bilinəcək: "Hələlik Paşinyanı müxalifət üstələyə bilmir. Polis, təhlükəsizlik qüvvələri Paşinyanı müdafiə edir. Orduya gəlincə, əslində bir müddət öncə Rusiya ordunun Paşinyana nə dərəcədə təsir edə biləcəyini sınaqdan çıxardı-ordunun Baş Qərargahı rəisi başda olmaqla, bütün hərbi komandanlıq Nikol Paşinyanın istefasını tələb etdi. Lakin bu da bir nəticə vermədi. Çünki küçə dəstəyi olmadı, yəni xalq həmin hərbçilərə dəstək vemədi. Nəticədə Rusiya prosesə kobud müdaxilə eləyə bilmədi. Paşinyanın arxasında ABŞ, Fransa kimi qüvvələr dayanır. Dediyim kimi, əgər beynəlxalq oyunçular arasında münasibətlər kəskinləşəcəksə, o zaman Ermənistanda seçki günü və sonrası qarşıdurma, küçə savaşına qədər inkişaf edən hadisələrin baş verəcəyini gözləmək olar. Yəni Rusiya son alətlərə əlini ata bilər. Hətta hərbi çevrilişə, qanlı hadisələrə şahidlik edə bilərik. Bu baxımdan Azərbaycan da prosesləri çox yaxından izləməlidir”. //musavat.com//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR