Nikol Paşinyanın manevrləri onu xilas edəcəkmi? - TƏHLİL

6-08-2021, 09:48 221 dəfə baxılıb

Ermənistan adlı oyuncaq ölkənin hətta onun üçün xilaskar missiyasından çıxış edənlərə qarşı hər an xəyanət edə biləcəyi bugünlərdə növbəti dəfə təsdiqləndi.

Avqustun 3-də Fransa prezidenti Emmanuel Makronun Nikol Paşinyanla telefon söhbətində erməni baş nazir "Bakını regionda sabitliyi pozmaq istəyində ittiham edərək, sərhəd boyunca KTMT müşahidəçilər missiyasının yerləşdirilməsi və bu mümkün olmadığı təqdirdə alternativ kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müşahidə missiyasının yaradılması təklifini təkrar edib. Diqqət etdinizsə, burada açıq-aşkar şantaj elementləri var. N.Paşinyan illərdir Azərbaycanla üz-üzə qoya bilmədiyi Rusiyanı və Kremlin yaratdığı ”Rus NATO"sunu - KTMT-ni daha bir cəhdlə bölgədəki gərginliyə qatmaq istəyir. Dərhal da qeyd edir ki, əgər bu, mümkün olmasa, o halda həmsədrlərin müşahidəçilərinin dəvət olunması gündəmə gələ bilər. Daha sonra erməni baş nazir qeyd edib ki, regional təşəbbüslər ATƏT-in Minsk Qrupunun həmsədri olan bütün ölkələr tərəfindən təsdiq edildiyi təqdirdə uğurlu ola bilər. Əslində bu, rəsmi İrəvanın yox, konkret halda Makronun planıdır. Fransa prezidenti bir neçə dəfə Ermənistana hər cür dəstək verməyə hazır olduğunu bəyan edib. Eyni zamanda ABŞ da çox istərdi ki, hansısa formada Ermənistan-Azərbaycan münasibətlərinin "tənzimlənməsi”ndə iştirak etsin. Paşinyan Rusiyanın qorxusundan açıq şəkildə həmin dövlətlərin adını çəkə bilmədiyi üçün "həmsədrlər” ifadəsindən yararlanır. Lakin həmsədrlərdən biri Rusiya həm Ermənistanda var, həm də sülhməramlı libasda Qarabağda. Bu məntiqlə N.Paşinyanın dilə gətirdiyi fikirlər faktiki olaraq Rusiyaya qarşı yönəlib.

Bu arada Ermənistanda KTMT-dən çıxması ilə bağlı çağırışların artması diqqət çəkib. Məsələn, Ermənistanın üç siyasi partiyası olan Mühafizəkarlar, Avropa və Suveren Ermənistan partiyalarının elə eyni gündə - avqustun 3-də yaydığı birgə bəyanatda deyilir ki, 44 günlük müharibə və sərhədlərdəki gərginlik KTMT-nin öhdəliklərini yerinə yetirməkdən yayındığını sübut edir. Erməni analitik Tevos Arşakyan isə "Ermənistanın ölü doğulmuş KTMT-ni tərk etməsi vaxtı çatıb” başlıqlı yazı dərc edib. Sitata diqqət edək: "Bu il sentyabrın 16 -da Ermənistanın KTMT-yə sədrliyi üzərinə götürəcəyinə baxmayaraq, Ermənistan cəmiyyətində Putin təşkilatının bu abreviaturu getdikcə daha çox nifrətə səbəb olur. Əgər 2016-cı ilin aprelinə qədər, 2020-ci ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinin Tavuşdakı təxribatından və daha çox 44 günlük müharibədən əvvəl bəzi sadəlövh vətəndaşlar blokun nizamnaməsindən və sadəcə, insani məntiqdən irəli gələrək KTMT-nin dərhal Ermənistan dövlətlərinin köməyinə gələcəyini gözləyirdilərsə, bu gün Ermənistanda bu təşkilatı yalnız tənbəllər söymür... Təbii ki, bu gün Ermənistan sərhədlərində vəziyyət qeyri-sabitdir və bizim rəsmilər əsas ”strateji müttəfiqimiz" Rusiyanı daha da qıcıqlandırmamaq üçün yarıölü KTMT haqqında sərt açıqlamalar verməkdən çəkinirlər. Ölkəmiz üçün tamamilə gərəksiz olan bu qurum digər təhlükəsizlik strukturlarından, NATO-ya üzv dövlətlərdən, xüsusən ABŞ və Fransadan maddi dəstək almaq üçün ciddi bir maneədir və bu cür dəstək ordumuzun XXI əsrin çağırışları ilə üzləşməsini təmin edə bilər".

Erməni politoloq KTMT-də üzvlüyün dayandırılmasından sonra "dərhal Ermənistan Respublikası üçün yeni bir təhlükəsizlik doktrinasının hazırlanması prosesinə başlanılmasını” istəyib. Göründüyü kimi, Ermənistanın yaxınlaşmaqda olan sədrliyi dönəmi ərəfəsində hakimiyyət yarıörtülü, erməni cəmiyyəti isə açıq şəkildə Rusiyanı KTMT-dən çıxmaqla təhdid edir. Bu siyasət Ermənistanı hara aparır? Rusiyaya bu cür "xox gəlmək”, təhdid etmək cəsarətini Ermənistana Qərbmi verir, sualı ortaya çıxır. Bu arada Paşinyanın həm də oyun oynadığı diqqət çəkir: təhlükəsizliyinin təmin olunmasını Rusiyadan gözləyir, Qərbdən maliyyə alır, eyni zamanda Qərbin düşməni İranla günbəgün yaxınlaşır. Baş nazir kimi ilk səfərini İrana etməsi də diqqətdən qaçmadı. Maraqlısı budur ki, bütün bunlar hər 3 cinah tərəfindən sakit qəbul olunur.

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirdi ki, ümumiyyətlə, bu problemlər bir neçə müddətdir yaşanır: "Yəni Qərbin Ermənistana marağını və buradakı nüfuzunu artırmaq cəhdi, KTMT üzvlüyü amilinin qabardılması , sülhməramlıların işinin öhdəsindən gəlməməsi məsələsinin gündəmə gətirilməsi məqsədyönlü şəkildə edilir. Baxmayaraq ki, bu il sentyabrın 16-da Ermənistanın KTMT-yə sədrliyi üzərinə götürəcək, sanki onlar bu hərbi blokun üzvü deyillər. Son hadisələrdə, delimitasiya və demarkasiya məsələsində də hiss edilirdi ki, Ermənistan ordusu həm məqsədli, həm də xaotik şəkildə atəşkəsin pozulmasından istifadə edir. Fransanın və ABŞ-ın, son vaxtlar İranın da səfirliklər səviyyəsində sərhəd bölgələrinə səfərləri marağın regional deyil, qlobal olmasından xəbər verir. Təbii ki, Qərb Minsk Qrupu çərçıvəsində özünün olmayan reputasiyasını bərpa etməyə çalışır, hansısa müşahidəçilərdən danışırlar. Heç şübhəsiz, Rusiya imkan verməz ki, o ərazilərə hansısa əlavə silahlı qüvvələr gəlsin. Bu, onun beynəlxalq imicinə ciddi zərbədir. İkincisi, Türkiyə və Ermənistan sərhədi NATO-Rusiya sərhədidir və bu da kifayət edir ki, məsələ Qərbsiz həll edilsin. Sadəcə, Qərb bunu istəmir ki, Türkiyə Rusiya və Azərbaycanla birlikdə problemləri çözsün”. A.Nağıyev əmindir ki, burada iqtisadi, hərbi və ən başlıcası siyasi maraqlar var: "Erməni tərəfi başa düşür ki, bu siyasi gedişatla heç vaxt Rusiyanı öz ərazisindən çıxara bilməyəcək və KTMT-nin üzvlüyünü qabartmaqla da heç nəyə nail ola bilməyəcək. Sadəcə olaraq, fikir ayrılıqları vasitəsilə yenə Qərbdən ianə və digər dividentlər əldə etməyə çalışırlar. Onlar fikirləşməlidirlər ki, ortada Şuşa Bəyannaməsi və üçtərəfli Azərbaycan-Türkiyə- Pakistan bəyannaməsi var. Ən başlıcası üç dövlətin imzaladığı 10 noyabr sazişi var və nəyin bahasına olursa-olsun bunlar yerinə yetirilməli və yetiriləcəkdir”.

Politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bağlı söylədikləri, ilk növbədə Rusiyaya qarşı yönəlmiş addımlardır. Ekspertin sözlərinə görə, rəsmi İrəvanın bu manipulyativ davranışlarını yumşaq təhdid kimi də dəyərləndirmək olar: "Bundan başqa, Paşinyanın Ermənistan-Azərbyacan sərhədinə KTMT müşahidəçilər missiyasının yerləşdirilməsi və bu mümkün olmadığı təqdirdə alternativ kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müşahidə missiyasının yaradılması təşəbbüslərinin bir neçə alt niyyəti var. KTMT-nin müşahidə missiyasının Ermənistan tərəfindən Azərbaycanla sərhədə yerləşdiriləcəyi təqdirdə, rəsmi İrəvan və onun bölgəyə cəlb etmək istədiyi qüvvələr təxribatlarını davam etdirəcək, rəsmi Bakı ilə KTMT-ni və təbii ki, bu təşkilatın dominant gücü olan Rusiyanı qarşı-qarşıya qoymağa çalışacaqlar. Bu, həm də KTMT ilə Türkiyəni qarşı-qarşıya gətirmək niyyətinə xidmət edəcək”. E.Mirzəbəylinin sözlərinə görə, 10 noyabr 2020-ci il bəyanatı faktiki olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu bir missiya olaraq, regiondakı proseslərdən kənarlaşdırıb: "Ermənistan çox yaxşı bilir ki, digər iki həmsədr - Fransa və ABŞ-ın bölgəyə qayıdışı Cənubi Qafqazdakı prosesləri, o cümlədən indiki şəraitdə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesini, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı məsələni regional kontekstdən çıxarıb beynəlxalq müstəviyə daşıyacaq. Bu isə Ermənistanın manevr imkanlarının məhdudlaşdırılması və Azərbaycan, Türkiyə və Rusiya arasında razılaşdırılmış və razılaşdırılması ehtimal olunan məsələləri daha mürəkkəb kombinasiyalar çərçivəsinə salmaq deməkdir. İndiki şəraitdə Azərbaycanın bir qütblə - Rusiya ilə bir çox məsələlərdə mövqelərini uzlaşdırmaq və ortaq razılığa gəlmək imkanı var, amma digər qütbün təmsilçilərinin bi prosesə qayıtması iştirakçıların sayını artıracaq ki, bu da bir çox məsələlərin uzlaşdırılmasına mane olacaq. Nəticədə Ermənistan öz öhdəliklərini yerinə yetirməmək üçün vaxt qazanacaq, Azərbaycan, Türkiyə və Rusiya isə ABŞ və Fransa ilə qarşı-qarşıya gəlməli olacaqlar”. Ermənistanın İranla münasibətlərinə gəldikdə, politoloq bildirdi ki, Qərb bu ölkəni öz maraqlarına təhlükə hesab etmir: "Çünki İran teokratik ölkədir və xristian Ermənistanın heç bir zaman İranın təsiri altına düşmək ehtimalı yoxdur və olmayacaq. İran-Ermənistan yaxınlaşması isə rəsmi İrəvan üçün nəfəslikdir və bu nəfəslik həm də Rusiyanın təzyiqlərindən sığortalanmaq xarakteri daşıyır. Qərb siyasətçiləri İranın Ermənistanla münasibətlərinin iki məqsədə xidmət etdiyini başa düşürlər: 1. Azərbaycan və Türkiyəyə qarşı cəbhədə yer alan Ermənistanın dəstəklənməsi bu iki ölkənin regionda güclənməsinə qarşıdır. İran bölgədə Azərbaycan və Türkiyəni özünə təhlükə gördüyü üçün Ermənistanı hərtərəfli müdafiə etməyə çalışır və bölgədə Rusiya ilə tarixi anlaşmalarının yaratdığı və hazırda sıradan çıxmaqda olan reallıqları mümkün qədər qoruyub saxlamağa cəhd göstərir. Yəni ”düşmənimin düşməni mənim dostumdur" prinsipindən çıxış edir". E.Mirzəbəyli burada digər bir məqamın olduğunu da vurğuladı: "İran Ermənistan, erməni diasporu və lobbisi vasitəsilə Qərblə münasibətlərini tənzimləmək, sanksiyaları yumşaltmaq istəyir. Bu məsələdə İran həm Ermənistanın, həm də Qərbin tərəfdaşıdır. Bu baxımdan, İranın əl-qolunun bağlanmasında Rusiya da maraqlı olmalıdır. Çünki Qərbin Ermənistan üçün alternativ kimi müəyyənləşdirdiyi İran-Ermənistan-Gürcüstan dəhlizinin gerçəkləşməsi son nəticədə regionda yeni konfiqurasiyanın yaranmasına xidmət edə bilər ki, bu, Azərbaycan və Türkiyənin dominant üstünlüyünün zədələnməsi deməkdir”.

Görünən budur ki, 44 günlük müharibədə ağır məğlubiyyətə uğramış Ermənistan Qərblə Rusiya arasında "vurnuxur”, hansısa nəticələr əldə etməyə çalışır. Ancaq onu da anlamamış deyil ki, Rusiyadan, Kremlin kurasiyasında olan təşkilatlardan imtinası, Qərbə üz tutması bütövlükdə Ermənistana baha başa gələ bilər. Bu mənada Paşinyanın manevrləri çətin ki, onun hakimiyyətini və ölkəsini xilas etsin, çünki Rusiya çətin bir daha onun oyunbazlığına göz yumsun. Avqustun 5-də sərhəd boyunca Azərbaycanın mövqelərinin və yaşayış məntəqələrinin atəşə tutulması faktı da Ermənistanın bölgədə yeni gərginlik ocağını yaratmaq və proseslərə həmsədrlərin müdaxilə imkanları qazandırmaq niyyətindən irəli gəlir. ABŞ prezidenti Co Baydenin N.Paşinyana təbrik məktubunda Azərbaycanla substantiv danışıqlara çağırış da Qərbin niyyətlərindən xəbər verir. Soruşan gərək, hansı substantiv danışıqlar? Azərbaycan on illərlər bu təklifi verdi, Ermənistan eşitmədi. İndi isə ortada kapitulyasiya sənədi var və şərtlər icra edilməlidir. Bu qədər sadə. Paşinyanın da anlaması lazım.
"Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR