ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir?

Bu gün, 06:15 6 dəfə baxılıb

ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir?


Bred Şerman Kapitoliyada keçirdiyi mətbuat konfransında yenə yalanları sıralayıb

Ermənipərəst ABŞ konqresmeni, Erməni Qrupunun həmsədri Bred Şerman Kapitoliyada keçirdiyi mətbuat konfransında anti-Azərbaycan isterikasına qapılıb.

Musavat.com news.am-a istinadən xəbər verir ki, konqresmen yenə də “100 mindən çox yerli erməninin minilliklər boyu əcdadlarının yaşadığı torpaqlardan zorla qovulması” yalanından danışıb.

Şerman iddia edib ki, guya Azərbaycan “Dağlıq Qarabağın demokratik yolla seçilmiş liderlərinin” qanunsuz olaraq həbsdə saxlayır. Konqresmen yalanlarını davam etdirirərək iddia edib ki, guya beynəlxalq insan haqları təşkilatları də erməni məhbusların “müntəzəm olaraq döyülməsi və işgəncələrə məruz qalmasını” təsdiq edib. Tam açıq məhkəmənin isə guya qapalı olduğunu iddia edən konqresmen onların bəzilərinə verilmiş “ömürlük həbs cəzasını” ədalətsiz hesab edib. “Amnesty International” haqlı olaraq bu məhkəmə prosesini ədalətin faciəsi adlandırdı”, - deyə Bred Şerman qeyd edib.

Konqresmen iddia edib ki, insan haqları fəalları tərəfindən azadlıq səviyyəsi 100 baldan cəmi 6 balla qiymətləndirilən Azərbaycanda hətta öz vətəndaşları belə ədalətli məhkəməyə ümid edə bilməzlər. Konqresmenin sözlərinə görə, ABŞ administrasiyası Bakıya təzyiq göstərmək üçün bütün mövcud vasitələrdən istifadə etməlidir. O, bildirib ki, saxlanılanların azad edilməsi üçün Vaşinqtondan qətiyyətli tədbirlər tələb edən xüsusi düzəliş hazırlayıb və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri ilə razılaşdırıb.

"Hazırkı ABŞ administrasiyası regionda sülhə nail olmağa çalışır. Lakin hər bir erməni əsiri və siyasi məhbus Azərbaycan həbsxanalarından azad edilənə və ailələrinə qayıtmaq imkanı verilənə qədər əsl və davamlı sülh olmayacaq", - deyə Bred Şerman sərsəm iddialarını yekunlaşdırıb.

Yada salaq ki, Azərbaycanın bir qrup QHT rəhbərləri, hüquq müdafiəçiləri ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə məktub ünvanlayıblar.
Məktubda konqresmen Brad Şermanın Ruben Vardanyan və digər müharibə cinayətkarlarının azad edilməsi, 907-ci düzəlişin qüvvədə saxlanması tələbi ilə bu Komitəyə təqdim etdiyi layihəyə kəskin etiraz edilir.

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri bildiriblər ki, Brad Şermanın azadlığa buraxılmasını tələb etdiyi şəxslər Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş, yüzminlərlə insanın köçkün vəziyyətinə düşməsinə səbəb olmuş, mülki infrastrukturun və mədəni irsin dağıdılmasında, soyqırımı, ekosid, urbisid və mədəni qırğın aktlarında birbaşa rol oynamış müharibə cinayətkarlarıdır. "Yerli qanunvericiliyə və beynəlxalq hüquqi alətlərə uyğun olaraq, Azərbaycanın tam ixtiyarı var ki, bu cinayətləri araşdırsın, günahkarları məhkum etsin", - deyə məktubda diqqətə çatdırılır.

Qeyd olunur ki, bununla bağlı məhkəmə prosesləri də açıq formada aparılıb, təqsirləndirilən şəxslərə zəruri hüquqi imkanlar yaradılıb.

"Azərbaycan ilə Ermənistanın davamlı sülhə və normallaşmaya doğru irəlilədiyi bir dövrdə bu müsbət impulsu sarsıdan təşəbbüslərin arxasındakı məntiqi anlamaq çətindir... Prezident Donald Tramp və onun administrasiyası Azərbaycanla Ermənistan arasında dialoqu və normallaşmanı dəstəkləsə də, Şermanın təşəbbüsü bu səylərə ziddir və əldə olunan irəliləyişin qarşısını almağa yönəlib. Ədalət, hesabatlılıq, barışıq və sülh birlikdə irəliləməlidir. Ədalət olmadan sülh, hesabatlılıq olmadan barışıq da ola bilməz", - deyə Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri vurğulayıblar.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR