ABŞ-nin Avropa üçün təhlükəsizlik zəmanətlərinin mövqeyinin zəifləməsi ehtimalı Fransanın nüvə silahının rolu ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Ekspertlər Fransanın müstəqil nüvə arsenalının Rusiya üçün effektiv çəkindirici amil ola biləcəyini və avropalı müttəfiqlərin müdafiəsini təmin edib-etməyəcəyini təhlil ediblər.
Bu barədə "The Economist" nəşri məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, bu müzakirələrə iki əsas faktor yeni təkan verib: ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü.
Avropa ölkələri Vaşinqtonun NATO üzrə müttəfiqlərinə verdiyi ənənəvi təhlükəsizlik zəmanətlərini azalda və ya hətta onlardan tamamilə imtina edə biləcəyi ssenarisini getdikcə daha çox nəzərdən keçirirlər. Bu təqdirdə, Fransa Avropa İttifaqında tam müstəqil nüvə arsenalına malik yeganə dövlət olaraq qalır.
Suüstü və sualtı raketləri üçün ABŞ texnologiyalarından istifadə edən Böyük Britaniyadan fərqli olaraq, Fransanın nüvə çəkindirmə qüvvələri tam şəkildə Parisin nəzarətindədir.
Fransa hansı nüvə imkanlarına malikdir?
Nəşrin qiymətləndirməsinə görə, Fransanın həm aviasiya, həm də atom sualtı qayıqları vasitəsilə tətbiq oluna bilən 300-ə yaxın nüvə döyüş başlığı var.
Lakin ölkənin quru bazalı raket şaxtaları yoxdur.
Bununla belə, belə bir arsenal ölkəyə düşmənin qəfil hücumundan sonra belə cavab zərbəsini təmin etməyə imkan verir ki, bu da Fransa nüvə çəkindirmə konsepsiyasının əsasını təşkil edir.
Eyni zamanda, Fransanın hərbi doktrinası dövlətin həyati vacib mənafeləri təhlükə altına düşəcəyi təqdirdə birdəfəlik qabaqlayıcı nüvə zərbəsinin endirilməsi imkanını nəzərdə tutur. Bunun məqsədi nüvə müharibəsi aparmaq deyil, düşməni çəkindirmək üçün gərginliyi artırmağa hazır olduğunu nümayiş etdirməkdir.
Bütün Avropanın müdafiəsi ilə bağlı şübhələr hardan yaranır?
Ekspertlərin qaldırdığı əsas suallardan biri Fransa prezidentinin digər Avropa dövlətlərini qorumaq naminə öz ölkəsini riskə atmağa hazır olub-olmayacağıdır.
Məqalədə vurğulanır ki, Fransa ABŞ ilə analoji olan strateji imkanlara malik deyil. Ehtimal olunan hərbi əməliyyatlar teatrından coğrafi baxımdan uzaqda yerləşən ABŞ-dən fərqli olaraq, Fransa miqyaslı nüvə münaqişəsi baş verəcəyi təqdirdə özü birbaşa təhlükə altında qalır.
Məhz buna görə də "Fransa nüvə çətiri" konsepsiyasının tənqidçiləri sual edirlər: Hər hansı bir Fransa prezidenti Berlin, Helsinki və ya Tallinin müdafiəsi uğrunda Parisin təhlükəsizliyini qurban verməyə razı olacaqmı?
Parisin mövqeyi necədir?
Fransız strateqlər cavab verirlər ki, Avropalı tərəfdaşların təhlükəsizliyi birbaşa Fransanın öz təhlükəsizliyi ilə bağlıdır. Onların fikrincə, coğrafi yaxınlıq və yüksək siyasi inteqrasiya səbəbindən Rusiyanın əsas müttəfiqlərdən birinə hücumu avtomatik olaraq Fransanın həyati mənafelərinə təhlükə yaradacaq.
Eyni zamanda, nəşr qeyd edir ki, Paris bu tərəfdaşlar dairəsinə hansı ölkələrin daxil olduğunu dəqiq müəyyənləşdirməkdən şüurlu şəkildə yayınır. Fransa hakimiyyəti yalnız öz həyati mənafelərinin "Avropa ölçüsü"ndən bəhs edir.
Ekspertlər hangi riskləri görürlər?
"The Economist" vurğulayır ki, hətta güclü arsenalın olması şəraitində də Fransanın "nüvə çətiri" bütün qitə üçün ABŞ-nin təhlükəsizlik zəmanətlərini tam şəkildə əvəz edə bilməyəcək.
Fransanın daxilindəki siyasi qeyri-müəyyənlik də ayrı bir sual doğurur. Nəşr diqqəti ona yönəldir ki, 2027-ci il prezident seçkilərindən sonra ölkədə xarici siyasət xətti dəyişə bilər. Xüsusilə, ehtimal olunan ssenarilər arasında partiyası dəfələrlə Avropa inteqrasiyasının ayrı-ayrı istiqamətlərinə tənqidi yanaşan Marin Le Penin qələbəsi də qeyd olunur.
Son zamanlar getdikcə daha çox Avropa dövləti öz ərazisində nüvə silahının yerləşdirilməsinə və ya Fransa ilə birlikdə bir növ "nüvə ittifaqı"nın yaradılmasına meyl edir.
Məsələn, Finlandiya prezidenti nüvə enerjisi haqqında qanuna dəyişiklikləri rəsmən imzalayıb. Bu addım NATO-nun müdafiə sisteminə inteqrasiya çərçivəsində ölkə ərazisinə nüvə silahının gətirilməsinə, tranzitində və saxlanılmasına son olaraq icazə verib.
Polşa və Fransa isə "nüvə çətiri" barədə konkret danışıqlara başlayıblar. Tərəflər xüsusi koordinasiya qrupunun ilk iclasını keçiriblər.
Həmçinin Berlin Fransanın strateji nüvə qüvvələrinin təlimlərində iştirak etməyə rəsmən razılıq verib. İndiyədək ölkələr ayrı-ayrılıqda hərəkət edirdilər, lakin indi vahid strateji xətt Aİ-də sabitliyi möhkəmləndirməlidir.
loading...