İstanbulun Silivri sahillərində Türkiyə bayrağı altında üzən iki kommersiya gəmisinin toqquşması nəticəsində bir gəminin 10 nəfərlik heyəti ilə əlaqə kəsilib.
Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə sentyabrın 2-də saat 03:00 radələrində Silivri sahillərindən təxminən 18 mil cənubda baş verib.
İstanbul Valiliyinin məlumatına görə, Kocaelidən Aliağaya doğru hərəkət edən Türkiyə bayraqlı “ALSU” adlı kommersiya gəmisi ilə İskəndərun limanından Karadəniz Ereğliyə gedən Türkiyə bayraqlı “TUĞBERK İMAMOĞLU” adlı gəmi toqquşub.
Hadisədən dərhal sonra əraziyə Türkiyənin Sahil Təhlükəsizlik və Sahil Mühafizə qüvvələrinin çoxsaylı dəniz vasitələri, həmçinin helikopterlər cəlb edilib.
İlkin araşdırmalar zamanı “ALSU” gəmisində gözlə görünən hər hansı zədənin olmadığı müəyyənləşdirilib. Lakin “TUĞBERK İMAMOĞLU” gəmisi və onun göyərtəsində olan 10 nəfərlik heyətlə əlaqə yaratmaq mümkün olmayıb.
Hazırda bölgədə havadan və dənizdən genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi və “TUĞBERK İMAMOĞLU” gəmisinin vəziyyəti ilə bağlı araşdırmalar davam etdirilir.
loading...