ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi

Bu gün, 10:00 13 dəfə baxılıb

ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi


ABŞ Konqresinin 101 üzvü Azərbaycana hərbi yardımın dayandırılması tələbi ilə dövlət katibi Marko Rubioya müraciət edib.

Oktyabrın 8-də erməni mediasında geniş yayılan müraciəti 26 senator və Nümayəndələr Palatasının 75 üzvü imzalayıb. Təşəbbüs ABŞ-də fəaliyyət göstərən erməni lobbisinin dəstəyi ilə irəli sürülüb.

Məktubun təşəbbüskarları senatorlar Qari Piters və Adam Şiff, konqresmenlər Qas Bilirakis və Frenk Pallonedir.

Konqresmenlər ABŞ administrasiyasının 1992-ci ildə qəbul edilmiş "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişi üzrə məhdudiyyətləri tətbiq etməmək qərarını tənqid ediblər.

Məktubda iddia olunur ki, Vaşinqtonun Azərbaycana hərbi yardım göstərilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırması Bakıda saxlanılan ermənilərin azadlığa buraxılmasına gətirib çıxarmayıb.

Müraciət müəllifləri həmçinin iddia edirlər ki, Azərbaycan Ordusu Ermənistanın 241 kvadratkilometrlik ərazisində mövqe saxlayır. Onlar Azərbaycan hərbçilərinin həmin ərazilərdən çıxarılmasını tələb edirlər.

Konqresmenlər Ermənistanın 2024-cü ilin mayında Azərbaycana dörd kəndi qaytardığını, lakin Bakının analoji addım atmadığını da irəli sürüblər.

Lakin bu çağırışları edən konqresmenlərə xatırlatmaq lazımdır ki, Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı dövrdə onların əksəriyyətinin bu miqyasda etirazı eşidilmirdi.

Ermənistanın işğalı nəticəsində Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, şəhər və kəndləri viran qoyulub, tarixi, dini və mədəni abidələri məhv edilib, yüz minlərlə insan doğma yurdundan didərgin salınıb.

Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilərdə işğal dövründə törədilən dağıntıların miqyası beynəlxalq ictimaiyyətə də məlumdur.

Bəs həmin konqresmenlər Azərbaycan torpaqları işğal altında saxlanılarkən, yaşayış məntəqələri talan edilərkən, məscidlər dağıdılarkən və azərbaycanlılar öz yurdlarına qayıda bilməyərkən niyə eyni qətiyyətlə çıxış etmirdilər?

İndi isə Ermənistanın ərazi bütövlüyü və sərhədləri məsələsi ön plana çəkilir.

Üstəlik, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesi hələ tam başa çatmayıb. Belə bir şəraitdə sərhəddəki bütün mübahisəli mövqelərin birtərəfli qaydada Ermənistan ərazisi kimi təqdim edilməsi obyektiv yanaşma sayıla bilməz.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sərhəd məsələləri qarşılıqlı razılaşmalar və beynəlxalq hüquq əsasında həll edilməlidir. Ermənistanın əvvəlki hərbi təxribatları və Azərbaycanın təhlükəsizlik narahatlıqları da bu prosesdə nəzərə alınmalıdır.

Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə, Azərbaycan ərazilərinin işğalı dövründə qəbul edilib. Bu məhdudiyyət uzun illər ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımına maneələr yaradıb.

Prezident Donald Tramp 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşdən sonra həmin məhdudiyyətlərin tətbiqini dayandırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR