Xocalı canisinin seçki ərəfəsi həbsinin pərdəarxası - TƏHLİL

10-12-2018, 19:37 349 dəfə baxılıb

Xocalı canisinin seçki ərəfəsi həbsinin pərdəarxası - TƏHLİL

Dekabrın 7-də Ermənistanın sabiq prezidenti, Xocalı hərbi canilərindən olan Robert Köçəryan yenidən həbs edildi. 2008-ci ilin 1 mart hadisələrinə görə ittiham olunan keçmiş prezidentin həbsi ciddi müzakirələr doğurub. Xüsusilə, Ermənistanda dekabrın 9-da keçirilən parlament seçkilərinə iki gün qalmış Rusiyanın sadiq adamı sayılan Köçəryanı Apelyasiya Məhkəməsinin dəmir barmaqlıqlar arxasına göndərməsi suallar yaradıb.

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin bu həbsi reallaşdırmasının Rusiyaya növbəti təhdid olduğu vurğulanır. Kremlin İrəvanda sağ əllərindən sayılan Köçəryanın həbsinə səssiz qalmayacağı ehtimal edilir. Sabiq prezidentin həbsini 9 dekabr seçkiləri ilə əlaqələndirənlər də var.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli “Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: “Bir həqiqət var ki, Köçəryan cinayətkardir. İstər Qarabağda, Xocalıda törətdiklərinə görə, istərsə də, 10 il əvvəl hakimiyyəti qəsb edərək, mitinq iştirakçılarını divan tutmasına görə olsun. Fərq etməz. Amma bir fərqli məsələ var ki, İrəvanda artıq cildini dəyişmiş komanda var. Və onlar illər əvvəl baş vermiş cinayət hadisələri ilə bağlı haqq-hesab tələb edirlər. Şübhə yoxdur ki, bu olayın predmeti cinayət hesab edilsə də, Köçəryanın həbsi, həm də məhz bu tarixdə saxlanılması əslində siyasi arenada Qərb-Rusiya savaşının kuliminasiya nöqtəsinə çatdığını göstərir. Üstəlik, iki gün əvvəl Rusiyada keçirilən MDB sammitinin müzakirəsi bitməmişdi. Ortada Rusiyadan Paşinyana ciddi təzyiqlərin olduğu, görüşdə onun şəxsinə qarşı qeyri-ciddi münasibət göstərildiyi faktı var. Bunların fonunda, bir çox açıq qalan sualların kökündə Rusiya Paşinyanı vassalı kimi qəbul edəcəkmi tərəddüdü dayanır.

O sualın cavabı artıq bəllidir. Pasinyan seçkiyə gedir - özü də Rusiyanın hədə-qorxusu qarşısında Kremlin İrəvandakı güclərinin başındakı adamını həbs etməklə. Bu həssas anda Köçəryanın həbsi sırf siyasi məqsəd daşıyır. Bəli, Pasinyan seçkilərin aşkar favoritidir. Amma o, martdan bəri bu seçkilərə hazırlaşırdı. Onun qarşısında Rusiya kimi ciddi problem var. Üstəlik, Pasinyan tək İrəvandakı rus ”mina"ları ilə yox, Dağlıq Qarabağdakı separatçılarla da üz-göz olub. Rusiyanın İrəvandakı əsas adamı, Putinin şəxsən himayəsindəki Köçəryan Pasinyandan narazı qüvvələrin əsas ilhamvericisi idi. Hətta plan belə idi ki, Pasinyandan narazı qüvvələr onunla bacarmasa, Qarabağdakı separatçılarla danışığa gedib, Nikolu “silkələsinlər”.

Sadəcə, olanlar deyir ki, Moskva “sinifdə qaldı”. Seçki keçiriləcək, Pasinyan qalib gələcək. Köçəryanın həbsi ilə seçki artıq başa çatıb. Biz dəqiq bilirik ki, meydandan kresloya gələn yolun “asfaltlanması”nı Qərb maliyyəsi, erməni lobbisi həyata keçirib. Onlar da İrəvandakı Rusiya nüfuzunu qəbul edə bilmirdilər. Sırf buna görə də keçmiş hakimiyyət dəfn edildi. Hətta Rusiya Pasinyanı Qarabağla bağlı təhdid etdiyi dövrdə - ötən ay Bako Saakyanın ABŞ, Fransa səfəri və daha sonra Moskvadakı görüşləri zamanı verilən mesajlar o demək idi ki, pul hər şeyi həll edir. Qarabağda da Pasinyan tərəfdarları qalib gələcək. Və əslində ən maraqlısı da bundan sonra başlayacaq: Rusiya Ermənistanda böyük iqtisadi, siyasi və hərbi gücə malikdir. Dağlıq Qarabağ separatçılarının əsas dəstəkçisidir. Ən nəhayət, güclü orduya və arsenala malik Azərbaycan amili var. İstənilən halda Pasinyanı Qərb dəstəkləsə də, xoş günlər gözləmir".
0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR