Bakıda bu təhlükə böyüyür - 5 müraciətdən 4-ü təsdiqlənir

Bu gün, 06:11 6 dəfə baxılıb

Bakıda bu təhlükə böyüyür - 5 müraciətdən 4-ü təsdiqlənir


Bakı və ətraf ərazilərdə ilanların sayı artıb. Sakinlərin sözlərinə görə, bu hal əsasən bağ massivləri və dənizkənarı zonalarda müşahidə olunur. Yaranmış vəziyyət insanlarda narahatlıq yaradır.

Problemlə bağlı “Yeni Sabah”a danışan serpentoloq və dezinfeksiya üzrə mütəxəssis Zeynal Naciyev bildirib ki, bu il ilanlarla bağlı müraciətlər əvvəlki illərlə müqayisədə daha erkən başlayıb:

“Müraciətlərin sayı da xeyli artıb. Əvvəlki illərdə belə zənglər əsasən, may ayının sonlarından gəlirdisə, bu il artıq mart ayından etibarən müraciətlər daxil olur.

Xüsusilə Mərdəkan, Şüvalan və Nardaran ərazisində ilana daha çox rast gəlinir. Halbuki əvvəllər bu ərazilərdə əsasən zəhərsiz növlər yaşayırdı. Bu il isə həm ilanların sayı artıb, həm də daha fərqli növlər görünür. Bunun səbəblərindən biri kimi bu il yağıntıların çox olması göstərilir, yağış suları ilanların yuvalarını dağıtdığı üçün onlar yaşayış yerlərinə daha çox çıxırlar.

Ümumilikdə, bu il sürünənlərin aktiv dövrü həm daha tez başlayıb, həm də saylarında artım var. Daxil olan hər 5 müraciətdən təxminən 4-də ilan faktı təsdiqlənir ki, bu da vəziyyətin əvvəlki illərlə müqayisədə daha ciddi olduğunu göstərir”

Serpentoloq bildirib ki, Azərbaycanda mövcud olan 28 sürünən növündən yalnız 6-sı zəhərlidir və ilanları ayırd etməyin ən sadə yolu göz bəbəyinə baxmaqdır:

“Azərbaycanda ümumilikdə 28 növ sürünən mövcuddur və onlardan yalnız 6-sı zəhərlidir. Qalan növlərin hamısı zəhərsizdir. Zəhərli və zəhərsiz ilanları ayırd etməyin ən sadə yollarından biri göz quruluşuna baxmaqdır: Göz bəbəyi şaquli (pişik gözü kimi) olan ilanlar zəhərli olur və uzun, iti zəhər dişləri ilə seçilir. Onların pulları daha kiçik və kobud, quyruqları isə qalın olub qəfil incəlir. Bundan əlavə, zəhər vəzisi mövcud olduğu üçün dişlədikdə təhlükə yaradırlar.

Zəhərsiz ilanlarda isə baş forması daha çox oval və ya yuvarlaq olur, boyundan kəskin seçilmir. Göz bəbəyi dairəvi olur və zəhər dişləri olmur, yalnız xırda dişlər müşahidə edilir. Pulları adətən daha böyük və hamar, quyruqları isə nazik və bərabər qalınlıqda davam edir. Zəhər vəzisi olmadığı üçün dişləmələri, əsasən, təhlükəli sayılmır.

Bu səbəbdən qarşılaşma zamanı ehtiyatlı olmaq və ilanı tanımağa çalışmaq vacibdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR