Moskvanın müəmmalı meyvə-tərəvəz qadağaları - siyasi təzyiq aləti, yoxsa....

7-07-2019, 13:12 267 dəfə baxılıb

Moskvanın müəmmalı meyvə-tərəvəz qadağaları - siyasi təzyiq aləti, yoxsa....

Rusiya tərəfindən tonlarla Azərbaycan pomidoru və gilası ilə dolu yük maşınlarının Dağıstandan geri qaytarılması günlərdir mətbuatda müzakirə olunur. Rusiyada müvafiq qurumlar bu məhsullarda zərərli maddələrin tapıldığı iddia ediblər. Məhsulun geri qaytarılaraq ölkəmizə daxil olması ilə bağlı da hər hansı məlumat yoxdur. Qonşu ölkə tərəfindən 119,095 ton pomidorun və 108,146 ton təzə gilasın idxalı bu məhsullarda güvə tapılması iddiası ilə qadağan olunub.

Qeyd edək ki, bu, aqrar məhsullarımızın ixracına qadağa qoyulması ilə bağlı ilk fakt deyil. Rusiyanın zaman-zaman atdığı oxşar addımlar da göstərir ki, ölkə bəzi hallarda bu amildən təzyiq vasitəsi kimi istifadə edir. Təkcə Azərbaycanla deyil, Türkiyə, Gürcüstan və bəzi başqa dövlətlərin məhsulları da siyasi təzyiq vasitəsi kimi ya məhv edilir, ya da ölkəyə buraxılmır.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu da “Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, Rusiya hansı dövləti əzmək , sıxmaq istəyirsə, adətən o ölkənin kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyur: “Bunu çox ölkəyə qarşı tətbiq edir. Gürcüstanla münasibəti pisləşən kimi ”Barjom"a və gürcü çaxırına qadağa gətirir. Eləcə də Azərbaycanla bağlı hər hansı siyasi məsələdə narazılıq varsa, yenə də bizim kənd təsərrüfatı məhsullarına qarşı belə qadağalar qoyulacaq. Necə olur ki, bu günə qədər Azərbaycan meyvə və tərəvəz məhsulları Rusiyaya daşınırdı, heç bir problem yaşanmırdı. Birdən-birə zərərli maddələr aşkar olunmağa başladı. Bu çox az inandırıcı iddiadır.

Görünür, siyasi mənada təzyiq etməyə çalışırlar. Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarında çox yaxşı satılır, bununla qazancımız artır. Rusiya bu yolla bizə göstərməyə çalışır ki, bütün alətlər onların əlindədir və istənilən vaxt qapıları bizim kənd təsərrüfatı məhsullarının üzünə bağlamaqla problem yarada bilərlər. Azərbaycan məhsulları ən keyfiyyətli mallar sayılır və illərdir Rusiya bazarında yüksək tələb formalaşdırıb".

İqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, Rusiya bu məsələdən təkcə Azərbaycana qarşı yox, bir çox dövlətlərə qarşı silah kimi istifadə edir: “Bu siyasət illərdir davam edir. Hətta Avropa ölkələri də bəzən bu siyahıya düşür və tez-tez problemlər yaşanmır. Hətta ən yaxın müttəfiqləri olan Belarusla da siyasi məsələlərdə anlaşma olmadıqda, həmən bu məsələdən istifadə edir. Belarus mallarının Rusiyaya girişinə müəyyən məhdudiyyətlər qoyur, Belarus hökumətini məcbur edir ki, hansısa məsələdə Rusiya hökumətinin diqtə etdiyi çözümlə razılaşsın. Bu siyasətin sonu yəqin ki, olmayacaq. Azərbaycan da dəfələrlə bu kimi hallarla qarşılaşıb. Ölkəmizin qeyri-neft ixracatında Rusiyadan təhlükəli dərəcədə asılılıq var. Bu çox təhlükəlidir və ciddi şəkildə ölkəmizin qeyri-neft ixracatı ilə bağlı təhdid yaradır. Çünki kənd təsərrüfatı məhsullarının ixracının böyük bir hissəsi Rusiyanın payına düşür. Bu da böyük bir asılılıq deməkdir. O baxımdan Rusiya zaman-zaman bu asılılıqdan effektiv istifadə etməyi bacarır”.

Ekspert vurğuladı ki, Azərbaycan Rusiyanın bu təzyiq alətini zərərsizləşdirmək üçün çoxçeşidli bazar modelinə nail olmalıdır: “Ona görə də hər nə qədər çoxçeşidli bazar modeli haqqında danışılsa da, hələ ki bu yöndə ciddi addımlar atılmayıb. Bunun institusional səbəbləri də var. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmamaqda israr etməsi ölkəmizin bir çox bazarlara açılışını ləngidir. Azərbaycan istehsalçıları da Rusiya bazarlarından daha çox sivil dünya bazarlarına çıxış əldə etmək üçün qaydaları indidən öyrənməlidirlər. Söhbət sertifikatlaşmadan, bəlli standartlara riayət etməkdən, məhsulun qablaşdırılmasından gedir. Azərbaycan istehsalçıları artıq bu təcrübəni çoxdan öyrənməli idilər ki, dünya bazarları, o cümlədən daha cəlbedici və bahalı bazar olan Avropa bazarlarına çıxış əldə etsinlər. Çox təəssüf ki, burada ciddi ləngimələr var, Ümumdünya Ticarət Təşkilatına üzv olmamaq Azərbaycana çoxşaxəli bazara keçidlə bağlı kifayət qədər əngəl yaradır”.

N.Cəfərli həmçinin bəzi yaxın qonşularla aqrar sektorla bağlı ticarət əlaqələrini inkişaf etdirməyin zəruri olduğunu vurğuladı: “Ancaq təkcə bu məsələ deyil, yaxın qonşularımızla belə kifayət qədər ciddi iş aparılmır. Ukrayna bizə çox yaxın bir ölkədir və çox böyük bazardır, kənd təsərrüfatı məhsullarına ən azı Rusiya qədər ehtiyacı var, Belarusla, Orta Asiya respublikaları olan Qazaxıstan, Tacikistanı da nəzərə alsaq, oraya da ixracat həyata keçirilə bilər. Qonşularla effektiv ticarət əlaqələrinin yaranmasında problemlər var. Bu məsələdə Türkiyə, İran, Gürcüstanın adını ona görə çəkmirəm ki, bu ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalı kifayət qədərdir, ixracatçı ölkələrdir. O baxımdan həmin ölkələrin bazarlarına daxil olmaq çətin məsələdir. Ona görə də bu ölkələri kənara qoyub, Orta Asiyaya, Belarusa indidən açılmaq mümkündür. Ancaq daha da yaxşısı Avropa bazarlarına açılmaqdır, bu 500 milyon nəfərlik bir bazardır. Rusiyadan da qat-qat sərfəli bazardır. Bu baxımdan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq məsələsini, sertifikatlaşdırma, qablaşdırma məsələlərini də həll edib Avropa bazarına üz tutmaq lazımdır ki, Rusiya bundan təzyiq vasitəsi kimi istifadə edə bilməsin”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR