Azərbaycan payıza nə ilə gedir: iqtisadiyyatda, ərzaq təchizatında vəziyyət...

4-09-2020, 13:24 439 dəfə baxılıb

Ekspertlər ümidverici danışırlar; “Artıq təhlükə arxada qalıb”
Dünya ağır koronavirus pandemiyası şəraitində yeddinci ayı yaşamaqdadır. Qlobal iqtisadiyyatın pandemiyanın yaratdığı iqtisadi böhrandan çıxma prosesi getdikcə sürətlənir. Xüsusilə dünyanın iki ən böyük iqtisadiyyatına malik ABŞ və Çinin böhrandan çıxma sürəti artır. Belə ki, bu həftə açıqlanan məlumatlar Çin və ABŞ-ın istehsal sektorunda işgüzar aktivliyin gözlənildiyindən daha böyük sürətlə artdığını göstərir. Çində bu aktivlik 2011-ci ilin yanvarından bəri ən yüksək həddə çatıb. ABŞ-da isə göstərici üzrə 2018-ci ilin noyabrından bəri ən yüksək artım nümayiş etdirib.
Qlobal iqtisadiyyatda bərpa prosesinin sürətlənməsi dünya xammal bazarlarında da müsbət təsirini göstərir. Belə ki, Azərbaycanın əsas gəlir mənbəyini təşkil edən neft bazarında qiymətlər stabil artım dinamikası nümayiş etdirməkdədir. Qlobal iqtisadiyyatdakı bərpa ilə yanaşı, neft bazarına təsir edən amillərdən biri də ABŞ-dakı neft və benzin ehtiyatlarının azalması prosesinin davam etməsidir. ABŞ Neft İnstitutunun bununla bağlı açıqladığı məlumatlar bazara dərhal təsir göstərib: dünən qiymətlər 4 faizə yaxın artıb.
“Goldman Sachs Group Inc.” ekspertləri hesab edirlər ki, koronavirusa qarşı peyvəndin gələn yaza qədər hazır olması ehtimalları getdikcə güclənir. Bu isə dünya neft bazarında 2020-ci ilin əvvəlinədək olan balansın daha tez bərpa olunacağını göstərir.
Bundan əlavə, “Bloomberg”in məlumatına görə, İrandan neft və kondensat ixracı ötən ay fevraldan bəri ən aşağı həddə düşüb. Səudiyyə Ərəbistanı elan etdiyi kimi, neft ixracını bir qədər artırsa da, Nigeriya və İraqın hasilatı azaltmaq öhdəliyi üzrə kəsirə görə ixracı azaltmaları bazarda balansın dəyişməsinə imkan verməyib. Son nəticədə OPEK+ ölkələri üzrə hasilatın avqustdakı artım planının yarısına əməl olunub.
Göründüyü kimi, bir sıra regionlarda koronavirusa yoluxma halları artsa da, payız dövründə pandemiyanın daha da kəskinləşəcəyi gözləntilərinə rəğmən, dünya iqtisadiyyatında bərpa prosesi sürətlənir. Dünyanın bir parçası olan Azərbaycan üçün bu proseslər nə vəd edir? Dünya neft bazarındakı mövcud vəziyyət ölkəmiz üçün nə qədər əlverişlidir? Payıza hansı şərtlərlə daxil oluruq?
İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, dünya neft bazarındakı hazırkı qiymətlər Azərbaycan üçün qənaətbəxşdir: “Neftin qiymətinin 40 dollardan yuxrı olması Azərbaycanın dövlət büdcəsinə gəlirlərin sabit daxil olmasına imkan verir. Amma ümumilikdə ölkənin gəlirlərinin həcmi baxımından neft qiymətlərindəki azalma, əlbəttə, bizim üçün əlverişli deyil. Bu azalmaya görə dövlət büdcəsinə dəyişiklik etdik, Dövlət Neft Fondundan büdcəyə transfertin həcmini artırmalı olduq. Amma necə deyərlər, buna da şükür. Çünki neftin apreldə müşahidə olunan aşağı qiymətləri may-iyun-iyul aylarında da davam etsəydi, problemlərimiz daha böyük olardı, devalvasiyaya getməkdən başqa yolumuz qalmazdı”.
Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz Heydərov yazır... » Sedanews.az
Pərviz Heydərov
Ekspertə görə, payız Azərbaycan üçün maliyyə-iqtisadi baxımdan sakit dövr olacaq: “Bunun əsas səbəbi, əlbəttə, dünya neft bazarında kəskin qiymət enməsinin gözlənilməməsidir. Düzdür, bizim büdcəmiz dəyişiklikdən sonra neftin 35 dollarlıq qiymətinə uyğunlaşdırılıb. Lakin qiymətin düşməsi gəlirlərimizin azalması, Neft Fondundan daha yüksək həcmdə vəsaitin götürülməsi demək olar. Bu baxımdan, neftin qiymətinin 40 dollardan aşağı düşməyəcəyi ehtimalının daha yüksək olması bizim üçün əlverişlidir. Düşünürəm ki, hökumətin bu payız əsas işi gələn il üçün inkişaf perspektivlərini müəyyənləşdirmək, büdcəni hazırlamaq olmalıdır. Xüsusilə də netin gələn il üçün büdcə qiymətinin 35 dollardan da aşağı səviyyə üzrə hesablanması lazımdır”.
“S&P Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyi hesab edir ki, ilin sonunadək qalan dövrdə Azərbaycanda dövlətin büdcə vəsaitlərinin idarə olunması da daxil olmaqla, makroiqtisadi sabitliyin təmin olunmasına fokuslanacağı gözlənilir. Eyni zamanda maliyyə sistemi nisbətən zəif olaraq qalır və hələ də bank sektoruna güclü təsir göstərən düzəliş mərhələsindədir.
S&P cuts US growth forecast again as virus spreads EJINSIGHT - ejinsight.com
Agentlik Azərbaycanın bank sektorunda sahə riskinin inkişaf tendensiyasını sabit kimi qiymətləndirir: “Biz bank sektorunun strukturunun dəyişməz qalacağını və aktivlərin yüksək konsentrasiyasını gözləyirik. Bank sisteminin əsas müştərilərin baza depozitlərinin nisbətən yüksək səviyyəsi ilə fərqləndiyinə və xarici maliyyələşdirilmə mənbələrindən əhəmiyyətli dərəcədə asılı olmamasına baxmayaraq, son illərdə manatın kəskin devalvasiyası xarici valyutada maliyyələşdirilmə payının bank müştərilərinin vəsaitlərinin 60 faizini üstələməsinə görə bankların valyuta aktivlərinin və öhdəliklərinin həcminin uzunmüddətli qeyri-balanssızlılığa gətirib çıxarıb”.
Pandemiyanın yaratdığı böhran bütün dünyada diqqətləri ərzaq təminatına yönəldib. Sərt karantin tədbirlərinin tətbiq olunduğu ilk aylarda beynəlxalq təşkilatlar bu tədbirlərin dünya ərzaq təchizatı zəncirində qırılmalara səbəb olacağından ehtiyatlanırdılar. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadənin fikrincə, artıq bu təhlükə arxada qalıb: “İlk aylarda həqiqətən belə gözləntilər vardı ki, dünya ərzaq təchizatı zəncirində qırılmalar, ayrı-ayrı regionların ərzaqla təchizatında problemlər yarana bilər. Lakin pandemiya şəraitində keçən 6-7 aylıq dövrdə beynəlxalq təchizat zəncirində hər hansı qırılma, fasilə yaranmadı. Yəni qlobal səviyyədə bu təhlükənin sovuşduğunu, dünya təchizatçılarının pandemiya şəraitində işləmək təcrübəsinin formalaşdığını söyləmək olar. Buna görə də hətta payızda koronavirusa yoluxma halları yenidən çoxalıb, karantin tədbirləri sərtləşdirilsə belə, aqrar məhsulların istehsalı, daşınması, çatdırılması sahəsində hansısa problemlərin yaranacağı gözlənilən deyil. Bu sahədə yeganə təhlükə dünyada tələbin azalması nəticəsində aqrar istehsalçıların problemlə üzləşməsi ola bilər. Bildiyiniz kimi, bir çox sahələrdə tələbin azalması fermerləri çətin vəziyyətdə qoyub. Bu çətinliklə bağlı dövlətlərin fermerlərə dəstək verməsinə ehtiyac var”.
Firdovsi Fikrətzadə: Bizim üzüm istehsalı potensialımız Gürcüstan və Moldovadan da böyükdür - Abc.az
Firdovsi Fikrətzadə
Azərbaycanın ərzaqla təchizatına gəlincə, F.Fikrətzadə bildirir ki, ölkə əsas ərzaq məhsullarının əksəriyyəti üzrə idxaldan cüzi asılıdır: “Ət, südlə 80-85 faiz özümüzü təchiz edirik. Bu iki məhsulun idxalındakı artım sırf sənaye istehsalı ilə bağlıdır. İdxal olunan ət və südün əksər hissəsi müxtəlif məhsulların istehsalına yönəldilir. Biz hələlik bu məhsullar üzrə sənaye istehsalının tələbini tam ödəyə bilmirik. Ölkəmizin əsas idxaldan asılı olduğu ərzaq məhsulu buğdadır. Bu kontekstdən dünya bazarındakı qiymətlər əlverişli həddədir. Dünyada buğda istehsalında artım var, buğda ilə təchizat sahəsində gözləntilər kifayət qədər müsbətdir. Buğdanı idxal etdiyimiz əsas ölkə Rusiyadır, orada da istehsal göstəriciləri yüksəkdir. Yəni daşıma və çatdırılmada problem gözlənilmir, bu isə o deməkdir ki, buğda təchizatında da hansısa problemimizin olacağı gözlənilən deyil”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-iyul aylarında Azərbaycana 884 milyon 74.37 min dollarlıq yeyinti məhsulları idxal olunub. Ötən ilin eyni dövründə isə bu məhsulların idxalı 856 milyon 233.43 min dollar təşkil etmişdi. Təxminən 3,1 faizlik artım qeydə alınıb.
Bu ilin ötən dövründə yeyinti məhsulları arasında 124 milyon 25,98 min dollarla meyvə-tərəvəz (ötən ilin eyni dövründə 113 milyon 60.34min dollar), 94 milyon 37,45 min dollarla buğda (145 milyon 789.02 min dollar), 90 milyon 240,43 min dollarla bitki və heyvan mənşəli yağlar və piylər (77 milyon 979,06 min dollar), 51 milyon 281,32 min dollarla ət (43 milyon 329.94 min dollar), 50 milyon 957,3 min dollarla kərə yağı və süddən hazırlanmış digər yağlar (37 milyon 304.89 min dollar) idxalı üstünlük təşkil edir.
Daxili istehsala gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında Azərbaycanda 4 milyard 919,6 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.
Kənd təsərrüfatı məhsulunun 2 milyard 468,7 milyon manatlığı bitkiçilik, 2 milyard 450,9 milyon manatlığı isə heyvandarlıq sahəsində istehsal olunub. Bu isə ötən ilin yeddi ayı ilə müqayisədə müvafiq olaraq 0,7 faiz və 3,2 faiz artım deməkdir.
Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Komitənin məlumatına görə, avqust ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2 milyon 894,2 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,8 sentner təşkil edib.
Yığım başlanandan sahələrdən 611,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,1 faiz çox kartof, 1075,1 min ton (6,3 faiz çox) tərəvəz, 363,2 min ton (3,8 faiz çox) bostan məhsulları, 263,5 min ton (8,0 faiz çox) meyvə və giləmeyvə, 7,5 min ton (32,1 faiz çox) üzüm, 603,0 ton (26,7 faiz çox) yaşıl çay yarpağı, 2,5 min ton (12,6 faiz az) günəbaxan, 15,3 min ton (2,8 dəfə çox) şəkər çuğunduru və 2,5 min ton (5,8 faiz çox) tütün yığılıb.
Heyvandarlığa gəlincə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 298,4 min ton, süd istehsalı 1,9 faiz artaraq 1242,0 min ton, yumurta istehsalı 7,0 faiz artaraq 1169,6 milyon ədəd və yun istehsalı 0,5 faiz artaraq 15,0 min ton olub./“Yeni Müsavat” /


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR