Dünya hələ kömür yandırır, amma qaza “naz atır” - ARAŞDIRMA

20-03-2021, 17:06 192 dəfə baxılıb

Dünya neft və qaz kimi ənənəvi enerji mənbələrindən yaşıl enerjiyə - bərpa olunan və ekoloji baxımdan təmiz olan enerji mənbələrinə sürətli keçid dövrünü yaşayır. Son onillik ərzində qlobal gündəmin əsas mövzularından biri olan bu proses gözlənildiyindən daha böyük sürətlə getməklə dünyada ənənəvi enerji mənbələrinin gələcəyini getdikcə daha da bulanıqlaşdırır. Lakin buna baxmayaraq, dünyada neft, xüsusilə də qaz ehtiyatları uğrunda amansız mübarizə gedir. Əgər yaşıl enerjiyə keçid neft-qazı arxa plana keçirib, yaxın onilliklərdə tamamilə səhnədən siləcəksə, bu mübarizənin anlamı nədir? Niyə dövlətlər qaz yataqlarına sahiblənmək üçün bu qədər canfəşanlıq edirlər? Yaşıl enerjiyə keçiddən sonra neft-qaz ehtiyatları necə olacaq, işlənmədən qalacaq?

Ötən il koronavirus pandemiyası dünyada neft-qazdan bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi istiqamətində müzakirələri gücləndirib. 2020-ci ildə neft-qaza olan qlobal tələbatın ən yüksək həddə azalması isə bu enerji mənbələrinin dövrünün başa çatma müddətinə dair çoxsaylı proqnozların verilməsinə gətirib çıxardı. Məsələn, Fransanın "Total” neft şirkətinin proqnozuna görə, neft-qaz istehlakı içindi olduğumuz onilliyin sonlarından etibarən sürətlə azalmağa başlayacaq. Böyük Britaniyanın bp şirkəti isə tələbin azalmasını 2040-cı ildən sonra gözləyir.

Hazırda dünya enerji balansının 85 faizini ənənəvi enerjidaşıyıcıları qarşılayır. İnkişaf etmiş Avropada bu, 75 faizdir. Bununla yanaşı, dünyada 1 milyard nəfərə yaxın insanın elektrik enerjisinə çıxışı yoxdur, 2,5 milyard nəfər isə yeməyi açıq ocaqda bişirir. Bu şəraitdə neft-qazdan istifadənin azalmasını bir çox ekspertlər real saymırlar. Onlar fikirlərini bununla əsaslandırırlar ki, bərpa olunan enerji mənbələrindən əldə edilən enerji çox bahadır, üstəlik, 10 ildən çoxdur bu enerji təbliğ olunur, amma 2020-ci ili nəzərə almasaq, neft istehlakı 13 faiz, qaz istehlakı isə 25 faiz artıb.

"Rystad Energy" şirkətinin qiymətləndirmələrinə görə, 2020-ci ildə qlobal qaz hasilatı əvvəlki illə müqayisədə 3,5 faiz - 3,918 milyard kubmetrə qədər azalıb. Halbuki neftdən fərqli olaraq pandemiya ilində dünyada qaza olan tələbat cəmi 2,5 faiz azalıb. Bu zaman qazın daha müasir forması - maye qaz istehsalı 5 faiz artmaqla 464 milyon tona çatıb. Təkcə ABŞ-da maye qaz (LPG) zavodlarının istehsal gücü 2020-ci ildə 71 milyon tona qədər artıb. Bu, 2019-cu ildəkindən 42 faiz yüksək göstəricidir. Ötən il dünyada LPG ticarəti 3 faiz artaraq363 milyon tona çatıb. Pandemiyaya baxmayaraq, Asiyada LPG istehlakı Çində artan tələbatın hesabına 4 faiz çoxalıb.

"Rystad Energy” ekspertlərinin proqnozlarına görə, 2040-cı ilədək təbii qaz hasilatı 2020-ci illə müqayisədə 24 faiz artacaq. Artım əsasən ABŞ, Rusiya və Yaxın Şərqin hesabına baş verəcək. Qaza olan illik qlobal tələbat əsasən Asiya ölkələrinin hesabına 24 faiz artaraq 4,867 milyard kubmetrə çatacaq.

Şirkət ekspertlərinin fikrincə, Avropa ölkələrinin ekoloji tələbləri sərtləşdirmək, bərpa olunan enerjidən istifadəni artırmaq yönlü siyasəti nəticəsində bu qitədə qaz istehlakı 2024-cü ildən etibarən azalmağa başlayacaq. 2040-cı ilədək burada qaz istehlakı 2020-ci illə müqayisədə 43 milyard kubmetr az olacaq.

Avropa Komissiyası isə daha nikbindir. Avropa Komissiyasının Enerji Baş Müdirliyinin nümayəndəsi Katarina Sikou-Manyi (Catharina Sikow-Magny) bildirir ki, 2050-ci il üçün Avropa İttifaqında (Aİ) 2015-ci illə müqayisədə təbii qazın istehlakı 66-71 faiz azalmalıdır. Onun sözlərinə görə, Aİ-nin enerji balansında qaz çox vacib rol oynayır, lakin gələcəkdə onun rolu dəyişməlidir. Belə ki, hazırda Aİ-nin enerji istehlakında qazın payı 25 faizə yaxındır: "Təmiz sıfır tullantılar strukturuna uyğun olaraq, 2015-ci ilin göstəricisi ilə müqayisədə 2050-ci il üçün qazdan istifadə 66-71 faiz azala bilər. Yəni biz baş verməli olan böyük bir dəyişiklikdən danışırıq”.

ABŞ-da hakimiyyətə gələn demokratların alternativ enerjiyə marağı nəticəsində burada da qaz istehlakının azalması gözlənilir.

2020-2040-cı illərdə dünyada LPG istehsalı zavodlarının gücünün 2 dəfəyə yaxın - 91 faiz artaraq 886 milyon tona çatacağı, lakin real istehsalın 79 faiz artmaqla 672 milyon ton olacağı proqnozlaşdırılır. Bu zaman Şimali Amerikada istehsal gücü 203 milyon tona çatacaq - əsasən ABŞ-da yeni zavodların işə salınması hesabına.

Qətər yenə də Yaxın Şərq ölkələri arasında əsas LPG istehsalçısı və ixracatçısı olaraq qalacaq. 2 trilyon kubmetr həcmində nəhəng qaz yataqları aşkarlanan Mozambik Afrikada ən böyük LPG istehsalçısına çevriləcək.

Artan LPG istehsalını demək olar ki, bütünlüklə Asiya ölkələri alacaqlar. Onlar bu məhsuldan elektrik enerjisi istehsalında getdikcə daha çox istifadə edirlər. Əsas LPG idxalçısı Çin olsa da, Hindistan, Pakistan, Banqladeş və Tailand kimi ölkələr də maye qazdan istifadəni genişləndirəcəklər.

"Rystad Energy”nin proqnozuna görə, dünyada idxal LPG-sinə tələbat 2040-cı ildə 736 milyon tona çatmaqla mümkün istehsal imkanından 64 milyon ton çox olacaq.

Rusiya boru qazında olduğu kimi, LPG ixracında da öz gücünü artırmaq planları qurmaqdadır. Lakin "Rystad Energy" bu planların reallaşması ehtimalını elə də yüksək qiymətləndirmir. Belə ki, bu ölkə LPG istehsalı zavodunun qurulması üçün istifadə olunan müasir texnologiyaları ABŞ və Avropa Birliyi sanksiyaları üzündən əldə edə bilməyəcək. Nəzərə alsaq ki, Co Bayden açıq şəkildə Rusiya prezidentini "qatil” adlandırıb, Vaşinqton Moskvaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə başlayıb, o zaman bu proqnozun reallıq əmsalının yüksək olduğunu görərik. Bu isə Rusiya hökumətinin LPG istehsalını 2035-ci ilədək 140 milyon tona çatdırmaq planlarının reallaşmayacağı deməkdir.

Hazırda gedən proseslərin təhlili göstərir ki, bir neçə onilliklər əvvəl - neft, ardınca daha ucuz başa gələn təbii qaz dünya enerji balansında payını artırmağa başlayanda kömürlə bağlı verilən proqnozlar indi bu iki məhsulla bağlı səsləndirilməkdədir. Ötən əsrin 80-90-cı illərində, 2000-ci illərin əvvəllərində bəşəriyyət kömürün enerji mənbəyi kimi tezliklə sıradan çıxacağını gözləyirdi. Bu gözləntilər son 10 ildə daha da güclənib. Bunun üçün əsas da var: bərpa olunan mənbələrdən enerji istehsalının maya dəyəri son 10 ildə 80 faiz aşağı düşüb. 2015-ci ildə iqlim dəyişikliklərinə dair imzalanmış Paris sazişinə qoşulan dövlətlər kömür istehlakını azaltmaq siyasəti yürüdürlər. Dünyanın 129 ən böyük maliyyə qurumu kömür istehsalına dair layihələri maliyyələşdirməkdən imtina edib, həmçinin bu sahədəki vəsaitlərini geri çəkiblər. Nəticədə 2019-cu ildə iki illik artımdan sonra dünyada kömürə olan illik tələbat 2,6 faiz azalıb. Buna elektrik enerjisi istehsalında daha ucuz başa gələn qazdan istifadəyə keçidin sürətlənməsi, bərpa olunan mənbələrdən istehsalın artması səbəb olub. Nəticədə Avropada kömür istehlakı 18 faiz (əsasən Almaniya, Polşa və İspaniyanın hesabına), ABŞ-da isə 12 faiz azalıb. Sonuncuda yalnız 2019-cu ildə illik istehsal gücü 14 geqavatt olan kömür əsaslı elektrik enerjisi stansiyaları bağlanıb.

Dünyada kömür istehlakının yarısına sahib olan Çində isə bu enerji mənbəyindən istifadə 2019-cu ildə 1 faiz artıb. Lakin bu ölkə də enerji istehsalında ağırlığı qaza vermək istiqamətində ciddi addımlar atır. Asiyanın ikinci böyük iqtisadiyyatına malik Hindistanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması nəticəsində kömür istehlakı 2019-cu ildə 3,4 faiz azalıb.

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, 2020-ci ildə dünyada kömürdən enerji istehsalı 5 faiz azalıb. Belə kəskin azalma axırıncı dəfə 2012-ci ildə qeydə akınıb. Bu azalmaya gətirən iki əsas faktor var: birincisi, qlobal iqtisadiyyatı gerilədən koronavirus pandemiyasıdır - nəticədə elektrik enerjisinə tələbat 20-ci əsrin ortalarından bəri ən yüksək həddə - 2 faiz aşağı düşüb. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildəki maliyyə böhranı zamanı bu göstərici cəmi 0,6 faiz olmuşdu.

Kömür enerjisinə tələbatı azaldan ikinci mühüm səbəb bərpa olunan yaşıl enerji güclərinin sürətlə artmasıdır. BEA-nın hesablamalarına əsasən, 2020-ci ildə yeni istifadəyə verilmiş bərpa olunan enerji mənbələrinin gücü rekord həcmdə - 200 geqavatt olub. Onların hesabına dünyada belə enerji istehsalı 7 faiz artacaq.

Bütün çabalara rəğmən, hazırda Asiya-Sakit okean ölkələrinin enerji balansında kömürün payı 47 faiz, Afrikada 22 faiz, MDB-də 14 faiz, Avropa Birliyində isı 13 faiz təşkil edir. Bu isə hələ yaxın 5-10 il ərzində də kömürün əsas enerji mənbələrindən biri olaraq qalacağı deməkdir.

Enerji məsələləri üzrə ekspert, "Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, neft-qazın taleyilə bağlı danışarkən yeni velosiped kəşf etməyə icad yoxdur: "Sadəcə, kömürün taleyinə baxmaq kifayətdir. Qaz XX əsrin 80-ci illərindən qlobal bazara ayaq açıb. Onun qiyməti XXI əsrin əvvəlində 50 dollar cıvarında idi. Düzdür, 10 ilə 350 dollara çata bildi, çünki bazarda ona tələbat getdikcə çoxalırdı. XXI əsrdə qaza tələbat artan xətlə inkişaf edəcək, ona görə də qaz resurslarına maraq belə güclüdür. Avropanın 2050-ci ilə tuşlanmış karbonsuz qaz siyasəti qaza tələbatı azaltmayacaq, çünki sadəcə qazın tərkibindəki 1 karbon molekulunu ayırmaq kifayətdir ki, hidrogenə malik olasan (CH4 - qazın formulu) və elə həmin qaz boruları ilə daha təmiz yanacağı nəql edəsən. Bunun üçün də qazın boruya vurulma məntəqəsində, sadəcə, bir emal müəssisəsi tikirsən və problem həllini tapır”.
"Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR