Yüksək inflyasiyadan necə yan keçdik? – Manatın dollara nəzərən sabit qalması...

6-04-2021, 11:03 177 dəfə baxılıb

Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının ucuzlaşması və dünyada əmtəə qiymətlərinin yüksəlməsi fonunda manatın məzənnəsinin sabit qalması ölkəmizdə daha yüksək inflyasiyanın qarşısını alıb.

Sfera.az birja məlumatlarına istinadən bildirir ki, bu il ərzində dünyada neft qiymətləri 25 faiz, qeyri-enerji qiymətləri 8,3 faiz, ərzaq qiymətləri 4,9 faiz artıb. Əsas əmtəələrdən ağac 16 faiz, alüminium 12 faiz, mis 14 faiz, ərzaq məhsullarından buğda 10 faiz, qarğıdalı 15 faiz, soya yağı 22 faiz bahalaşıb.
Əmtəə qiymətlərinin yüksəlməsi Azərbaycana idxal edilən malların eyni dinamika ilə bahalaşmasına əsas yaradırdı. Amma Azərbaycanın daha çox idxal həyata keçirdiyi ölkələrin milli valyutaları ABŞ dollarına nəzərən ucuzlaşdığından və bu dövrdə dollarla manat arasında olan məzənnə sabit qaldığından ölkəmizdə daha yüksək inflyasiyanı müşahidə etmədik.

Azərbaycan ən çox idxalı Rusiya, Türkiyə, Çin və avrozona ölkələrindən edir. Son bir ildə avro/manat kursu 5 faiz, rus rublu/manat kursu 3,5 faiz, lirə/manat kursu 13,5 faiz, çin yuanı/manat kursu 1,52 faiz düşüb. Əsas ticarət tərəfdaşlarımızın pulunun manatla müqayisədə ucuzlaşması ölkələrimizə idxal edilən malların daha çox bahalaşmasının qarşısını alıb.

Bu ilin yanvar-fevral ayları ərzində ölkəmizdə qiymətlər 4,2 faiz artıb. Ərzaq məhsulları 5,2 faiz, qeyri-ərzaq məhsulları 3,7 faiz bahalaşıb. Manat əsas ticarət tərəfdaşımız olan ölkələrdəki kimi ucuzlaşsaydı, o halda bahalaşma 10 faizə yüksələ bilərdi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR