44 günlük Vətən Müharibəsində Belarus hərbi sənayesi hansı silahlarla iştirak edib? - TƏHLİL

20-04-2021, 15:13 166 dəfə baxılıb

Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin təməli müstəqilliyimizin ilk illərində - 1993-cü ilin iyun ayının 10-da qoyulub. Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu və danışıqlar vasitəsi ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun tərkibinə Belarus da daxildir. 2000-ci illərin əvvəllərindən isə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq dimnamik templərlə inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin aprelin 14-də ölkəmizdə qeyri rəsmi səfərdə olan Belarus Prezidenti A.Lukaşenkonu qəbul etməsi və bu görüşdə səslənən bəyanatlar, yaxın perspektivdə hər iki ölkənin Qarabağın bərpası üçün bir çox sahələrə, o cümlədən ənənəvi olan müdafiə sənayesi sahəsinə xüsusi diqqət yönəldiləcəyini iddia etməyə əsas verir.

Ümumiyyətlə həm Azərbaycan, həm də Belarus çoxvektorlu siyasət yürütməyə üstünlük verir. Hər iki ölkə başçılarının keçirdiyi görüşlər şəxsi münasibətlərin səviyyəsini də aşkar nümayiş etdirir. Azərbaycan və Belarus beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və bir-birini bütün məsələlərdə dəstəkləyir. Ölkələr arasında mütəmadi olaraq sənədlər və müqavilələr imzalanır. Belarus daim BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyib. Eyni zamanda Azərbaycan da bütün platformalarda Minskin maraqlarını qoruyub.

Azərbaycanla 30 il münaqişə şəraitində olan Ermənistanla KTMT-də müttəfiq olmasına baxmayaraq Belarusun daim Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləməsi dövlətimiz və xalqımız üçün mühüm əhəmiyyət daşıyır.

Hərbi sahədə əməkdaşlıq

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir. Ənənəvi olaraq hər iki tərəf, ölkələrin paytaxtında keçirilən Beynəlxalq Müdafiə Sərgilərində geniş tərkibdə təmsil olunur. Minsk rəsmi Bakının ən böyük dördüncü silah ixracatçısıdır. Son illərdə hər iki ölkənin güc strujturları arasında silah və hərbi texnikaların təchizatı, müdafiə sənayesi, birgə istehsal, təmir, modernləşdirmə və hərbi təhsil sahələrində əməkdaşlıq daha qabarıq şəkildə diqqəti cəlb edir.

Vətən Müharibəsində Belarus amili

Belarusun müttəfiqi Ermənistanın etirazlarına baxmayaraq, Azərbaycana silah ixracını davam etdirməsi təqdirəlayiq haldır. Bu silah sistemləri Azərbaycan Ordusunun Qarabağın azad edilməsi istiqamətində həyata keçirdiyi döyüş əməliyyatlarında özünü müsbət tərəfdən göstərib. Son 10 ildə Belarusdan Azərbaycana çatdırılan silahlar siyahısına 10 ədəd "Polonez” YARS, 153 ədəd T-72 tankı, 12 ədəd özüyeriyən 2S7 "Pion” haubitsası, 120 ədəd D-30 və 26 ədəd 2A36 "Giatsin-B” haubitsaları, 60 ədəd BTR-70 zirehli personal daşıyıcısı, 11 ədəd "Su-25” hücum təyyarəsi, "Buk-MB” zenit raket kompleksinin 5 batareya dəsti, RLS-50 radiolokasiya stansiyası, R-934UM2 "Qroza” REM kompleksi, elektron-optik cihazlar, termal nişangahlar, "Redut” komanda-qərargah maşınları, 1B12 "Legion” atəşi idarəetmə sistemi, daşınan 7A0917 "Lektor” artilleriya atəşinin idarəetmə kompleksi, zirehli texnikaların təlim stimulyatorları və atıcı silahlar daxildir. Təchizatın bir hissəsi barədə açıq mətbuatda məlumatlar mövcud olmaya da bilər. Belarus sursat təchizatında da daim Azərbaycanın maraqlarını prioritet hesab edib.

İki tərəfdaş ölkə arasında hərbi-texniki əlaqələrinin möhkəmlənməsində "Belspetsvneştexnika” Dövlət Müəssisəsinin Azərbaycandakı nümayəndəliyi də mühüm əhəmiyyət daşıyır. Belarus hərbi sənayesinin tanınmış simaları olaraq Azərbaycanla əməkdaşlıq edən NPOO "OKB TSP”, "Aqat Sistem”, "Aqat İdarəetmə Sistemləri”, "Minsk Avtomobil Zavodu”, "Volat Avto”, "KB Radar”, "BelOMO”, "558 nömrəli Aviasiya Təmir Zavodu”, "2566 nömrəli Radioelektron Sistemlər Zavodu”, "Defense Initiatives” və "Tetraedr” şirkətləri Bakıda iki ildə bir dəfə keçirilən ADEX sərgilərinin daimi iştirakçılarındandır.

2007-ci ildə "Minsk Avtomobil Zavodu” ASC ilə "Gəncə Avtomobil Zavodu” ASC arasında imzalanan müqavilə çərçivəsində Gəncədə mülki avtomobillərlə yanaşı, MAZ-631705 "Pəhləvan” və MAZ-642208-232 dartıcı modelləri istehsal edilərək Azərbaycan ordusuna və digər tərəfdaş ölkələrə çatdırılır.
Belarus şirkətləri Azərbaycanda HHM komplekslərinin modenləşdirilməsində yaxından iştirak edib.

Belarus silahlarının Müharibədə tətbiqi

2018-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin Raket-Artilleriya Qoşunlarının silahlanmasına daxil olan NPOO "OKB TSP”istehsalı "Polonez” yaylım atəşli reaktiv sistem Ordumuz tərəfindən Vətən Müharibəsində ilk dəfə və uğurla istifadə edildi. Ermənistanın qeyri qanuni yolla əldə etdiyi "İskəndər-M” tətbiqi ilə rus silahının nüfuzuna ciddi zərbə endirdiyi halda, Azərbaycan Əsgəri Belarusun "Polonez” YARS-ını uğurla istifadə etməklə onu silah bazarına OTRK-lara alternativ sistem kimi təqdim edə bildi. Deməli, Belarus tərəfindən Azərbaycana "Polonez” sistemlərinin satışından Ermənistanın keçirdiyi narahatlıq heç də əsassız deyilmiş.

Azərbaycan HHM qoşunlarının Belarus tərəfindən modernləşdirilən "Buk-MB” ZRK ilə Ermənistanın Azərbaycana atdığı ən azı 2 ədəd "Skad” operativ taktiki raketini məhv etməsi də Minsk tərəfindən məmnuniyyətlə qarşılandığı heç kimdə şübhə doğurmur. Adətən bu tip məlumatlar ictimaiyyətə açıqlanmadığı üçün digər silahların uğurlu tətbiqi istisna edilmir.

Nəticə

Azərbaycan tərəfi post müharibə dövründə Belarus müəssisələrində istehsal edilən robot platformalara, onların minaların axtarılması üçün modernləşdirilən versiyalarına, müxtəlif radioelektron mübarizə sistemlərinə, Vətən Müharibəsində sərf etdiyi silah və sursatlara maraq göstərəcəyi istisna edilmir. Döyüşlərdə "ilk "Polonez” istifadəçisi adını” daşıyan Azərbaycan, raketin təkmilləşdirilən yeni uzaqmənzilli raketlərinin də potensial alıcısı ola bilər.

Belarusun digər silah sistemlərini də Vətən Müharibəsində uğurla tətbiq edərək onların nüfuzunun artmasında mühüm rol oynayan Azərbaycan, işğaldan azad edilən Qarabağ ərazisinin bərpa edilməsində digər tərəfdaşları kimi Minskin yaxından iştirak etməsində maraqlıdır. Qarabağ ərazisində müdafiə təyinatlı və ixrac potensialına malik birgə müəssisənin yaradılmasına müsbət yanaşılması gözləniləndir. Ümumiyyətlə, Azərbaycanın silah idxal etdiyi bütün ənənəvi tərəfdaşları üçün keçərli olan bu prosedura, Ermənistanda maksimum narahatlığı təmin edən universal formula hesab edilir. Bakı-Minsk əməkdaşlığından daim qısqanclıq hissi keçirən Ermənistan isə bundan sonra da oxşar layihələrdən narahatlıq keçirməyə hazır olmalıdır. Döyüşdə məğlub olan tərəf, masada güclü ola bilməz. Odur ki, İrəvan nəinki Hərbi Qənimətlər Parkında boş qalan erməni əsgərlərin dəbilqələrin nümayişinə, hətta müttəfiqləri tərəfindən təhqir və alçaldılmalara hazır olmalıdır. Bu isə ən azından keçmiş SSRİ-də mövcud olan digər seperatçı rejimlərin də gələcək fəaliyyətlərini bir daha nəzərdən keçirmələri üçün mühüm əhəmiyyət kəsb edə bilər.

Ədalət Verdiyev, Moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR