Bazarda od tutub yanan qiymətlər - VİDEO
Bayramqabağı artım nə alıcının, nə də satıcının ürəyincədir
Manatın üzən məzənnəyə keçməsi və dəyər itirməsi artıq bütün sahələrdə olduğu kimi meyvə-tərəvəz bazarındakı qiymətlərə də öz təsirini göstərib.
azinfo.tv ANS TV-yə istinadən xəbər verir ki, bayramqabağı olmasına baxmayaraq, qiymətlərin artması səbəbindən alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə aşağı düşüb.
Mövcud vəziyyət Yeni il öncəsi alverin artacağını düşünən satıcıları da təssüfləndirir.
Əsasən qiymət artımı xaricdən gətirilən mallarda nəzərə çarpır. Bu mallar qonşu ölkələrdən gətirilən sitrus meyvələri, kivi, banan və adətən bayramqabağı tələbatın çoxaldığı çərəz məhsullarıdır.
Türkiyədən gələn portağaldan başqa bazarda qiyməti artan digər məhsullar arasında kartof, soğan yumurta və digərləri var. Məsələn, əvvəl kilosu 75 qəpiyə satılan kartof indi 1 manata təklif olunur. Devalvasiyadan öncə 18 qəpiyə olan kənd yumurtası indi 22 qəpikdən satılır.
Yerli alma çeşidlərinin mövcud qiymətləri isə azı 20-50 qəpik arasında artıb. Yəni 50 qəpiyə olan alma 1 manata, 1 manata satılan isə 1 manat 50 qəpiyə qalxıb.
Alıcılar da bazarlarda qiymətlərin bahalığından şikayətlənirlər.
Devalvasiyanın təsirinin zəif hiss olunduğu məhsullar isə ət, toyuq, göy-göyərti, bal və satıcının öz bağından gətirdiyi meyvədir.
Ümumilikdə isə manatın devalvasiyasının bazara təsiri iqtisadi qanunauyğunluq çərçivəsindədir. Yəni məhsul yerli istehsal olsa belə istehsalçının ümumi xərcləri artdığı üçün o da qiyməti artırır.