Azərbaycanda iqtisadi rayonlar və Bakı şəhəri üzrə əhali proqnozları hazırlanıb- İlk dəfə

26-07-2018, 08:36 671 dəfə baxılıb

Azərbaycanda iqtisadi rayonlar və Bakı şəhəri üzrə əhali proqnozları hazırlanıb- İlk dəfə


BMT-nin Əhali Fondunun və Çexiyanın Karlov Universitetinin ekspertləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilk dəfə olaraq respublikanın iqtisadi rayonları və Bakı şəhəri üzrə əhali proqnozları hazırlanıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayevlə görüşdə bildirib ki, cari ildə bu proqnozların korrektirovkasının aparılması, nəticələr üzrə məlumat bazasının yaradılması və proqnoz məlumatlarının dərc olunması nəzərdə tutulur.

S.Babayev Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində müsbət vəziyyətin mövcud olduğunu vurğulayıb. O, bu sahədə ölkəmizdə təkmil əsaslara söykənən siyasətin hazırlanması və həyata keçirilməsində BMT-nin Əhali Fondu ilə ardıcıl və səmərəli əməkdaşlığın formalaşdığını qeyd edib. S.Babayev xüsusilə “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramının (2018-2030-cu illər)” layihəsinin hazırlanmasında, demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılmasında bu əməkdaşlığın önəmini diqqətə çatdırıb.

Nazir beynəlxalq ekspertlər cəlb olunmaqla ölkənin inkişafına təsir edən demoqrafik və sosial-iqtisadi amillərin qarşılıqlı əlaqələrinin öyrənilməsi üzrə kompleks tədqiqatların aparılmasının əhəmiyyətli olduğunu bildirib. S.Babayev bu il “Dayanıqlı İnkişafın təmin olunması üçün əhali haqqında demoqrafik göstəricilərin düzgün interpretasiyası və tətbiqi” mövzusunda ölkəmizdə təşkil olunacaq seminarda Karlov Universitetinin və Moskva Dövlət Universitetinin demoqrafiya üzrə ekspertlərinin cəlb olunmasına BMT Əhali Fondu tərəfindən dəstək verilməsinin məqsədəuyğun ola biləcəyini qeyd edib.

F.Babayev BMT-nin Əhali Fondunun demoqrafiya və əhali sakinliyi sahəsində ƏƏSMN ilə əməkdaşlığı genişləndirməkdə, birgə fəaliyyətin, o cümlədən əhali proqnozlarının hazırlanması üzrə işlərin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramının layihəsindən bəhs olunub, dövri olaraq ölkəmizdə demoqrafik proqnozların hazırlanması üçün mükəmməl proqnozlaşdırma metodologiyasının hazırlanmasının əhəmiyyəti vurğulanıb. Beynəlxalq ekspertlərlə birgə demoqrafik və sosial-iqtisadi amillərin qarşılıqlı əlaqələrinin öyrənilməsi, mövcud demoqrafik vəziyyətinin qiymətləndirilməsi və perspektiv inkişaf meyllərinin müəyyənləşdirilməsi üçün kompleks tədqiqatların aparılması müzakirə olunub.

Həmçinin, əhalinin yaş-cins strukturunda baş verən dəyişikliklərin makroiqtisadi inkişafa təsirlərinin araşdırılması məqsədilə Milli Transfer Hesabları layihəsinin tətbiqi, əhali sakinliyi və demoqrafiya sahəsində kadr potensialının inkişaf etdirilməsi və s. məsələlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR