Bankların faiz dirənişi: Kreditlərin ucuzlaşması təkrar gündəmdə - TƏHLİL

9-04-2019, 15:16 343 dəfə baxılıb

Bankların faiz dirənişi: Kreditlərin ucuzlaşması təkrar gündəmdə - TƏHLİL

Azərbaycanda bank faizlərinin yüksək olması bütün dövrlər üçün əsas narazılıq yaradan səbəb olub.

Xüsusilə də problemli kreditlərin yaranmasına əsas səbəb kimi məhz kredit faizlərinin yüksək olmasıdır.Qeyd edək ki, hazırda kommersiya bankları kreditləri 36 faizə qədər təklif edir.Bu baxımdan, bank faizlərinin aşağı salınması yenidən gündəmə gəlib.Məlumatlara görə, Azərbaycan Milli Məclisin 9 aprel tarixində keçiriləcək plenar iclasında ''Banklar haqqında'' qanuna dəyişiklik edilməsi məsələsi gündəliyə salınıb. Qeyd edək ki, bu məsələ ötən il də müzakirəyə çıxarılsa da, yekundan müzakirələr nəticəsiz yekunlaşmışdı.

Bəs, bu dəfə necə olacaq?''Banklar haqqında'' qanuna ediləcək dəyişikliklər nələri ehtiva edəcək?

Məsələni “Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı-alim Vüqar Bayramov bir çox qaranlıq qalan məqamlara aydınlıq gətirib:

“Faizlərin yüksək olması dəfələrlə ən yüksək səviyyədə deyilsə də, kommersiya bankları kredit faizlərini ciddi şəkildə aşağı salmaqda maraqlı görünmürlər. Əslində faizlərin yüksək olması bankları qısamüddəli gəlir gətirsə də, strateji baxımdan bankların maraqlarına uyğun deyil.Amma çox təəssüf ki, Azərbaycanda bankçılıq zəif inkişaf etdiyi üçün qısamüddətli gəlirlərə üstünlük verirlər, nəinki strateji yanaşmaya.Azərbaycanda kommersiya banklarının kredit portfeli 12 milyard manatdan bir qədər çoxdur.Eyni zamanda depozit portfeli isə 8 milyard manatdır.Bu isə, o deməkdir ki, Azərbaycanda depozit portfeli kredit portfelinin 65 faizini təşkil edir.Yəni, Azərbaycanda bankların verdiyi kreditin hər 100 manatının 65 manatı vətəndaşın özündən alınan depozitdir. Depozit və kredit faizlərini müqayisə etdikdə görürük ki, arada kəskin fərq var. Nəzərə alsaq ki, aparıcı banklar xarici valyuta depozitini 3 faizdən az ödəniş etməklə cəlb edir, amma kreditləri 14-16 faizlə təklif edirlər. Manatla isə depozitlər 7 faizlə qəbul edilir, amma manatla olan kredit faizləri 30 faizə qədər yüksəlir.Bu baxımdan böyük fərq yaranır.Banklar vətəndaşdan aldığı vəsaiti digərinə bəzi hallarda 6 dəfə çox faizlə verir.Bu da nə iqtisadi, nə də sosial baxımdan uyğun deyil.Ona görə də faizlərin tənzimlənməsi çox vacibdir.Təəssüf ki, banklar arasında rəqabət mühiti çox aşağı olduğu üçün faizlərin bazar qaydasında aşağı salınması mümkün olmadı.Ona görə də təbii ki, bazar prinsiplərini pozmadan kredit faizlərində limitlərin müəyyənləşdirilməsini məqbul hesab edirəm.Çünki banklar heç bir səbəb göstərmədən yüksək faizli kreditlər təklif edir ki, bu da həm bazar münasibətlərinə zərbə vurur, həm də vətəndaşların bahalı kredit alması ilə nəticələnir”.

Vüqar Bayramov vurğulayıb ki, yeni qaydalara əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) istehlak və mikrokreditlərə, o cümlədən komissiya haqlarına və bank xidmətlərinə maksimum limitləri müəyyənləşdirə biləcək:

“Əvvəl bu fəaliyyət Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilirdi. Amma hazırda banklara nəzarət edən qurum Palatadır və bunun da onlara verilməsi daha məqbuldur”.

V.Bayramov hesab edir ki, qaydalar təsdiq olunduqdan qısa müddət sonra faizlər aşağı düşməyəcək:

“Amma əgər effektiv şəkildə yeni qaydaların həyata keçirilməsinə başlanılarsa, 2019-cu ilin sonlarına doğru faizlərdə azalmaların olması mümkündür. Bunun üçün bir tərəfdən Palata limitlərin müəyyənləşdirilməsi ilə yanaşı həm də bankların sağlamlaşdırılması, likvididliyin artırılması, koorperativ idarəetmənin formalaşdırılması, bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində iş aparmalıdır. Əgər bunlar reallaşarsa, təbii ki, faizlərin aşağı düşməsini müşahidə edə bilərik.Amma qaydalar təsdiq olunduqdan qısa müddət sonra faizlərin aşağı düşməsi inandırıcı deyil.Bütün hallarda faizlərin aşağı salınmasına ehtiyac var. Çünki yüksək faizlər real sektorun inkişafına mane olan səbəbdir, vətəndaşların ödəmə qabiliyyətinin zəifləməsinə, problemlərin artmasına gətirib çıxarır.Bu baxımdan yeni qaydalar faizlərin tənzimlənməsi üçün imkanlar yaradır.İnanmaq istərdik ki, Palata bu imkandan faydalanaraq faizlərin aşağı salınmasına nail olacaq”.

Vüqar Bayramov yeni qaydaların tətbiqindən sonra kredit faizlərinin hansı səviyyədə müəyyənləşəcəyinə də toxunub. Onun sözlərinə görə, yeni qaydalarda maksimum faiz müəyyənləşəcək:

“Bu qaydalara əsasən bank faizləri 26-dan çox ola bilməz. Beynəlxalq təcrübədə bu üsul “faiz tavanı” adlandırılır.Hətta ABŞ-da müxtəlif dövrlərdə bu sistem tətbiq edilib.Digər ölkələrdə də bu təcrübə var. Dövlət müdaxilə edir və faizlərin tavanını müəyyənləşdirir.Banklar istəsə, bundan aşağı faizlə kredit təklif edə bilər, amma müəyyənləşən maksimum faizin üzərinə çıxa bilməz”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR