VPN niyə təhlükəlidir? – Mütəxəssisdən hökumətə ÇAĞIRIŞ

9-10-2020, 19:25 77 dəfə baxılıb

“Ölkədə internetə qoyulan məhdudiyyətə görə, istifadəçilərin böyük əksəriyyəti VPN-lərə müraciət edir. VPN-lərdən istifadədə isə ciddi risklər var. Bu həm adi vətəndaşlar, həm də milli təhlükəsizlik üçün risklidir”.

Bu sözləri “BakuPost”a "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib.

Onun sözlərinə görə, adi vətəndaş üçün risk ondan ibarətdir ki, VPN texnologiyası bir aralıq mərhələdir. Yəni, biz internetə qoşulmaq, kommunikasiya münasibətlərini qurmaq üçün aralıq bir şirkətdən istifadə edirik:

“VPN internetlə bağlantı yaradır və trafikimiz onun üzərindən keçir. Amma bu xidməti hansı şirkətin göstərdiyini bilmirik. Buna görə də, vətəndaşlarımızın məlumatları ələ keçirilə bilər. Bura bank əməliyyatları, kart məlumatları kimi önəmli detallar daxildir. Əslində həmin şirkət məlumatlardan özü də sui-istifadə edə bilər. Məsələn, Azərbaycanla bağlı elektron poçt bazasını götürüb iri bir şirkətə satar. Hansı ki, artıq dünyada belə şeylər gündəmdədir. Azərbaycanla bağlı 100 min adamın məlumatı kimdədirsə, o Azərbaycan ictimai rəyinə təsir edə bilər. Bu kimi risklər var. VPN üzərindən gedən internet trafikinə dövlətlər nəzarət etməkdə çətinlik çəkirlər. Bu isə artıq milli təhlükəsizlik məsələsidir. İndi Azərbaycanda müharibə gedir. Düşünürəm ki, informasiya ilə işləməyi bacaranların, media qurumlarının, ekspertlərin bu texnologiyalardan istifadə edib, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqları təqdir olunası haldır. Sadaladığım insanlar təhlükəsizliyi yetərincə bilən təbəqədir. Buna görə də internetdən istifadələrinin faydası daha çoxdur. Amma ikinci təbəqə insanlar da var ki, təhlükəsizliyi qoruya bilmirlər. Texnologiya ilə bağlı anlayışları zəifdir. Üstəlik, internet, sosial media onlar üçün elə də əhəmiyyətli deyil. Sadəcə nəyəsə baxmaq üçün girirlər. Hazırkı internet trafiki isə buna imkan verir. Girib xəbər saytlarına baxa bilərlər. Yəni onların VPN yükləməyi tövsiyə olunmur, buna ehtiyacları da yoxdur”.

O.Gündüzün fikrincə, riskləri azaltmaq üçün daha etibarlı VPN tapmaq lazımdır:

“Ödənişli xidmət göstərən VPN-lər etibarlı hesab olunur. Haqqında mənfi məlumatlar yayılan, ermənilər tərəfindən yaradılan VPN-lərdən mütləq uzaq durmaq lazımdır. Eyni zamanda, bununla bağlı mütəxəssislərin rəyini də öyrənmək olar”.

O.Gündüz “İndi hər kəs VPN-dən istifadə edir, sosial şəbəkələrə girir. Sizcə, bu məhdudiyyəti saxlamaq nə dərəcədə düzgündür” sualına isə cavab olaraq bildirdi ki, hər kəsin VPN-dən istifadə etdiyini düşünmür:

“Bu sualı çox verirlər. Amma fakt budur ki, hamı istifadə etmir. Ancaq aktiv təbəqə, media, ekspertlərlə işləyənlər, mütəxəssislər, ictimai fəallar və s. kimi xüsusi təbəqə istifadə edir. Ötən müharibələr göstərir ki, “Whatsapp” kimi platformalardan sui-istifadə halları çox idi. Minlərlə səslər paylaşıldı, mənasız yazışmalar yayılırdı. İndi onlar kifayət qədər məhdudlaşdırılıb. Ancaq indi beynəlxalq anti-Azərbaycan cəbhəsi var ki, bu durumdan istifadə edib, informasiya müharibəsində önə keçməyə çalışırlar. Bəzən üstünlük də qazanırlar. Buna görə də təklifim beynəlxalq ictimai rəyinə təsir edən resurslardan biri “Twitter”lə bağlıdır. Son dövrlərdə Prezident də bu şəbəkəni Azərbaycanda öz tvitləri ilə məşhurlaşdırıb. Düşünürəm ki, “Twitter”in üzərinə gəlmək, ölkədə populyarlaşdırmaq, onunla beynəlxalq ictimai rəyə təsir etmək Azərbaycan üçün daha doğru olardı. Bu baxımdan internetin məhdudlaşdırılması ilə bağlı qərar verən şəxslərin “Twitter”i istisna etməsi faydalı olardı”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR