Pablo Eskobar Ədliyyə nazirini maşınında necə güllələdi – Sui-qəsd

27-07-2020, 19:03 1038 dəfə baxılıb

Pablo Eskobar Ədliyyə nazirini maşınında necə güllələdi – Sui-qəsd


Rodriqo Lara Bonilya Kolumbiyanın Ədliyyə naziri vəzifəsinə təyin olunarkən, prezident Betaqurunun qarşısında tətənəli and içdi. And içdi ki, narkomafiyaya qarşı mübarizədə qüvvəsini əsirgəməyəcək.

Tezliklə Kolumbiya polisinin qəti və sürətli əməliyyatları nəticəsində kakain baronları Pablo Eskobara, Qansalo Rodrigesə, Karlos Lederə, Xorxe Oçoaya qüvvətli zərbələr dəydi. Bir-birinin ardınca onlarla laboratoriya, 100 kiloqramlarla hazır narkotik vasitə məhv edildi. Ələ keçirilən silahlarla ordunu silahlandırmaq, mafiozların təyyarələri ilə kiçik aviokompaniya yaratmaq olardı. Baronların xeyli əlaltıları və köməkçiləri həbs edilmişdi.



İmperiya təhlükədə



Əməliyyalar o qədər geniş vüsət aldı ki, Kolumbiyanın siyasi dairələri təşviş keçirməyə başladılar. Çünki sıravi mafiozların bankirlərlə, sənayeçilərlə, daha sonra konqres və hökumətlə əlaqəli olan işləri aşkara çıxırdı.

Qeyd etmək lazımdır ki, Cənubi Amerikada kakain baronların imperiyası həmin zaman hüdudsuz idi. İmperiyanın sərhədləri Boliviyadan Peruya, Panamaya, Kolumbiyaya, Kosta-Rika və ABŞ-dək uzanırdı. Ağ zəhərlə alver edən, qəddar narkobaronlarn qarşısını heç bir maneə ala bilmirdi.

Yuxarıda adlarını sadaladığımız 4 narkobaronun illik gəliri 15-20 milyard təşkil edirdi. Bu, həmin dövr üçün fantastik rəqəm sayılırdı. Sözsüz ki, bu pullarla onlar istədikləri hər şeyi - adaları, təyyarələri, polisləri, nazirləri ala bilirdilər. Belə bir qüvvə ilə mübarizə aparmaq üçün isə ən azı Rodriqo Lara kimi cəsarətli olmaq lazım idi.



Şantaj və onun nəticəsi



Təhlükəni hiss edən narkomafiya qanunpərəst naziri ələ almaq üçün çox sadə yola əl atır. Narkobaronlardan ən nüfuzlusu Pablo Eskobar Kolumbiya parlamentinin nümayəndəsi kimi rəsmi olaraq Laraya müraciət edir. Ona çox böyük məbləğdə rüşvət təklif edilir. Lakin söhbət zamanı nazirin “yumruqları qaşınır” və hörmətli deputat güclə yaxasını qurtarır.

Bundan sonra Eskobarın əlaltısı olan digər deputat Xayro Orteqo Ramires sensasion açıqlama ilə çıxış edir. Guya Lara narkomafiyadan 1 milyon peso məbləğində rüşvət alıb. Açıqlama güclü qalmaqala səbəb olur. Hətta Eskobarın ələ aldığı hakim Xulian Roxos Ədliyyə nazirinin rüşvət alması faktı ilə cinayət işi qaldırır. Hakimin iddiası tezliklə rədd edilir. Ancaq nazirin nüfuzu az da olsa aşağı düşür. Çoxları Laranın təmiz işləməsinə artıq şübhə ilə yanaşır.

O, öz avtoritetini saxlamaq üçün təhlükəli və riskli addım atır. Laranın rəhbərliyi ilə Kolumbiya tarixində ən böyük miqyaslı hərbi-polis əməliyyatı keçirir. İldə 300 ton təmiz kakain istehsal edən 19 gizli laboratoriya, 40 ton kakain məhv edilir. Mindən çox cinayətkar həbs edilir. Narkobaronlara dəyən ziyan 3 milyard dolları ötür.

Mafiozlara ard-arda zərbə vuran Lara milyonlarla kolumbiyalının gözündə qəhrəman kimi görünür.



Təhlükə



Nazir narkomafiyanın ona dikilmiş qəzəbli baxışlarını hiss edirdi. Bunu prezident də görürdü. Ona görə Laranı Kolumbiyadan bir müddət uzaqlaşdırmaq istədi. Bəyan etdi ki, onu Çexoslovakiyaya səfir təyin etmək istəyir. Heç kəs təəcüblənmədi. Lara mafiyaya elə zərbə vurmuşdu ki, onun burda qalması artıq həyatı üçün təhlükə yaradırdı.

Təzə vəzifəyə təyin olunmaq üçün konqres razılıq verməli idi. Lakin mafiyanın ələ aldığı deputatlar səsverməni hər dəfə süni surətdə uzadırdılar. Lara isə əvvəlkitək işləyirdi. İşə isə ən adi “mersedesl”lə gəlib-gedirdi. Lara gülləkeçirməz avtomobildən və jiletdən istifadə etməməklə mafiyadan qorxmadığını, hüquq sisteminin üstün olduğunu baronlara nümayiş etdirirdi.

Nəhayət, mafiya qərar verdi. Laranın məhv edilməsi ilə bağlı əməliyyatı öz üzərinə götürmüş Eskobar tezliklə 22 qatı cinayətkardan ibarət dəstə yaratdı. Dəstəyə birbaşa rəhbərliyi Eskobarın sağ əli Londonyo Veskel, texniki tərəfinə cavabdehliyi isə qatı cinayətkar Dias Kintana edirdi. Kintana 2 “Yamaha” motosikliti alır. 2 milyon pesoya isə Dario Alvares və Valeskas Arena adlı muzdlu qatilləri işə cəlb edir.



Sui-qəsd



1984-cü ilin 30 apreli. Həmin gün Lara nazirlikdən həmişəkindən daha gec çıxır. Nazirin ağ “mersedes”ini içərisində mühavizəçilər olan 2 “cip” müşayiət edirdi. Baqota rayonuna çatanda avtomobillər sağ tərəf yolla irəliləyən motosikletlərin yanından keçirlər. Hava tutqun və yağışlı olduğundan mühafizəçilər motosikletçilərin silahlı olduqlarını sezmirlər. Dario Alvares “mersedes”in arxa şüşəsinə 3 dəfə atəş açır. Nazir tez reaksiya verib arxa oturacağa yatır. 6 güllə onun qolunu, çiynini deşib keşsə də heç bir daxili orqanı zədələnməmişdi. Lakin fələyin hökmü ilə 7-ci güllə onun boynundan dəyir. Özlərinə gələn mühafizə cavab atəşi açır. Cinayətkarlar qumbara ataraq qaçmağa cəhd edirlər. Ancaq hirslərindən cilov gəmirən mühafizəçilərdən yaxa qurtarmaq əbəs idi. Güllə yarası almış Alvaresin motosikleti ağaca dəyərək parça-parça olur. Dariodan fərqli olaraq Velaskes Arena diri ələ keçir.

Sui-qəsddən dərhal sonra Eskobar həbs olunur. Oçoa istintaqa çağırılır. Lakin işi axıra çatdırmaq üçün yeni Lara lazım idi. İşi vicdanla yerinə yetirən 47 yaşlı hakim Tulio Manuel Kastro da öldürüldükdən sonra istintaq tamamilə dayanır. 1986-cı ilin iyununda Eskobar azadlığa buraxılır. Qəsdin iştirakçılarından ancaq Dias Kintana və Velaskes mühakimə olunurlar. Onlar isə heç kimi ələ vermirlər.

İstintaqa maraqlı olan diğər şübhəli Londonyo Vaskesin meyiti tapılır. Meyitin üstünə qatillər tərəfindən yazılmış kağızda “sən çox şey bilirdin” sözləri var idi.

Laranın qətlindən sonra prezident Betanqur narkomafiyaya qarşı “xaç yürüşü” başlatsa da, bu çox da böyük effekt vermədi.

O vaxtdan çox illər keçib. Eskobar da, iri baronlar da öldürülüblər. Laranı isə indiyənədək Kolumbiyada vicdanlı və cəsarətli hüquq işçisi kimi xatırlayırlar; öz ideyaları və vətini uğrunda güclü düşmənlə mübarizə aparmış insan kimi.

İlqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR