"Generallar da ön cəbhədə vuruşur” deyilməsi məsuliyyətsizlikdən başqa bir şey deyil

26-07-2020, 12:27 159 dəfə baxılıb

Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələr bütün dünyada müxtəlif formalarda rezonans yaradıb. Baş verən hadisələrə həmvətənlərimizin reaksiyası və məsələnin hüquqi-siyasi tərəfləri ilə bağlı konfilktoloq Elxan Mehdiyevin müsahibəsini təqdim edirik:


- Elxan bəy, son günlər dünyanın hər yerində azərbaycanlılar inanılmaz qətiyyət nümayiş etdirirlər. Baş verənləri izləmək imkanınız olubmu? Nə baş verir?


- Yer üzərində bütün azərbaycanlııar ayaqdadır. Bir çoxları erməni terrorçularının zorakılığı nəticəsində aldıqları ağır zədələrlə xəstəxanalardadır. Rusiyadakı vətənpərvər Azərbaycan iş adamları imkanlarını aşan səviyyədə Ermənistana iqtisadi zərbə vururlar. Hadisələr artıq fərqli istiqamətdə hərəkət edir. Bu digər tərəfdən sevindirici haldır. Vətən, torpaq üzərində birlik yaranarsa o dövlət yaşayar. Bizim bu günə düşməyimizin səbəbi elə milli şüur problemindən qaynaqlanır. Azərbaycan torpaqlarının 27 il işğalda qalması erməniləri o qədər arxayınlaşdırmış, şirnikləndirmiş və azğınlaşdırmış ki, artıq onlar Azərbaycanın hər hansı etirazını yerində boğmaq siyasətini yürüdürlər. Yeri gəlmişkən, əgər bu illər ərzində ermənilərin torpaqları Azərbaycanın işğalı altında qalsaydı, biz azərbaycanlılar həm Azərbaycanda və həm də dünyanın hər yerində erməni terror qruplarının daimi zorakılığının qurbanı olacaqdıq. Onlar bizlər kimi oturub həmsədrlərə dua etməyəcəkdilər...

Bütün bu son hadisələrin hamısı Tovuz döyüşləri kontekstində baş verir. Amma inanın və özünüz də müşahidə edirsiniz, soruşun, millətin bu cür küçələrə tökülməsi atışmalar və ya döyüşlərdən daha çox, general Həşimovun ölümü ilə əlaqədardır. Bilin ki, onun öldürülməsi hər bir azərbaycanlının ürəyini parçalamışdır. Və bu cür nifrət enerjisi və qətiyyət torpaqların işğalı ilə bağlı dözülməz vəziyyətlə bərabər, onun öldürülməsi ilə daha çox bağlıdır. Bu günə qədər torpaqlar də işğal olunub, 2016 - cı ilin aprel döyüşləri də olub, amma bu hadisə azərbaycanlıları dünyanın hər yerində sarsıtmış və birləşdirmişdir. İndi gəlin görək Azərbaycanda bununla bağlı nə edirlər. Mən bununla bağlı MN-nin bəyanatını və ya onun sözçülüyünü edən eksperlərin fikirlərini oxuduqda, sanki bu haqda danışmamaq siyasətinin yürüdüldüyünü müşahidə edirəm. MN general Həşimovun öldürülməsini adi sıravi əsgərlərin ölümü kimi statistikaya qatıb, bizim “generallar da ön cəbhədə vuruşur” deməsi, yumşaq desək məsuliyyətsizlikdən başqa bir şey deyil. Sağlam məntiq nazirliyin öz generalına sahib çıxmasını və hamıdan çox bu məsələni gündəmdə tutmasını deyərdi. Biz isə əksini görürük.


- Siz məlumat qıtlığını nəzərdə tutursunuz, yoxsa siyasi qiymət və ya başqa tədbirləri?


- Baxın, sərhədyanı atışma statusu daşıyan atəşkəs pozuntusu kontekstində Azərbaycan ordusunun generalı erməni qüvvələri tərəfindən Azərbaycan ərazisində qətl edilmişdir və bu günə qədər MN onun öldürülməsi ilə bağlı doğru – dürüst bir məlumat verməmişdir. Sanki bir postda duran sıravi əsgər həlak olmuşdur.

Erməni qüvvələri tərəfindən hava və radio-elektronik nəzarətdə olan sərhədyanı zonaya generalın və artilleriya komandirinin çox yaxın məsafəyə göndərilməsi indiki dönəmdə düşmən tərəfindən izlənilən hərbi-təhlükəsizlik mühitinə uyğun idimi? Generalın öldürülməsi ilə bağlı Müdafiə Nazirliyi daxilində nazirlikdaxili Komissiya yaradılıbmı? Burada mütləq və mütləq MN-nin rəhbərliyi daxili araşdırma apararaq bu suallara tezliklə cavab verməlidir.

Eynilə, Hərbi Prokurorluğun da davranışı təəccüb doğurur. Azərbaycan Hərbi Prokurorluğu General Həşimovun və onunla bərabər zabitlərin öldürülməsi ilə bağl cinayət işi qaldırıbmı? Qaldırılıbsa bu barədə niyə vaxtaşırı cəmiyyət məlumatlandılmır? Bu iş hər zaman deyildiyi kimi dövlət başçısının nəzarətindədirmi? Bu haqda heç bir məlumat yoxdur. Ümumiyyətlə isə bu məsələdə suallar çoxdur. Milli Məclis və onun Müdafiə və Təhlükəsizlik Komitəsi bu işlə maraqlanırmı? Bunu araşdırmalı Parlament Komissiyası yaradılıbmı? Yox.

O ki, qaldı başqa tədbirlərə, biz öncə də bu haqda danışmışıq. Azərbaycan Müdafiə Nazirliyinin ümdə vəzifəsi Qarabağa ayaq basan Ermənistan müdafiə nazirini və başqa hərbi komandirlərini hədəf almaqdır. Bu dəqiqə Serj Sarkisyan da Qarabağdadır və oradakı hərbi rəhbərliklə birgə ön xəttə də baş çəkmək fikrindədir.

Azərbaycan özünü dövlət kimi aparmalıdır. Onun generalı öldürülsürsə, o isə bununla bağlı heç bir araşdırma aparmırsa, o zaman o dövlət ciddiyə alınmaz. Düşmən Ermənistan burada özünü dövlət kimi aparmağa çalışır. O generalın öldürülməsi ilə bağlı heç nə danışmır, çünki törətdiyi işin məsuliyyətini bilir. O qarşı tərəfə öz niyyətlərini açıqlamır, gizli tutur. Əksinə, məsələn, erməni əsgəri atəşkəs xəttində öldürülürsə, Ermənistan hərbi istintaq idarəsi cinayət işi qaldırır, səbəblərini araşdırır və nəticə çıxarır.

Bu səbəbdən MN rəsmilərinin primitiv bəyanatları sosial mediada və əhali arasında məsuliyyətsiz adamların cinayət xarakterli demaqoqiyalarının yayılmasına səbəb olur. Əgər bu məsələlər aydınlığa çıxarılmasa,demək ki, o cür şayiələr də artacaq..

Azərbaycan xalqı general Həşimovun ölümünün açıqlanmasını istəyir. Onu erməni kəşfiyyatı izləmiş və qətl etmişdir. Müdafiə Nazirliyi isə ümumi söz olan “döyüşdə həlak olmuşdur” deməklə, ən başlıcası erməniləri məsuliyyətdən azad edir və həm də nazirlik daxilində bu işdə məsuliyyət daşıyanları sığortalamağa çalışır. Hansı döyüşdə? General əlinə silah alıb döyüşürdü? Bəs əsgərlər harda idi? Bu yalandır...Moderator


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR