“Azərbaycanda Türkiyə hərbi bazası yaradılsa, Moskva Bakını cavabdeh sayacaq”

10-09-2020, 11:16 273 dəfə baxılıb

Tovuz hadisələrindən sonra Azərbaycan-Türkiyə münasibətlərinin yaxşılaşması fonunda, ictimaiyyət arasında Türkiyə ilə hərbi-siyasi əməkdaşlığın genişlənməsi, Rusiyadan tamamilə uzaqlaşmaqla bağlı fikirlər hələ də öz aktuallığını qoruyub saxlayır. Üstəlik, təklif və tələblər var ki, Azərbaycanda Türkiyə hərbi bazası yaradılsın.

Lakin bəzi müşahidəçilər hesab edirlər ki, Türkiyə Rusiyaya qarşı bu cəsarətli davrana bilməz. Bu mövqeyi bölüşənlərin fikrincə, Ankara Moskva ilə açıq qarşıdurmaya getməz.

AYNA-nın mövzuya dair suallarını politoloq Şahin Cəfərli cavablandırıb:

- Şahin bəy, Türkiyənin Azərbaycanda hərbi baza açması ehtimalı və bunun reallaşması üçün xalqın istək və arzuları hələ də gündəmin əsas mövzularından biridir. Lakin o da məlumdur ki, faktiki olaraq hələlik heç bir real addım atılmayıb və bu səbəbdən “hisslərə qapılmamalıyıq” düşüncəsində olanlar var. Bu ehtimalı real hesab edirsinizmi?

- Hisslərə qapılmamaqla bağlı səslənən fikirlərlə mən də razıyam. Çünki bu məsələlər çox ciddi məsələlərdir. Yəni, Türkiyənin burada daimi hərbi baza yaratması Azərbaycan tərəfindən çox ciddi və strateji qərar tələb edən bir məsələdir. Lakin belə bir qərar verilsə, bu, Azərbaycanın əvvəlki balanslaşdırılmış siyasətdən imtina edərək tərəflərdən birini seçməsi anlamına gələcək. Düzdür, ölkə Prezidenti Azərbaycanın balanslı siyasət aparmadığını, milli maraqlara uyğun siyasət yürüdüldüyünü desə də, aydındır ki, bu günə qədər Azərbaycanın xarici siyasəti elə qurulmuşdu ki, rəqabət aparan iki güc arasında - Rusiya ilə Qərb arasında tarazlıq yaradırdı. Yəni, Azərbaycan tərəflərdən hansısa birini seçmir və əyilmirdi. Əksinə, ortada dayanırdı və hər iki tərəflə münasibətlərini maksimum dərəcədə yaxşı saxlamağa çalışırdı. İndi isə Azərbaycan öz ərazisində Türkiyənin daimi hərbi bazalarının yaradılması haqqında qərar qəbul edərsə, bu, Azərbaycanın balanslı siyasətdən imtina etdiyi mənasına gələcək. Düzdür, Türkiyə də tam olaraq Qərbi təmsil etmir, amma aydındır ki, Türkiyə NATO-nun üzvüdür və Türkiyə hərbi bazalarının Azərbaycanda yaradılması, həm də NATO dövlətinin Azərbaycanda hərbi bazalar yaratması deməkdir. Bu da artıq Azərbaycanla Rusiya arasındakı münasibətlərdə ciddi bir qırılmanın baş verməsi və Azərbaycanın Rusiyadan tamamilə qopması demək olacaq. Ona görə də belə bir qərarın qəbul edilməsi asan və sadə məsələ deyil.

- Ümumiyyətlə, Türkiyənin nüvə silahına sahib olan Rusiya ilə hərbi münaqişəyə girəcəyi nə qədər rasionaldır? Yaxud, Türkiyə cəmiyyəti belə bir addıma razı olarmı?

- Mən Türkiyənin Rusiya ilə açıq şəkildə toqquşmaya gedəcəyinə inanmıram. Yəni, Türkiyə Rusiya ilə toqquşma, yaxud müharibə etməkdə açıq şəkildə maraqlı deyil. Buna biz Suriyadakı hərbi əməliyyatlar zamanı da şahid olmuşduq. Belə ki, Türkiyə və Rusiyanın maraqları son bir neçə ildə Suriyada kəksin şəkildə toqquşdu və hətta, rəsmi səviyyədə elan olunmasa da, məlumatlara görə, Rusiya aviasiyasının bombardımanları nəticəsində 30-a yaxın türk əsgərləri şəhid olmuşdu. Hər iki tərəf bunu etiraf etməsə də, Türkiyə Suriya rejimini günahlandırdı, Rusiya isə səssiz qaldı. Elə bu faktın özü Türkiyənin açıq şəkildə Rusiya ilə qarşıdurmaya getmək istəmədiyini, yaxud buna hazır olmadığını sübut edir. Digər tərəfdən, hər iki tərəfin hərbi potensialını müqayisə etsək, yenə də Türkiyənin Rusiya ilə müharibə etməyə gücünün yetərli olmadığını görərik. Sizin də qeyd etdiyiniz kimi, Rusiya həm nüvə silahına malikdir, həm də Rusiya Silahlı Qüvvələrinin bəzi komponentləri Türkiyə ilə müqayisədə çox güclüdür. Ona görə də Türkiyə heç vaxt açıq qarşıdurmaya getməz.

Sadəcə, söhbət ondan gedir ki, istər Yaxın Şərqdə, istər Qara dənizdə, istər Cənubi Qafqazda Türkiyə ilə Rusiyanın maraqları toqquşur və Türkiyə də hal-hazırda çox aktiv xarici siyasət yeridir. Keçmiş Osmanlının təsir dairəsində olan bölgələrdə müasir Türkiyənin təsirini yenidən bərpa etməyə çalışır. Bu bölgələrdən biri də Qafqazdır. Türkiyə təbii ki, bizim regionda da nüfuzunu artırmağa çalışır. Mən düşünürəm ki, Türkiyə Azərbaycanda daimi hərbi baza yaratmaqda maraqlıdır və belə bir qərar Türkiyə ilə Rusiya arasında birbaşa müharibəyə də gətirib çıxarmayacaq. Amma belə bir qərarın qəbul olunacağı təqdirdə, Rusiya əsas cavabdeh tərəf kimi Azərbaycanı görəcək. Hansısa əks addımlar atmaq istəyəndə də bunu Azərbaycana qarşı edəcək. Yəni, nə Türkiyə ictimaiyyəti, nə də siyasi rəhbərliyi Rusiya ilə müharibədə maraqlıdır.

- Yeri gəlmişkən, gedişata baxanda da görmək olur ki, Qarabağ münaqişəsinin həllində Türkiyənin rolunun artmasını arzulayan böyük kütlə var. Hətta, bu yaxınlarda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan açıqlama verdi ki, “Ermənistan Azərbaycanla yox, Türkiyə ilə danışmalıdır. Çünki Türkiyəyə layiqli cavab verilsə, bu, həm də Azərbayacana cavab olacaq”. Bəs, hər iki tərəf açıq toqquşmaya getmək istəmirsə, Ermənistan rəsmisinin birbaşa Türkiyəni ittiham etməsini nə ilə əlaqələndirmək olar?

- Ermənsitan belə hesab edir ki, Türkiyə Azərbaycanın arxasında dayanmasa, Azərbaycan daha üzüyola və istənilən sülh müqaviləsini imzalamağa daha meyilli olar. Onlar hesab edirlər ki, Azərbaycanı cəsarətləndirən Türkiyədir. Halbuki, mən bununla razı deyiləm və Türkiyənin dəstəyi olmasa belə, Azərbaycan Qarabağ məsələsində heç vaxt güzəştə getməz. Təbii ki, ermənilər öz düşüncələri nöqteyi-nəzərindən belə hesab edirlər ki, Rusiyanın əli ilə Türkiyəni uzaqlaşdırsalar, Azərbaycana daha asanlıqla ermənilərin maraqlarına uyğun sülh müqaviləsi qəbul etdirə bilərlər. Amma mən düşünürəm ki, Azərbaycan dövləti də, xalqı da heç vaxt bu təslimiyyəti qəbul etməz.

- Az əvvəl Türkiyə və Rusiyanın bir çox bölgələrdə maraqlarının toqquşduğunu vurğuladınız. Bəzi iddialara görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyəyə o şərtlə güzəştə gedə bilər ki, Türkiyə də Yaxın Şərqdə Rusiyaya güzəştə getsin. Yaxud da əksinə - Türkiyə Dağlıq Qarabağ münaqişəsində Rusiyaya o şərtlə mane olmaz ki, qarşılığında Rusiya Yaxın Şərqdə Türkiyəyə güzəştə getsin. Bu iddiaları nə qədər mümkün hesab edirsiniz?

- Mən buna inanmıram. Çünki Rusiyanın Qafqazdakı maraqları bir neçə gün əvvəl başlayan maraqlar deyil. Rusiyanın iki yüz ildən çoxdur ki, Qafqazda nüfuzu və maraqları davam edir. Yəni, Rusiya hansısa regionda üstünlük qazanmaq üçün Qafqazdan imtina etməz. Çünki Qafqaz bilavəsitə Rusiyanın cənub-qərb sərhədləridir. Rusiya isə öz sərhədlərindən - hansı ki, bunu “yaxın xaric” adlandırır - heç bir vəchlə imtina etməz və edə də bilməz. Eyni zamanda, mən Türkiyənin də Yaxın Şərqdə üstünlük qazansın deyə, Azərbaycanı satacağına inanmıram. Yəni, Türkiyə Yaxın Şərqdə üstünlük qazanmaq naminə Azərbaycanı alver predmetinə çevirməz.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR