“Yaralı əsgərimin başını qatmaq üçün dedim ki, get gözümü axtar, tapsan, özümlə aparacam”

19-12-2020, 09:05 179 dəfə baxılıb

Vətən müharibəsinin qəhrəman döyüşçülərindən biri də gizir Hacı Vəliyevdir. H.Vəliyev keçdiyi döyüş yoluyla bağlı Moderator.az-a danışıb:

“Mən 1990-cı ildə Tovuz rayonunda anadan olmuşam. 2012-ci ildə Silahlı Qüvvələrdə xidmət edirdim. Mən əvvəl kəşfiyyat tağımının snayperçisi olmuşam. Daha sonra xüsusi əməliyyatda olmuşam və Tovuz döyüşlərindən sonra isə Füzuliyə gəlib orda təlimlər keçmişik. 2016-cı il Şanlı aprel döyüşlərində də iştirak etmişəm. Onda da Tovuz istiqamətində döyüşürdüm”.

“Oktyabrın 2-də isə mən yaralandım...”

“27 sentyabrda düşmən mövqelərimizi atəşə tutdu və biz də onda Füzuli istiqamətində əks-hücum əməliyyatı keçirdik. Oktyabrın 2-də isə mən yaralandım və Bakıya hospitala gətirildim. Daha sonra geri qayıdaraq Xocavənd istiqamətində döyüşmüşəm və mən döyüşə gedəndən bir neçə gün sonra düşmən təslim oldu və bildiyiniz kimi kapitulyasiya aktını imzaladı”.

“Hadisədən sonra fikirləşirdim ki, gözümün ikisi də yoxdur...”

“Düşmən minaatandan mövqeyimizi atəşə tutdu. Mərminin biri əsgərimiz Mövsümov Ayxanın yanına düşdü və dirsəkdən aşağı qolunu apardı. İkinci dəfə isə yenə minaatan mənim yanıma düşdü və mən də sifətimdən və sağ gözümdən qəlpə yaraları aldım. Hadisədən sonra fikirləşirdim ki, gözümün ikisi də yoxdur. Onda gördüm ki, qolunu itirən əsgərim ağrılardan canını qoymağa yer tapmır. Onun başını qatmaq üçün dedim ki, ərazidən gözümü axtar gör tapsan, ver özümlə aparacam. Bununla bir saat onun başını qatdım və daha sonra bizi gəlib ərazidən çıxardılar”.

“Bəlkə də mən orda qalsaydım, gözümü çıxarardılar...”

“Qolumda qəlpə var idi, onu həkimlər çıxardılar. Gözüm bir dəfə əməliyyat olundu. Onda sağ gözüm 15 faiz görürdü. Onda komandir məni qoymadı döyüşəm. Bəlkə də mən orda qalsaydım, gözümü çıxarardılar. Sənədimdə yazılmışdı ki, ikinci dəfə də əməliyyat olunmalıdır. Geri qayıdandan sonra gördüm ki, gözümdən qan gəlir və “Bona Dea” hospitalında həkim Anar Rəhimova müraciət etdim. A.Rəhimov kifayət qədər yaralı hərbçini müharibə dövründə pulsuz əməliyyat edib. Sağ olsun Anar həkim, mənim gözümü saxlaya bildi. Dedi ki, yaxşı ki, gecikdirməmisən yoxsa, gözün çıxa bilərdi. Hazırda gözüm görmür. Hərbidən tərxis olunsam da, geri qayıdıb işləmək istəyirəm. Burda qala bilmirəm”.

“Biz döyüşəndə söz vermişdik ki, son nəfəsimizə qədər erməni suyunu içməyəcəyik...”

“Döyüşdə maraqlı əməliyyatlarımız çox olub. Biz birinci eşalondan ikinci eşalona keçəndə düşməni aldadıb pusquya salmışdıq. Onda onları erməni dilində çağırıb aldatdıq. Lələ təpə istiqamətində qaçan erməni əsgərini də aldadıb zərərsizləşdirdik. İlk dəfə ön xətti yaranda həbçilərimizin çoxu namaz qılanlar idi. Onların çoxu kəlmeyi-şəhadətini bilirdi. Amma bilməyənlərə isə deyirdim ki, Allahu-əkbər deyərsiniz. Biz döyüşəndə söz vermişdik ki, son nəfəsimizə qədər erməni suyunu içməyəcəyik. Biz təlim keçəndə də buna söz vermişdik”.

Vasif Əlihüseyn


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR