“Ermənistanın işğalçı siyasətini hələ də dəstəkləyən dövlətlərə mesaj verilir ki...” - Tural Abbaslı

11-02-2021, 10:22 210 dəfə baxılıb

"Ermənistan Qarabağı 30 il işğal altında saxladı. O torpaqlar kimindi? Azərbaycanlı qardaşlarımızın”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə Türkiyə Prezident Adminstrasiyasında keçirilən tədbirdə bildirib. Ərdoğan bir daha vurğulayıb ki, Azərbaycan öz gücü ilə işğalda olan torpaqlarını azad edib: "Biz də əlimizdən gələn dəstəyi verdik və artıq Qarabağ sahiblərinin əlindədir”.

Ərdoğanın "Qarabağ sahiblərinin əlindədir” bəyanatını necə açaq? Sahibləri deyərkən Türkiyənidəmi bura aid edir? Qarabağa Türkiyənin bu və ya başqa formada nəzarət etməsi əslində xeyrimizədirmi?

Yeni Azərbaycan Partiyasının deputatı Hikmət Babaoğlu "Yeni Müsavat”a bildirdi ki, qardaş Türkiyə Cümhuriyyətinin prezidenti reallığı, təbii olanı deyib: "Cənab prezident Ərdoğan bir daha açıq şəkildə bütün dünyaya bəyan etdi ki, Qarabağ artıq öz sahibinin-yəni Azərbaycan xalqının əlindədir. Şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsində qardaş Türkiyənin siyasi-diplomatik və mənəvi dəstəyi danılmazdır. Bu tarixi hadisəyə və qardaş dayanışmasına hər şeydən öncə iki ölkənin liderləri və iki dövlətin bir milləti öz qiymətini verib. Elə tarix də öz qiymətini verib və verəcək. Ona görə də burada hər hansı fikri fərqli şəkildə anlamağın yeri yoxdur, heç gərək də yoxdur. Çünki müharibə bitsə də informasiya savaşı davam edir və həmişə də davam edəcək. Məhz bu prosesdə kimlərsə hansısa fikri manipuliyasiya edərək iki qardaş ölkənin münasibətlərinə kölgə salmağa çalışacaq. Ona görə də erməni dəyirmanına su tökəcək manipulyasiyalardan uzaq durmalıyıq.

Türkiyənin Qarabağda olmasına gəldikdə isə bu artıq reallıqdır və imzalanmış rəsmi sənədlərlə qardaş ölkə müşahidə qərargahı vasitəsilə monitorinq missiyasını uğurla həyata keçirməyə başlayıb. Türkiyə ilə Azərbaycan həmişə bir yerdə olub və olacaq. Çünki bu iki qardaş ölkə öz milli maraqlarını və hazırkı mürəkkəb tarixi mərhələdə milli təhlükəsizliklərini təmin etmək üçün bir yerdə olmalıdırlar .Yəni öz gücü və imkanları ilə biri digərini daha da güclü edir və bu, qarşılıqlıdır. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, Türkiyənin gücü bizim gücümüzdür".

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, Türkiyə prezidentinin açıqlaması Azərbaycanın maraqlarına tam xidmət eləyən bəyanatdır. Əslində Ərdoğanın mesajı tək Azərbaycan ictimaiyyətinə deyil, həm də Qarabağ məsələsində bu və ya digər şəkildə marağı olan digər dövlətlərədir: "Xüsusilə Ermənistanın işğalçı siyasətini hələ də dəstəkləyən dövlətlərə mesaj verilir ki, Qarabağın əsl sahibi Azərbaycandır və Qarabağ əsl sahibində olduğu üçün hər kəs davranışını buna uyğun ölçüb-biçsin, heç bir statustdan söhbət gedə bilməz. Ərdoğan məsələyə nöqtə qoyulması üçün belə bir mesaj verib. Həmçinin mesaj verilir ki, Türkiyə Azərbaycanı özündən ayırmır, Azərbaycanın ərazi bütövlüyü üçün onu dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Azərbaycan vətəndaşları Türkiyəni də öz vətənləri hesab edirlər. Eynilə də Anadolu türkləri Azərbaycanı öz vətənləri bilirlər. Məsələyə bu çərçivədən baxanda hesab etmək olar ki, Qarabağın əsl sahibləri həm Azərbaycan vətəndaşları, həm də türk qardaşlarımızıdır. Yəni bu cür mənəvi bağlılıqları dövlətlərarası rəsmi münasibətlərlə qarışdırmaq lazım deyil. Nə yaxşı ki, Azərbaycan-Türkiyə qardaşlığı var”.
"Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR