“Speys” sağ idi ki məhv etsinlər də?.. - NƏ OLUB SİZƏ?

6-05-2021, 14:23 191 dəfə baxılıb

"Speys” televiziyasına ötən gün bir xanımın baş direktor təyin edilməsi sosial şəbəkələrdə elə hay-küylə qarşılanıb ki, sanki dünya dağılıb, Yer məhvərindən çıxıb.
Hamının da əsas arqumenti bundan ibarətdir ki, Ülviyyə Mikayılova peşəkar jurnalist, televiziya adamı deyil və o, "Speys”i məhv edəcək.
Olduqca gülməli arqument, gülünc ittihamlardır. Ayıbdır, adam yenicə vəzifəyə gələn yaşlı bir Anaya, Ağbirçəyə elə sözlər yazmaz!

Əvvəla, Ülviyyə xanımın heç vaxt məşğul olmadığı sahəyə rəhbər gətirilməsində qeyri-adi hal yoxdur. Guya, ölkədə öz yerində olan kadrlar nə qədərdir ki! 50 yaşdan sonra ali təhsil diploma alıb, onunla icra başçısı olan azmı adam var?

İkincisi, Ü.Mikayılov ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyinin İctimai Şurasının üzvü olmaqla bərabər, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir. Yəni təhsillə bağlı kifayət qədər peşəkar bir kadrdır. Hamı da görür ki, jurnalistikada təhsil problem var – məsələn, mediaya yaxından-uzaqdan heç bir aidiyyəti olmayan, hətta aili təhsil görməyən şəxslər nəinki mediada çalışır, hətta KİV təsis edir, rəhbər olurlar.

Ona görə də, yoldaşlar, bu qədər savadsızları mediadan təhsilə gətirmək mümkün olmadığından təhsilin özünü mediaya gətirmək strategiyası işlənib hazırlanmış, beşillik plan qəbul olunmuşdur (Uxx, adam kövrəlir, KomPartiyanın iclasları yadıma düşdü).

Başqa sözlə, "Speys” olacaq savadsız, təhsilsiz media nümayəndələri üçün əyani vəsait.

Bizdə onsuz da təhsil kanalı yox idi və hazırda da təhsillə bağlı innovativ, prodiktiv, postretroultrolist, sürmodernavtolüks, üç-iks-əsr kimi zamanını qabaqlayan islahatlar həyata keçirilir – pandemiya qoysa. Buna isə informasiya dəstəyi lazımdır və "Speys” bu sahədə ağır yükü çiyinlərinə götürməyə hazırdır!” yazacaqdım ki, dayandım. Utandım, ona görə əl saxladım. Adam da 62 yaşlı xanım-xatun təhsil işçisinin bu qədər ağır yük qaldırmasına razı olar? Bəs, vicdan hanı?

Gəlin, bu "bəndi” keçək – bu "ağırlıq və çiyin” məsələsi çox dolaşıq oldu...

Üçüncüsü, hər kəsə bu həyatda ikinci, üçüncü şans verilməlidir. 62 yaşlı Ülviyyə xanıma da ikinci şans verilib. Həm də necə bir şans! Pensiyaya çıxma ərəfəsində!
Bilirsiniz ki, ölkəmizdə qadınlar təxminən 62-63 yaşlarında pensiyaya çıxırlar. Ülviyyə xanımın da pensiyaya çıxandan sonra istirahətini təmin etmək üçün "Speys”ə rəhbər gətirilib.

Ümumiyyətlə, olduqca vacib, səhhətə müsbət təsir edən və dünyada analoqu olmayan təcrübədir və tətbiqi genişləndirməlidir. Məsələn, jurnalistlər də pensiyaya çıxandan sonra kosmonavtlığa başlasalar, əla olar. Əslində Marsa elə 63 yaşdan yuxarı insanları göndərmək lazımdır. Çünki onların qayıtma ehtimalı yoxdur. Di gedin, ordan xəbər verin, görüm, necə verəcəksiniz!

Yaxud, baytarları pensiyaya çıxandan sonra koronavirus xəstələrinin müalicəsi ilə bağlı ixtisaslaşmış xəstəxanalarda işlə təmin etmək lazımdır. Adamlar illərlə heyvanlar üzərində apardıqları təcrübələri indi də insanlara tətbiq etməlidirlər. Doğrudur, burda risk var – ancaq elm qurban tələb edir, pandemiya zamanı isə ölüm məsələsi müzakirə olunmur, həkim səhvi-zadı da axtarılmır: öldü, qurtardı. Bundan gözəl fürsət?!

Bu tip eksperimentlərin sayını çoxaltmaq lazımdır və ölkəmizi başdan-başa təcrübə meydanına döndərməliyik. Zatən biz xeyli müddətdir mahiyyətcə təcrübə dovşanlarını əvəz etməyə öyrəşmişik.
Dördüncüsü və nəhayət! Bütün ağzıgöyçəklər yazır ki, Ülviyyə xanım "Speys”ı məhv edəcək.

Allah sizi güldürsün! "Speys” sağ idi ki məhv etsinlər də?..

E.Mirzəyev //bakupost.az//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR