"Təki turistlər gəlsin, pul xərcləsin, hotellər, restoranlar işləsin, insanlara iş yeri yaransın" - deputat

17-05-2021, 14:57 151 dəfə baxılıb

"Azərbaycana digər ölkələrə nisbətən sərhədləri daha tez açmaq, turistləri daha cəlbedici şərtlərlə dəvət etmək, test filan istəməmək, yalnız qızdırması olanları yoxlamaq lazımdır”.

Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. Millət vəkili digər ölkələrdən də nümunə çəkib:

"Çernoqoriya və Yunanıstan sərhədlərini tam açaraq turistləri qəbula hazırlaşır. Gürcüstan da gələn ay açılır. Çernoqoriya isə ağıllı hərəkət edir, gələnlərdən COVİD-19 testi tələb etmir, qayıdan turistlərə isə ölkələrinin tələb etdiyi tərzdə pulsuz testlər təşkil edəcək. Yəni təki turistlər gəlsin, pul xərcləsin, hotellər, restoranlar işləsin, insanlara iş yeri yaransın.

Azərbaycanda da geri dönənlərə Çernoqoriya kimi pulsuz test imkanları yaratmalıyıq. O turist burada o testin pulundan on dəfə çox xeyir verəcək. Lakin ölkəmizin bir çox rayonlarında hotellər bağlanıb, restoranlar, istirahət mərkəzləri sıradan çıxıb, toyların olmaması isə iqtisadiyyatı xeyli geri salıb, yüz minlərlə iş yeri bağlanıb. Başqa ölkələrdə zavod, fabrik, istehsalat iqtisadiyyatın hərəkətverici qüvvəsidir, bizdə isə nə edək ki, toylardır”.

R.Nurullayev qeyd edib ki, dövlət gərək vətəndaşı kimi düşünməsin:

"Bizdə hamı bir gündə və nəğd yolla varlanmaq istəyir. Dövlət də belə düşünsə, nə iqtisadiyyat olacaq, nə iş yeri, nə də inkişaf. On minlərlə insan isə iş yeri və dolanışıq tələb edir! İndi nə edək? Gözləyək ki, hamı açsın sərhədlərini, turistləri cəlb etsin, bizdə onların uğurlarını oxuyaq? Vətəndaşlar da iş yeri üçün və dolanışıq üçün qapılarımızı döyməkdə və tələb etməkdə davam etsinlər.

Deyək ki, dözün, yaz gələr yonca bitər ey qora səndən, bəsləsən atlas olar tut yarpağından.Məsələ burasındadır ki, quraqlıqdır, qora günəşin altında yanıb, daha cücərməyəcək, tut ağacları da susundan yanır, ipəkqurdları da istiyə dözməyib ölürlər. Gözləmək yox, hərəkət etmək zamanıdır!”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR