Oliqarxlar sahil zonasını özəlləşdirməyə başlayıb - İDDİA

16-07-2016, 15:51 403 dəfə baxılıb

Oliqarxlar sahil zonasını özəlləşdirməyə başlayıb - İDDİA








İyulun 11-də LEGİON.AZ saytında “Mədəniyyət və Turizm Nazirliyi Bakı ŞİH-in funksiyalarını mənimsəyir” başlıqlı yazı dərc olunmuşdu.

İyulun 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib ki, tezliklə Novxanıda yeni çimərlik açılması planlaşdırılır. “Bu həftə Novxanıda girişi pulsuz olan çimərlik açılacaq”, – deyə nazir vurğulayıb. Onun sözlərinə görə, çimərliyin açılışı iyulun 14-15-də baş tutacaq.

Bakı ŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov LEGİON.AZ-a bildirdi ki, Bakıda çimərliklərin pulsuz olmasına dair sərəncamları ancaq Bakı Şəhər İcra Hakimiyyəti verə bilər. “Ancaq Bakı Şəhər İcra Hakimiyyəti müəyyən edə bilər ki, bu və ya digər çimərlik ödənişsiz olmalıdır, ya yox”, – deyə Ə.Bağırov qeyd etdi. Mədəniyyət və turizm naziri onun tabeliyində olmayan çimərliklərlə bağlı hansı əsasla bəyanat verir? Bu suala cavab almaq üçün, biz Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı İntiqam Hümbətova zəng etdik. “Nazir Əbülfəz Qarayev bildirib ki, pulsuz çimərliyin açılışı olacaq. Bunda pis heç nə yoxdur”, – deyə İ.Hümbətov LEGİON.AZ-a bildirdi. “Axı Bakı ŞİH başçısının sərəncamına görə, Bakıda bütün çimərliklər pulsuz fəaliyyət göstərməlidir”, – deyə qeyd etdik.

“Lap yaxşı. Biz də daha bir pulsuz çimərlik açacağıq”, – deyə İ.Hümbətov cavab verdi. İyulun 15-də biz yenidən İntiqam Hümbətovla əlaqə saxladıq.Onun sözlərinə görə, pulsuz çimərlik Novxanıda “AFF-Hotel”in ərazisində fəaliyyət göstərəcək, lakin istirahət mərkəzi tərəfindən təklif olunan xidmətlərə görə pul ödəmək lazım gələcək.O qeyd edib ki, bu çimərliyin açılması “Çimərlik ərazilərinin planlaşdırılması və idarəsi modeli” adlı layihənin tərkib hissəsidir: “Bu layihə barədə nazirliyin saytında məlumat yerləşdirilib”.

İ.Hümbətovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi istəyir ki, ölkəmizə baş çəkən turistlər beynəlxalq standartlara uyğun xidmətlərdən yararlanmaq imkanı əldə etsin.

“Buna görə də, müxtəlif treninqlər keçiririk”, – deyə nazirlik nümayəndəsi əlavə edib.O, “Aff-Hotel”in şəxsi mülkiyyət olduğunu, sözügedən çimərliyin isə bu istirahət mərkəzinin ərazisində yerləşdiyini deyib.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov LEGİON.AZ-a bildirdi ki, sahil zolağında 30-50 metr enində ərazi qorunan ərazi hesab olunur və çimərliklərin özəlləşdirilməsi qadağandır.

“Buna görə də, çimərliklərin özəlləşdirilməsindən heç bir söz gedə bilməz”, – deyə Q.Xəlilov vurğuladı.Lakin “Aff-Hotel”in Sevinc adlı əməkdaşı (soyadını bildirmədi – red.) LEGİON.AZ-a dedi ki, istirahət mərkəzinin yerləşdiyi çimərlik özəl mülkiyyətdir.“Necə özəlləşdirilib? Axı qanunla bu qadağandır?” – deyə dəqiqləşdirmək istədik.Lakin “Aff-Hotel” əməkdaşı bizə cavab verməkdən boyun qaçıraraq dəstəyi asdı.

“Mən istisna etmirəm ki, sahilboyu ərazilərin özəlləşdirilməsi korrupsiya yoluyla baş tutur. Ölkəmizdə bəzi qaydalar var ki, qanunlardan çox uzaqdırlar”, – deyə LEGİON.AZ-a açıqlama verən Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva bildirdi.

Sözardı: Ötən ilin dekabr ayında Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə qanun layihəsi irəli sürülmüşdü. Bu dəyişikliklərə görə, Azərbaycanda Xəzəryanı ərazilərə girişi qanunsuz məhdudlaşdırmağa görə cərimələr qaldırılacaq.

Torpaq sahələrinin icra hakimiyyətindən icazə olmadan çəpərlənməsi və ya Layihəyə əsasən Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərinin pozulmasına görə, cərimələr müəyyənləşib. Həmin torpaq sahələrinin müvafiq İcra Hakimiyyəti orqanın icazə olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti dənizin və onun sahilində su ilə konstruksiya qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüququ şəxslər 35 min manat miqdarında cərimə edilir. Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanın qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin və məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir (APA).

Lakin Türkan və Corat bələdiyyələrindən haqqin.az-a bildiriblər ki, dəniz sahilini zəbt edənlərdən heç kim cərimələnməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR