“Yaşamağımıda mənasız hesab edirdim, elə bilirdim ölüyəm”-Ağdamlıların acı təəssüratları

24-07-2019, 20:24 527 dəfə baxılıb

“Yaşamağımıda mənasız hesab edirdim, elə bilirdim ölüyəm”-Ağdamlıların acı təəssüratları


Bəşəriyyət yarandığı gündən xeyirlə şər hər zaman mübarizə aparıb, ilk əvvəl şər qalib gəlib,əlinə keçən bütün gözəllikləri vurub-yıxıb, dağıdıb, öz iyrənc qələbəsinə eybəcər şəkildə sevinib.Amma bu uzun sürməyib.Xoş məramlı, xeyirxah insanlar o şərin uzun müddət hökm etməsinə dözə bilməyib , yenidən çarpışaraq, haqqı bərqərar edərək, cahana əminamanlığı yaşadıblar.
Bir yay səhəri -1993-cü ilin 23 iyul günündə dünyada şərin təmsilçisi olan ermənilər minilliklərə söykənən tarixə malik, səfalı təbiəti, zəhmətkeş insanları olan, haqqı, mizan-tərəzini qoruyan bir obanı yerlə yeksan etdilər,daşını daş üstə qoymadılar. Ağdamın igid oğulları döyüşə atıldılar, canlarını doğma yurd uğrunda qurban verdilər. Yetmədi! Şər güclüydü.Qalib gəldi.Ağdam camaatı öz yurd-yuvasından pərən-pərən düşdü.Həmin vaxtlar qara tüstü-dumana bürünmüş Ağ Şəhərə qayıtmaq ümidi onları günlərlə-həftələrlə qaynar nötələrdən bir azca kənarda-yolların kənarında gözlədəcək.Yataqları torpağın üstü, evləri ağacların altı olacaq.Amma o ümid göyərməyəcək.Sadə insanlar heç inanmırdılarki, bu gediş Ağdamdan son gedişdi.Kəndimiz Ağdam-Bərdə yolunun üstündə olduğu üçün o həyəcanlı, təlaşlı insanları, göz yaşları içində ümid, itki, uduzmaq qorxusu olan çarəsiz durumda yollara boylanan ağdamlıların simasını uzun illər keçməsinə baxmayaraq hələ də unuda biməmişəm.
O məşum gündən 26il ötür.Bu illər ərzində nələr oldu? Şərəf verən ”Ağdamlı” imicini tərk edib, yazıqlığın və çarəsizliyin sinonimi olan “köçkün” kəlməsini üzərlərinə götürdülərmi ağdamlılar?
Beynimi yoran suallara cavab tapmaq üçün ağdamlılarla görüşmək-söhbətləşmək istədim.Qarşıma ilk çıxan, söhbətə ilk qoşulan Afina Qasımova Ağdamın Abdal –Gülablı kəndindən olduğunu bildirib, bir xeyli susdu.”Ağdamlı günlərinizi unutmamısınız ki?” sualım, deyəsən, onu yaman tutmuşdu.“Ağdamı unutmaqmı?”sualını birdə özü-özünə verdi. Ötən xatirələr, daxilində baş verən təlatümlər gözlərindən bəlliydi:”Hər quşa öz yuvası, hər kəsə – öz vətəni deyib babalar. Bakı mənim vətənimdi, təbii ki, mənim üçün əzizdi . Amma Abdal-Gülablı doğulduğum , böyüdüyüm, ana qoynu tanıdığım, ata nəvazişi gördüyüm, bacı-qardaş güvənində olduğum, ilk dəfə sevdiyim, ilk dəfə sevildiyim müqəddəs yurdumdu.Yəqin mənim kimi hamıya elə gəlirki, onun doğulduğu yer dünyanın ən əziz, ən gözəl hissəsidir. Abdal-Gülablı da sözün həqiqi mənasında təkrarolunmaz bir kənd idi.Uşaqlığım Xanım bulağın, Damcı bulaqın, Bəy bulağın, Qoşa qayanın, Haça dağın üstündə keçib. O vaxt kəndin uşaqlarına qoşulub yamaclara-dağlara gül-çiçək, kəklikotu yığmağa qalxardıq, meşələrdən göbələk, çiyələk, meşə armudu toplamağa gedərdik. Yay çox sərin olurdu.Ətraf kənd vərayonlardan çamaat gələrdi, o dağlarda çadır qurub, payız girənə qədər dincələrdilər.Kəndimizin qışı isə bir başqa tamaşa olurdu.Havalar çox sərt keçirdi, təxminən 20-25 dərəcəyə qədər şaxta olur, 1 metr hündürlüyündə qar yağırdı. Evdən bayıra baxanda elə bilirdin dünya ancaq əsrarəngiz ağ rəngdən ibarətdi. O vaxt Moskvadan gələn elm adamları Abdal-Gülablı kəndlərində əhalinin orta yaş-ömür həddi bütün ətraf kəndlərdə yaşayan əhalidən 10-12 il artıq olduğunu təsdiq elədikləri üçün rayonun ən böyük sanatoriyasıda məhz burda tikilmişdi. Kəndimizdə sonradan “Nur” adlı balaca bir pioner düşərgəsi də istifadəyə verildi. Ağdam məktəbliləri hər il ora yay tətilini səmərəli keçirmək üçün gətirilirdi. Bunları əvvəllər kiməsə danışanda göz yaşlarımı saxlaya bilmirdim. O yerlərə dönəcəyimə ümidim qalmamışdı. 1990-cı illərdə səriştəsiz adamların təsadüf nəticəsində hökumətdə təmsil olunması və elə bu səbəbdəndə bir-birinin ardınca düşmənə təhvil verilən rayonlarımızdan əlimi üzmüşdüm. Məndə belə bir fikir oyanmışdıki, erməni güclüdür , biz ona qalib gələ bilmərik. Odur ki, yaşamağımıda mənasız hesab edirdim,elə bilirdim ölüyəm.Amma indi fərqli düşünürəm. Çünki ötən il baş verən aprel hadisələri, ordumuzun qələbə əzmi məni ümidsizlikdən qurtardı. Aprel qələbəsi mənə böyük zəfərin müjdəsi təsiri bağışladı. Allah ordumuzuqorusun!O torpaqlara dönəcəyimə, Qarabağ müharibəsində şəhid olmuş qardaşım Bəhrəmin da qisasının alınacağına inanıram.
Dərnəfüldə -binanın həyətində nurani simalı bir ağsaqqal asta addımlarla bizə yaxınlaşdı. Ağdam rayonu Baş Qərvənd kəndindən köçkün düşən 80 yaşlı Behbud Behbudovla söhbətləşirik:”Bir dəfəteleviziyada cəbrayıllıların Cocuq Mərcanlıya köçməsini göstərirdilər. Ora köçən bir qadını danışdırırdılar.Qadın illər əvvəl tərk etdiyi yerlərə yenidən qayıtdığı üçün çox xoşbəxt olduğunu deyirdi.Elə sevinirdiki, sevinci gözlərindən tökülürdü. Sonrada dediki, mən el-obama qayıtdığım, doğmalarımla birlikdə tərk etdiyimiz torpaqlara yenidən geri döndüyüm, rahat ev-eşik sahibi olduğum üçün ölkə rəhbərliyinədə, ordumuzada sonsuz təşəkkür edirəm. Həmin o köçkün qadının sevincli mənədə sirayət elədi, gözlərim yaşardı. Özümü onların yerində hiss elədim. Elə bildim bir yük maşınının “kuzov”unda, ev əşyalarının üstündə oturmuşam. Maşın da üzü dağlara sarı-Ağdama tərəf sürət götürüb. O günü düşünmək belə məni həyəcanlandırır. Bir gün bu sevinci ağdamlıların da, qarabağlıların da yaşayacağına inanıram.Bütün Ağdam camaatı bilir ki, oğlumun biri -Abbas Qarabağ müharibəsində şəhid olub, canını el-obası üçün qurban verib.O yurd yerləri uğrunda döyüşmək üçün səfərbərlik olarsa, yeganə oğlum Altayıda müharibəyə göndərməyə hazıram. Təki yurdumuza dönək!
Elmir Bayramov elimizin igid oğullarından olan şəhid Məzahir Bayramovun oğludur.Onun ermənilərlə müharibəyə- düşmənlə döyüşə atılmaq arzusu qarşısıalınmaz bir istəkdi. Həyatı anlamağa başladığı gündən problem və çətinliklər yaşasada , ata qayğısından, ana nəvazişindən məhrum olsada dünyaya baxışı çox nikbindi. O taleyinə yazılan acılardan söhbət açarkən bildirdi ki, mən 1983-cü ildə Ağdam şəhərində, tanınmış bir nəslin nümayəndəsi olaraq doğulmuşam. Hələ 7 yaşım yox idi, atam vətənin çağırışını qəbul edib, onu müdafiəyə qalxdı.O məqamda 3 körpə balasını düşünmədi, ancaq Vətən üçün yaşadı. 10 yaşım olarkən isə artıq atam şəhidlik zirvəsinə yüksəldi.Eyni zamanda şəhərimiz-doğma yurdumuz da işğal olundu.Anam və 3 körpə uşaq əzablı köçkünçülük həyatını yaşamağa başladıq.Anam bu əzabları çox yaşaya bilmədi. Oda gənc ikən bizi tərk etdi. Anam rəhmətə gedəndən sonra əsil əzab-əziyyətin nə olduğunu yeniyetmə çağımda mən anladım. Məncə, körpə ikən ata-ana itirən uşağın aldığı travma, elə körpəsini bir namərd – bir erməni əlilə itirən valideyn dərdi eyni çəkidədi..ağır, dözülməz... Mən ordumuzda hərbi-xidmət keçmişəm və ordumuzun qüdrətinə də bələdəm.Mətbuatdan da bilirik ki, İsrail, Rusiya Azərbaycana milyardlarla dollarlıq yeni silah sistemləri və hərbi texnika satıb. Bura 100 ədəd “T-90S” tankı, “Smerç” reaktiv yaylım atəşi sistemləri, S-300 PMU “Favorit” zenit-raket kompleksləri, odsaçan sistemlər, özüyeriyən qaubitsalar və s. silah sistemləri daxildir. Bu silahlarla nəinki. Ağdamı, Şuşanı, bütün Qarabağı, həmçini İrəvanıda işğaldan azad etmək olar.Preziden İlham Əliyevdən xahiş edirəm; Cənab Ali Baş Komandan biz sizdən “irəli” əmrini gözləyirik! Biz qisasımızı almaq istiyirik, ata-anamın qisasını, farizlərin, zəhraların qisasını, Xocalının məsum körpələrinin, cümlə şəhidlərin qisasını, 26 ildir xarabalığa dönmüş səfalı rayon və kəndlərimizin qisasını almaq istəyirik! Azərbaycan ordusu, Azərbaycan gəncliyi buna qadirdir. O körpələrin qisası 10 dəfə artıq alınmalıdır.Verin hüçum əmrini!!!
Həmsöhbətim-Ağdam şəhərindən məcburi köçkün Mənsumə Rüstəmovanı tanımayan ağdamlı çox az olar . Bu vətənpərvər aildə 3 oğul - Kənan, Sənan, Sarvan və birdə ailə başçısı- Hacı Əkbər Rüstəmov Qarabağ müharibəsində göstərdikləri şücaətlə yaddaşlarda qalıb. 70-ə yaxın yaşı olan Mənsumə xala həmdə şəhid anasıdı.Sənan şəhidlik zirvəsinə yüksəlmiş eloğullarımızdandır.M.Rüstəmovanı dinləyirik:” Gözəl şəhərimiz, ata ocağımız, dibində kölgələndiyimiz tut ağacı, yurdumun məcun kimi havası-suyu həmişə mənə “gəl-gəl”deyib. Yaşımın elə çağıdır ki , o torpaq məni çağırır, mən otorpağın həsrətilə hər gün , hər an alışdığımı bilir. Ən böyük arzum odurki, 26 ildir qəbrini ziyaret etmədiyim balamın qəbrini görüm, ona sarılım.Birdə Sənan Rüstəmovun adı verilmiş Ağdam şəhər 2 saylı orta məktəbin həyətinə gedim, o divarlara əllərimi-gözlərimi sürtüm. Balamı xatirladanhər yerə baş çəkim. Bax onda ürəyimdə heç bir dərdim qalmaz .
Xalqımız əmindir ki, işğal olunmuş torpaqlarımız gec-tez erməni işğalından azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaq. Bizim hər birimizin ən böyük arzusudur qələbə!İşğal olunmuş torpaqlarımızın, doğma Ağdamımızın, Qarabağımızın geri qaytarılmasının bir çıxış yolu var; soydaşlarımızın bir yumruq kimi sıx birləşməsi, qeyrətinə arxalandığımız, ümidmizi bağladığımız igid oğullarımızin döyüş ruhu,qələbə əzmi!O günü həsrətlə gözləyən, qələbə sevincini yaşamaq istəyən xalqımız arzuları gerçəkləşəcək! Həm də tez bir zamanda!

Əntiqə Rəşid

“Yaşamağımıda mənasız hesab edirdim, elə bilirdim ölüyəm”-Ağdamlıların acı təəssüratları
“Yaşamağımıda mənasız hesab edirdim, elə bilirdim ölüyəm”-Ağdamlıların acı təəssüratları
“Yaşamağımıda mənasız hesab edirdim, elə bilirdim ölüyəm”-Ağdamlıların acı təəssüratları
“Yaşamağımıda mənasız hesab edirdim, elə bilirdim ölüyəm”-Ağdamlıların acı təəssüratları
“Yaşamağımıda mənasız hesab edirdim, elə bilirdim ölüyəm”-Ağdamlıların acı təəssüratları


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR