Ali təhsil haqqında qanun dəyişir: Himayədarlar kimlər olacaq?
![]()
Universitetlərdə himayəçilər qrupu yaradılacaq.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Ali təhsil haqqında” qanun layihəsindən danışarkən deyib. Millət vəkili bizim universitetlərin hamısında himayəçilər qrupunun olmasını, universitet strategiyasının müəyyənləşdirilməsində bu qrupun müəyyən rolunun olduğunu vacib hesab edir. Hətta qanunvericilikdə bu məsələnin öz əksini tapacağını və universitetlərə tövsiyə olunacağını da bildirib .
Ümumiyyətlə himayəçilər qrupu nədir və bunun universitetlərdə nə kimi effekti olacaq?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında deyib ki, Himayəçilər Şurası dünyanın məşhur universitetlərində strateji qərarların qəbulunda mühüm rol oynayır:
“Hər bir universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurası və ya qrupu yaradıla bilər. Himayəçilər Şurası ali təhsil müəssisələrinin inkişafına yardım edən, ictimai əsaslarla fəaliyyət göstərən strukturdur. Təhsilin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan Himayəçilər Şurasının üzvləri müxtəlif peşə sahibləri olan nüfuzlu şəxslərdən təşkil edilir. Şuranın məqsədi elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəlməsi, ona əlavə dəstək verilməsidir. Bu şura üzvləri müxtəlif peşə sahibləri olduqları üçün universitetin məzunların əmək bazarında daha tez iş tapmasına kömək edəcək, hazırlanan kadrların əmək bazarının tələblərinə cavab verməsi istiqamətində mühüm addım olacaq. Şura universitetin qanuni fəaliyyətinin həyata keçirilməsində, ali təhsil müəssisəsinin inkişafına mane olan aktual problemləri həll etməkdə köməklik göstərəcək bir strukturdur. Bundan başqa, universitetdə təhsil xidmətlərinin rəqabət qabiliyyətliliyinin təmin edilməsi, universitetin tədqiqat və təhsil, mədəni və intellektual mərkəz kimi inkişafına dəstək verilməsi, ali təhsil müəssisəsinin dövlət, ictimai və biznes strukturları ilə əməkdaşlığının təşviq edilməsi şuranın səlahiyyətlərinə daxildir. Şura beynəlxalq təhsil, elmi, texniki və mədəni əməkdaşlığın inkişafına yardım etməklə yanaşı, təhsil müəssisəsinə büdcədənkənar vəsaitlərin cəlbi və universitetin infrastrukturunun inkişafı, maddi-texniki bazasına dəstək verilməsi funksiyalarını da həyata keçirəcək imkanlarına malik olur. Bütün bunları nəzərə alaraq hər bir universitetdə Himayəçilər Şurası və ya qrupu yaradılmasını müsbət qiymətləndirirəm və təhsilin idarəedilməsində çevikliyin, mobilliyin artmasına təkan verəcəyini düşünürəm”-deyə, Kamran Əsədov əlavə edib.