Son struktur dəyişiklikləri nə vəd edir? - TƏHLİL

24-10-2019, 11:14 73 dəfə baxılıb

Son struktur dəyişiklikləri nə vəd edir? - TƏHLİL

Prezidentin son kadr təyinatlarıı və struktur dəyişikliyi yeni iqtisadi kursun konturlarını üzə çıxartdı. Həm İqtisadiyyat naziri Şahin Mustafayevin baş nazirin müavini təyin edilməsi, həm də Vergilər Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil ediliməsi yeni iqtisadi situasiyadan xəbər verir.

Birincisi, bu qərarlar ilk növbədə ciddi struktur dəyişikliyidir. Bununla Nazirlər Kabinetinə daxil olan strukturların sayı 33-dən 30-ə endirilib. 4 dövlət qurumunun birləşdirilməsi həm büdcə xərclərinin optimallaşdırılması, həm də çevik idarəetmə baxımından faydalı qərardır. Yəqin ki, bunla bağlı 2020-ci ilin dövlət büdcəsinə də müəyyən dəyişiklik ediləcək və idarəetmə xərcləri azaldılacaq. Azaldılan xərclərin sosial istiqamətlərə yönləndirilməsi gözləniləndir. Çünki gələn ilin büdcəsində sosial xərcləri əhəmiyətli artımı nəzərdə tutulur.

İkincisi, dövlət başçısı həm yeni baş nazirin müavinin, həm də yeni iqtisadiyyat nazirinin qarşısına konkret məqsədlər qoyub - kölgə iqtisadiyyatı ilə qarşı mübarizə, monopoliyaları ləğvi və rəqabətə davamlı biznes mühitinin yaradılması, qeyri-neft sektorunun dinamik inkişafı və ixracat potensialının artırılması. Bu probemlərin həlli ölkdə əlverişli biznes mühitinin yaradılması baxımından əhəmiyyətli məsələlərdir. Eyni zamanda iş adamlarına süni problemlərin yaradılmaması, iqtisadi təşəbbüslərin dəstəklənməsi prioritet elan edilib.

Üçüncüsü, prezident islahatlara mane olan kadrların işdən kənarlaşdırlacağını növbəti dəfə bəyan edib və ölkədə əlverişli biznes mühitinin yaradılmasını əsas vəzifə kimi qarşıya qoyub. Son günlər edilən kadr dəyişikliklərinin davamı gözlənilir. Burada oliqarxiya sisteminin ləğvi və texnokrat, çevik hökumətə keçiddən söhbət gedir. Yəni məmurların bizneslə məşğul olmasına imkan verməmək, biznes təşəbbüslərin bazarın öhdəsinə buraxmaqdan söhbət gedir.

Təbii ki, problemlər çoxdur və qısa müddətdə həllini tapacağını gözləmək düzgün olmazdı. Ancaq əsası odur ki, proses artıq başlanılıb. Pozitiv göstəricilər də var. Yeniləşmiş İqtisadiyyat Nazirliyinə rəhbərlik edəcək Mikayıl Cabbarov vergilər naziri kimi həyata keçirdiyi tədbirlər sayəsində bu ilin 9 ayında proqnozdan əlavə 350 milyon vergi toplaya bilib - özü də bu vəsait qeyri-neft sektorundan yığılıb.. Yəni islahatlar üçün həm siyasi iradə, həm də islahatları həyata keçirə biləcək menecerlər var. İndi əsas məsələ prosesi dərinləşdirməkdir.
Qadir İBRAHİMLİ //istiqlal.az//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR