Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər?

29-05-2020, 10:37 45 dəfə baxılıb

Qəbul imtahanından sonra şagird üçün atmalı olduğu ən önəmli addımlardan biri də ixtisas seçimidir. Məhz bu seçim əsasında abituriyent öz gələcək həyatını və fəaliyyətini müəyyənləşdirir. Pandemiya dövründə dəyişən ümumdünya mənzərəsini nəzərə alsaq, bu zaman heç şübhəsiz ki, ixtisas seçimlərində də dəyişikliklərin olacağı gözlənilir.



Onu da qeyd edək ki, bakalvriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb və bəzi ixtisaslar ləğv edilib.



Maraqlıdır, şagirdlər bu ilki ixtisas seçimində hansı ixtisaslara üstünlük verməlidir?



Yeni yaradılan ixtisaslar və ixtisas seçimi ilə bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a danışıb:



“Bilirsiniz ki, hər il ixtisas seçimi iyulun sonu başlanıb, avqustun 7 və ya 8-dək davam edirdi. Karantin və pandemiya vəziyyətinə görə artıq həmin tarixlərdə ixtisas seçimi aparılmayacaq. İxtisas seçimləri avqustun 1-dən 15-dək və ya 5-20 avqust aralığı aparıla bilər.



Nəzərinizə çatdırım ki, əmək bazarında tələbat olan ixtisaslar üzrə hazırda qəbul aparılır. Bir neçə ixtisas var ki, onlara artıq ciddi tələbat yoxdur. Amma yeni yaradılmış ixtisaslar da var. Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub. Həmin qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.



Yeni yaradılmış ixtisaslardan bir qismi aşağıdakılardır:



I ixtisas qrupu üzrə: Sərhəd təhlükəsizliyi və idarəetmə, Elektrik və elektronika mühəndisliyi , Geologiya və geofizika mühəndisliyi, Geomatika və geodeziya mühəndisliyi, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Kommunikasiya sistemləri mühəndisliyi, Mühəndis fizikası, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Zoomühəndislik, və Hərbi rabitə vasitələri mühəndisliyidir.



II ixtisas qrupu üzrə: Beynəlxalq ticarət və logistika və Turizm bələdçiliyi



III ixtisas qrupu üzrə: İctimai təhlükəsizlik və idarəetmə



IV ixtisas qrupu üzrə: Tibb, Tibb bacısı işi Hərbi tibb, İctimai səhiyyə, Biotexnologiya və Fizioterapiya və tibbi reabilitasiya ixtisaslarıdır”.



Ekspert əlavə edib ki, abituriyent ixtisas seçimində peşəkardan məsləhət alsa daha yaxşı olar:



“Təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir. Bütün bunlar onu deməyə əsas verir ki, pandemiya dövründə ixtisaslarla bağlı əlavə dəyişikliyə ehtiyac qalmır. İxtisas seçimi zamanı abituriyentlərə və onların valideynlərə tövsiyə edirəm ki, yalnız perspektiv vəd edən ixtisaslara üstünlük versinlər. Gələcəkdə karyera qurmaq və eləcə də əmək bazarında tələbatı çox olan ixtisaslara üz tutsunlar, o ixtisaslar üzrə seçim etsinlər. Seçim edərkən də diqqətli olmaları gərəkir. Yaxşı olar ki, ixtisas seçimində peşəkar şəxsdən məsləhət alsınlar”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR