Rusiyadan Azərbaycana qarşı yeni-köhnə separatizm - Xainlər alət rolunda...

29-07-2020, 19:30 203 dəfə baxılıb

Son günlər Rusiyada azərbaycanlılarla ermənilər arasında baş verən insidentlərlə əlaqədar olaraq rəsmi qurumlar və diaspor nümayəndələri tərəfindən çoxlu müraciətlər səsləndirildi. Rusiyadakı erməni diasporunun bəzi nümayəndələri Rusiya ərazisindəki insidenti tamamilə Azərbaycan tərəfinin boynuna qoymaqla, rəsmi Bakını etnik nifrət oyatmaqda günahlandırmaq istəyirlər.

Rusiya mediası da bu anti-Azərbaycan kampaniyasına öz töhfələrini verir. Bugünlərdə Rusiyanın ermənipərəst "Regnum" xəbər agentliyinin dərc etdiyi "Rusiyanın talış təşkilatlarının müraciəti" bu qəbildəndir.

Bu məlumatın mahiyyətinə nəzər salaq: “Baş verənlərdən təəssüf hissi keçirən “talış təşkilatları”, “talış ağsaqqallarına və gənclərə” müraciət edərək, talışların Rusiya ərazisində xarici ölkələrdən idarə olunan etnik nifrət oyatmağa yönəlmiş cinayət əməllərinə cəlb edilməməsi və təxribatçı hərəkətlərin qarşısının alınması üçün səy göstərmələrini xahiş edir”.

Müraciətdə deyilir: "Bu çağırışımızdan sonra Azərbaycandan bizə hücumlar və qınaqlar oldu. Bütün bunlar bir daha sübut etdi ki, Rusiyanın böyük şəhərlərindəki vəziyyəti gərginləşdirmək üçün göstərişlər məhz Azərbaycandan verilib".

Yuxarıdakı mətndən də aydın olduğu kimi, “talış təşkilatları” çoxsaylı qarşıdurmalarda Azərbaycanı günahlandırır. Beləliklə, onlar Dağlıq Qarabağ münaqişəsindəki Azərbaycanın ədalətli mövqeyini ləkələmək istəyən erməni təbliğatının dəyirmanına su tökürlər. “Azərbaycandan bizə hücumlar və qınaqlar oldu” cümləsi xüsusilə diqqətəlayiqdir. Təxribatçılar bununla nə demək istəyirlər? Heç olmasa, ittihamlarının əsaslı görünməsi naminə hansısa konkret faktlar ortaya qoymalıdırlar. Lakin bunun əvəzinə "talışları xaricdən idarə olunan cinayət əməllərində iştiraka təhrik edirlər" iddiası səsləndirilir. Əgər “talış təşkilatları” müraciətdə deyildiyi kimi, millətlərarası sülh və harmoniya mövqeyində möhkəm dayanırsa, onda niyə xalqlar arasında ixtilaf toxumu səpirlər?

Bu sualın cavabı, müraciətin sonunda onu imzalayanların adları ilə tanış olarkən üzə çıxır. Məsələn, orada İsmayıl Şabanovun adı yer alıb. Məlumat üçün deyək ki, bir müddət əvvəl "Rusiya Prezidentinin Millətlərarası Münasibətlər Şurasının üzvü" olaraq təqdim olunan İsmayıl Şabanov, talışların və ermənilərin qardaş olduqlarını iddia etmişdi.
"Rusiyanın talış diasporu" ictimai təşkilatının rəhbəri olan Şabanovun Azərbaycanı ləkələmək məqsədi ilə erməni və ermənipərəst saytlarda təxribat xarakterli təbliğat aparması, nədənsə, Rusiyanın müvafiq dövlət orqanlarının diqqətini cəlb etmir. Həm Şabanovun, həm də "talış təşkilatları"nın müraciətinə imza atan digərlərinin - Zahirəddin İbrahimi və Zabil Məhərrəmovun bir çox ifadələrində etnik nifrət oyatmaq cəhdləri var ki, elə buna görə də onları cinayət məsuliyyətinə cəlb etmək olar.

Bundan əlavə, Şabanovun Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurası ilə əlaqəsi olmadığı halda, özünü hələ də belə qələmə verməsi qarşısında Rusiya strukturlarının susqunluğu bəzi suallar yaradır. Görəsən, Rusiya hakimiyyəti talış xalqının arxasında gizlənərək millətlərarası qarşıdurma toxumu səpən bu yalançı ilə niyə maraqlanmır?

Bu təxribatçıların arxayınlıqla ağızlarına nə gəldi danışmasının və bununla da Rusiya dövlətinin milli siyasətinə real təhlükə yaratmağa cəhd etməsinin də səbəbi Rusiya hakimiyyətinin susqunluğudur. Şükürlər olsun ki, Rusiyada yaşayan Azərbaycan türkləri və və talışları Şabanovun və digər təxribatçıların kim olduqlarını yaxşı bilirlər.

Krasnoyarsk diyarının Azərbaycan Milli-Mədəni Muxtariyyəti sədrinin müavini Ayaz Məmmədov AYNA-ya açıqlamasında, Rusiyada yaşayan talışların adıçəkilən "talış təşkilatları" ilə heç bir əlaqələrinin olmadığını söyləyib: “Mən özüm talışam, əslən Astara rayonundanam. 90-cı illərdən bəri Rusiyadakı Azərbaycan diasporunun həyatında fəal iştirak edirəm. Azərbaycan talışları və türkləri həmişə bir-birilərinin yanında olublar və olacaqlar”.

“Qarabağ müharibəsi zamanı talışlar və türklər Vətən üçün çiyin-çiyinə vuruşurdular. Bir çox Azərbaycan diaspor təşkilatlarında talışlar var. Özlərini Azərbaycan xalqından ayırmırlar. Birlikdə Azərbaycanımızı təmsil edirik. Mənim kimiləri minlərlədir, ancaq İsmayıl Şabanov kimiləri bir neçə nəfər”, - o bildirib.

“Talışlar onu həmyerliləri kimi qəbul etmirlər. O, ermənilərin xidmətində dayanan təxribatçıdır. Onu ortaq vətənimiz olan Azərbaycana qarşı istifadə edirlər. Bütün talışlar yaxşı bilirlər ki, Şabanov onları təmsil etmir, əksinə, rüsvay edir”, - Ayaz Məmmədov vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR