Jurnalistlərin “agent” və “reket” siyahısı – Məqsəd nədir, aranı kimlər qarışdırır?

22-09-2020, 14:22 38 dəfə baxılıb

Bir neçə gündür, ölkə mediasında Rusiyaya xidmət etməkdə ittiham edilən jurnalistlərin, eləcə də ictimai-siyasi sektorda çəkisi olan şəxslərin siyahısının yayılması müzakirə edilir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən məsələyə münasibət bildirilib, yayımlanan siyahıların real fakta əsaslanmadığı qeyd edilsə də, bu hal bəzi suallar doğurur. Bunun ardınca isə "reket”likdə suçlanan jurnalistlərin adlı siyahısının yayılması mövzunu yenidən gündəmə daşımış oldu.

Maraqlıdır, görəsən bu siyahıların, adların yayımlanmasının arxasında nə kimi məqsədlər dayanır? Doğurdan da siyahı və adlar bütünlüklə reallıqdan uzaqdır?

Sfera.az-ın əməkdaşı məsələ ətrafında media və tanınmış ictimaiyyət nümayəndələrinin fikrini öyrənib.

Tanınmış jurnalist Qulu Məhərrəmli yayılan siyahılarda həqiqi reket jurnalistlərlə bərabər bir neçə layiqli jurnalistin olduğunu da qeyd edib. Media eksperti əlavə edib ki, bu cür adların açıqlanması iki məqsədlə ola bilər:



"Siyahıların yayılmasına iki mövqedən yanaşa bilərik. Birincisi, bu cür addımın atılması qeyri-ciddi görünür. Çünki kimsə müəyyənləşdirmir ki, Rusiyaya kim hansı formada və nə məqsədlə qulluq edir və siyahılar niyə yayılır. "Reket jurnalistlər”in də siyahısı çox hiyləgərcəsinə tərtib olunub. Baxıram ki, orda gerçək reketlərlə yanaşı layiqli bir neçə jurnalistin də adı yer alıb.

İkinci məsələ isə bu siyahılara ciddi baxışdır. Yəni belə siyahıların yayılmasında məqsəd nədir? Bu ola bilər ki, preventiv addım da olsun. Yəni, mümkündür ki, həqiqətən Rusiyaya xidmət edən, onlara məlumat ötürən, Rusiya xidmət orqanları ilə çalışan insanların siyahısı yayılsın.

Bu baxımdan indi belə qarışıq siyahını yayıb, növbəti gerçək siyahını gözdən salmaq da məqsəd ola bilər. Sözgedən siyahıya inamı azaltmaq üçün belə siyahılar hazırlanır, adlar açıqlanır”.

Tanınmış vəkil Aslan İsmayılov Rusiyaya xidmət edən jurnalistlərin siyahısının bütünlükdə heç də yalan olmadığını bildirib:



"Tanınmışların sırasında dövlət mənafeyinə biganə olanlar həm də "reket jurnalistlər”in olması Azərbaycanın reallığıdır. Düzdür, mən dəqiq deyə bilmərəm ki, o adların hansı dəqiqdir, hansı dəqiq deyil. Lakin danılmazdır ki, bu cür həqiqətlər var.

Açıqlanan siyahının reallıqla əlaqəsinin olduğu düşüncəsindəyəm. Yəni, Rusiyaya xdimət edən jurnalistlərin siyahısının heç də hamısı şər-böhtan deyil. Əminliklə deyə bilərəm ki, onların arasında həqiqətən Rusiyaya işləyənlər var. "Reket jurnalistika”ya gəlincə isə bu hazırda Azərbaycan jurnalistikasının əsasını təşkil edir”.

Qaynarinfo.az saytının rəhbəri Zahir Əzəmət baş verən son hadisələrdə məqsədin diqqət yayındırmaqdan ibarət olduğunu vurğulayıb:



"Son bir neçə gündə öncə jurnalistlərin "agent" siyahısının, ötən gün isə mənşəyi məlum olmayan bir sayt vasitəsi ilə "reket" siyahısının yayılması hesab edirəm ki, ciddi təxribat hadisəsidir. Şəxsən mən bunu son vaxtlar medianın Ramiz Mehdiyev və Əli Həsənovu ciddi müzakirə etməsinin ardınca Ramiz Mehdiyevin media ilə təhdid dilində danışmasının davamı kimi başa düşürəm.

Bu kimi addımlar medianın başını özünə qarışdırmaq, gündəmi dəyişmək cəhdləridir. Hesab edirəm ki, dövlətin aidiyyatı qurumlarına müraciət ünvanlanmalı, bu saytlara ölkə daxilində giriş bloklanmalı və bu addımların arxasında hansı qüvvələrin olması ortaya çıxarılmalıdır.

Kiminsə- ayrıca şəxsin, şirkətin və ya dövlət qurumunun bir media və jurnalistə qarşı "reketlik" iddiası varsa, bunun üçün ortaya sübutlar qoyulmalı və məhkəmə qərarı ilə təsdiqlənməlidir.

Belə bir sübut yoxdursa, eyni qaydada istənilən saytı və ya şəxsi şərləmək mümkün olardı. Mediaya qarşı bu cür addımları hər birimiz qınamalı və həmrəylik göstərməliyik”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR