Laçın dəhlizi Azərbaycan ordusunun nəzarətindədirmi? – Konstantin Zatulini narahat edən müəmma

29-10-2020, 11:26 277 dəfə baxılıb

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə verdiyi müsahibə şimal qonşumuzda da ciddi müzakirəyə səbəb olub. Ən maraqlı mövqe sərgiləyən isə Dövlət Dumasının ermənipərəst mövqeyi ilə seçilən deputatı Konstantin Zatulin olub.

Ovqat.com-un məlumatına görə, Zatulin “Vzglyad” nəşrinə verdiyi açıqlamasında Azərbaycan Prezidentinin Ermənistanla danışıqlar üçün irəli sürdüyü şərtləri şərh edib.

Xatırladaq ki, Prezident müsahibəsində Azərbaycanın “olmazsa-olmaz”ına bu cür aydınlıq gətirib: “Erməni tərəfi indiyə qədər işğal altında saxladıqları ərazilərdən çıxacaqları barədə öhdəlik götürməlidir. Buraya Ağdam rayonunun bir hissəsi, Laçın rayonu bütünlüklə və Kəlbəcər rayonunun bir hissəsi daxildir. Təbii ki, o halda biz siyasi nizamlamaya keçməyə hazırıq”.

Zatulinin fikrincə, İlham Əliyevin bu şərtləri, xüsusilə Laçın dəhlizinə nəzarət iddiası, Dağlıq Qarabağ ermənilərinin tamamilə mühasirəyə alınması deməkdir.

“Azərbaycan Prezidenti İlham Əliyevin hazırda niyə belə bir ultimatum verməsi aydındır. Azərbaycan ordusu, Dağlıq Qarabağ ətrafındakı erməni tərəfinin nəzarətində olan yeddi rayondan dördünə nəzarəti ələ ala bilib. Eyni zamanda, ermənilərin əlində saxladığı Laçın və Kəlbəcər bölgələri, Dağlıq Qarabağı Ermənistanla birləşdirən bir dəhliz kimi çox vacibdir”, - Zatulin belə deyib.

Nəşr Zatulinin şərhindən sonra məqaləyə belə davam edir: “Çərşənbə günü Əliyev Laçın və Kəlbəcər bölgələri və Ağdam bölgəsinin bir hissəsi üzərində nəzarəti əldə etdikdən sonra Bakının Qarabağda irəliləməsini dayandıracağını söylədi. Eyni zamanda, Türkiyə Prezidenti Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə bir söhbətdə qarşıdurma tərəfləri ilə danışıqlar aparmağı təklif edib. Onun fikrincə, Putin Ermənistanın baş naziri Nikol Paşinyanla danışmalıdır və Ərdoğan özü isə bu məsələni Əliyevlə müzakirə etməyə hazırdır.

İzahat: 1992-94-cü illər müharibəsindən əvvəl Dağlıq Qarabağ (Artsax) ərazisi Ermənistanla sərhədi olmayan, Azərbaycan ərazisi ilə çevrələnmiş anklav vəziyyətdə idi. Hərbi şəraitdə bu, Qarabağ ermənilərinin yaşadığı bölgələrin mühasirəyə alınmasına zəmanət verirdi. Əvvəlki müharibədəki erməni qələbəsi “Dağlıq Qarabağ Müdafiə Ordusu” tərəfindən Laçın dəhlizinin ələ keçirilməsi sayəsində baş tutdu. Strateji məqsədlər üçün müstəqilliyini elan edən “Dağlıq Qarabağ Respublikası” sözdə "təhlükəsizlik kəməri"ni meydana gətirən Qarabağ ətrafında adı çəkilən yeddi bölgəni işğal etdi.

Rusiyanın vasitəçiliyi ilə uzun müddət davam edən danışıqlar nəticəsində 2011-ci ildə Kazan düsturu adlanan bir təklif irəli sürüldü – “DQR” Azərbaycanın nəzarətindəki "təhlükəsizlik kəməri"nin 7 bölgəsini geri qaytarır, bunun müqabilində Dağlıq Qarabağın təhlükəsizliyinə zəmanət verilir. Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan isə Bakının Ermənistan Respublikasına tətbiq etdiyi dəmir yolu blokadasını götürəcəyini təqdirdə 7 bölgədən 5-nin ermənilər tərəfindən boşaldılmağa hazır olduğu bildirmişdi.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu yaxınlarda Sputnik radiosuna verdiyi müsahibəsində mövcud Qarabağ münaqişəsini həll etməyin bir yolu kimi Kazan düsturunu xatırlamışdı”.

Göründüyü kimi, Azərbaycan Prezidentinin qırmızı xətt olaraq irəli sürdüyü hədəflərin böyük qismi reallaşmaq üzrədir. Ordumuzun böyük şücaəti nəticəsində artıq Dağlıq Qarabağ ətrafındakı 4 rayon işğaldan azad olunub. Ölkə rəhbərinin bildirdiyinə görə, Kəlbəcərin də bir qismi Ordumuzun nəzarətinə keçib. Xüsusilə Kəlbəcər-Vardenis yoluna nəzarətimiz bərqərar olunub.

Hazırda əsgərlərimizin qarşısında dayanan başlıca hədəflərdən biri Laçını və bu bölgədən keçən dəhlizi erməni işğalından qurtarmaqdır. Rusiyanın müxtəlif çevrələrinin verdiyi məlumata görə, hələ bir neçə gün bundan əvvəl Azərbaycan ordusu Laçın dəhlizinin 5 km-nə qədər irəliləyə bilib ki, bu da əslində həmin yola nəzarət etmək imkanının əldə edilməsi deməkdir. Azərbaycanın erməni ordusunun darmadağın etdiyini nəzərə alsaq, bu, onların uzun müddət həmin koridoru əldə saxlamaq imkanının olmayacağından xəbər verir. Yeri gəlmişkən, istər Azərbaycan Prezidenti İlham Əliyevin ermənilərlə danışığa hazır olduğuna ehyam vurması, istərsə də Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın rusiyalı həmkarına tərəfləri barışdırmaq təklifi verməsi rəsmi Bakının “olmazsa olmaz”ı sayılan Laçın dəhlizinin artıq işğaldan azad olunduğu barədə mülahizələri qüvvətləndirir.

Bütün bu reallıqlara rəğmən, ermənilərin hələ də öz inadkarlıqlarını davam etdirməsi rəsmi Bakının məsələyə sülhpərvər yanaşmasını ciddi sual qarşısında qoyur. Belə görünür ki, Azərbaycan ordusu artıq blokada vəziyyətinə saldığı erməni işğalçılarını tamamilə Dağlıq Qarabağdan uzaqlaşdırmayana qədər rəsmi İrəvanın ağlı başına gəlməyəcək. Bu isə eyni zamanda erməni əhalinin Dağlıq Qarabağa yenidən qayıtma ehtimalını da zəiflədir. Çünki bu cür düşmən mövqeyi ilə birgəyaşayış arzuları bir araya sığmır. Paşinyan hakimiyyətinin bəlkə də erməni xalqına vurduğu ən böyük zərbə də elə bu mənasız “inadkarlığı”dır.

Məsələ burasındadır ki, “erməni inadkarlığı” başda Rusiya olmaqla bəzi böyük dövlətlərin onlara verdiyi dəstəkdən qaynaqlanır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR