GENERAL MİRQAFAR SEYİDOV YENİ VƏZİFƏYƏ TƏYİN OLUNDU –Daxili İşlər nazirindən BŞBPİ rəisi ilə bağlı əmr

14-11-2020, 23:14 497 dəfə baxılıb

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tutduğu vəzifədən azad edilərək, başqa vəzifəyə keçirilib.

Strateq.az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mirqafar Seyidov Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, 1965-ci ildə Naxçıvan MR, Kəngərli rayonunun Şahtaxtı kəndində nüfuzlu seyid ailəsində anadan olan Mirqafar Seyidov 1982-1989-cu illərdə Sovet Ordusunun Hərbi Hava-Desant Qoşunlarında xidmət keçib, 1989-cu ildənsə daxili işlər orqanlarında xidmətə başlayaraq, cinayət axtarış strukturlarında müxtəlif vəzifələrdə işləyib.

2005-2007-ci illərdə DİN-in nəzdindəki Miqrasiya Xidmətinin rəis müavini olan M.Seyidov daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləyib.

2014-cü noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 393 nömrəli sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi alıb. Prezidentin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli sərəncamı ilə cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə təltif olunub.

2015-ci il 1 iyul tarixli Prezident sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Ailəlidir, üç övladı, 5 nəvəsi var.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR