Uşaq bağçalarına qəbul niyə elektronlaşdırılmır? - "Korrupsiya risklərini sıfıra endirmək olardı..."

17-02-2021, 12:51 138 dəfə baxılıb

"Artıq uşaq bağçalarının fəaliyyəti bərpa olunub. Düşündüm ki, məktəbəqədər təhsil müəssisələrinin işləmədiyi müddətdə bəlkə də, Bakı Şəhər İcra Hakimiyyəti bağçalara qəbul üçün elektron bir sistem hazırlaya bilib".

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan İnternet Forumnun prezidenti Osman Gündüz deyib.

O, 2018-ci ildə dövlətə məxsus bağçaların tabe olduğu BŞİH rəsmisinin uşaq bağçalarına qəbulun elektronlaşacağını dediyinı xatırladıb:

"O da yadımdadır ki, "Açıq hökumətin təşviqi üzrə” Milli Fəaliyyət Proqramı müzakirə olunarkən Təhsil Nazirliyin məsul nümayəndəsi BŞİH-in nümayəndəsinə bildirdi ki, artıq TN-də 1-ci siniflərə və məktəbə hazırlığa qəbulla bağlı oxşar informasiya sistemi qurulub və onlar bunu quruma təqdim edə bilərlər. Lakin BŞİH-in rəsmi saytından (əgər rəsmi sayt demək mümkünsə), dövlət bağçalarının siyahılarından belə qənaətə gəlmək olur ki, hələlik bağçalara qəbul elektronlaşmayıb və ənənəvi qaydada aparılır.

Bakı şəhərində 350, ölkə üzrə isə 1600 dövlət tabeçiliyndə məktəbəqədər təhsil müəssisi fəaliyyət göstərir.

Maraqlıdır, adi bir informasiya sistemi tətbiq etməklə on minlərlə vətəndaşa, xeyli sayda ailələrə rahatlıq vermək olardı, korrupsiya risklərini sıfıra endirmək olardı, rüşvət üçün imkanlar məhdudlaşdırılardı. Təəssüf ki, qərar qəbul edənlər hələlik susurlar".

O. Gündüz qeyd edib ki, bu sahələ ilə məşğul olacaq biləcək digər qurumlar da susurlar:

"Eektron qəbul prosesini tənzimləyən təkmil bir oxşar dövlət informasiya resursu olduğu zamanda onun, digər bir dövlət qurumunda tətbiqi ilə bağlı, eGov sahəsində əlaqələndirici qurum olan VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi, daha yuxarı qurumlar da təşəbbüs göstərmirlər.

Mövcud qanunvericiliyə görə məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər.
Amma bağçada boş yerin olmadığını bilmək üçün vətəndaşa heç bir imkan yaradılmayıb.

Vətəndaş bağça rəhbərliyinin adi bir sözünə inanmağa məcburdur. Amma sonradan məlum olur ki, kimlərsə müxtəlif yollarla uşaqlarını bağçaya qəbul etdirə bilirlər.

Beləliklə, mövcud qanunvericilik korrupsiya riskləri yaradır, ictimai nəzarət imkanlarını məhdudlaşdırır, dövlət nəzarətini isə indiki halda effektiv formada reallaşdırmaq mümkün deyil".

O, problemin həllinin iki yolu olduğunu qeyd edib:

"Əgər bağçaların tabeçiliyi TN-ə verilərdisə, bu doğru addım olardı və dəfələrlə bu haqda təkliflər irəli sürülüb, TN özünün hazır elektron resursları vasitsilə çox qısa zamanda bu problemi həll edə bilərdi.

İkinci yol isə qanunvericiliyi dəyişməkdir.

Düşünürəm ki, aidiyyəti qurumlar, VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi "Məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydası” haqında Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarında "qəbulun elektron qaydada” aparılması ilə bağlı düzəliş təklifi etməklə bu problemi bir anda həll edə bilərdi.
Ümid edək tezliklə bu problem öz həllini tapacaq".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR