İsmayıllı bazarı da hər an yana bilər -TƏHLÜKƏ

12-12-2019, 11:31 407 dəfə baxılıb

İsmayıllı bazarı da hər an  yana bilər -TƏHLÜKƏ

İsmayıllı şəhər bazarındakı acınacaqlı durumla bağlı, ölkə mətbuatı ilə ciddi narahatlıq ifadəsi olan yazılar dərc edib. Lakin aidiyyatı dövlət qurumları yazılanlarla maraqlanmaq istəmir. Hətta bazardakı antisanitariya rayonun səlahiyyət sahiblərinin belə veclərinə deyil.

Rayonun sabiq icra başçısı Vaqif Rəhimovun adına deyilən, hələ də onun yaxın adamlarının əlində olan şəhər bazarındakı mövcud durum, doğrudan da, əhalini böyük təhlükələrlə üz-üzə qoyub. İctimai gileyi günbəgün artıran antisanitariya məkanındakı bu kritik durum barədə Qida Təhlükəsizliyi Agentliyinə ünvanladığımız yazıların da, əhalinin xeyrinə bir faydası olmayıb. Lakin sanitariya və gigiyena norma və qaydalarına, bunlar haqqında olan qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə dövlət nəzarətinin təminatında yüksək səlahiyyətə malik həmin agentlikdən də, yazıda göstərilənlərə reaksiya olmayıb. Məhz belə laqeydliklərə görədir ki, həmin bazarda indiyədək heç nəyin dəyişmədiyinin şahidi olursan. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, halbuki, yeddi dövlət qurumunun -- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidmətinin, Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidmətinin və idxal zamanı Dövlət Gömrük Komitəsinin səlahiyyətlərini həyata keçirmək üçün yaradılan və ötən ilin ilk günündən
fəaliyyətə başlayan bu agentlik, ona həvalə edilən “tarladan süfrəyədək” prinsipi əsasında, burada satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün, bir çox lazımi tədbirlərini həyata keçirə bilərdi.

Danılmaz faktdır ki, rayon sakinləri üçün vacib olan bu şəhər bazarında qida təhlükəsizliyi yenə böyük təhlükə qarşısındadır. Fövqəladə Hallar Nazirliyi də, buradakı xoşagəlməz durumla ciddi maraqlanmalıdır. Yoxsa, İsmayıllı şəhər bazarı da, Azərbaycanlı iş adamı həmçinin "AF Holdinq" Şirkətlər Qrupunun və "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvü, “AF Hotel & Aqua Park"ın sahibi, tanınmış iş adamı Azay Möhnətovun adına deyilən "EuroHome" ticarət mərkəzinin acınacaqlı taleyini yaşaya bilər. Çünki bu ticarət mərkəzində bu gün baş verən güclü yanğın paytaxt
Bakını tüstüdə boğaraq, əhaliyə kritik məqamlar yaşatdı. Arzuolunmaz bu təhlükənin qarşısını almaq üçün, dövlət idarə və təşkilatlarındakı səlahiyyət sahibləri də, ciddi tədbirlərə əl atmalıdırlar ki, İsmayıllı şəhəri də, tüstüdə boğulmasın. İndi, səlahiyyət sahiblərinin hara baxdıqları, ölçü götürmək üçün nəyi və kimi gözlədikləri, hərəkətə keçməyə nədən tələsmədikləri
narahat əhalini və xırda ticarətlə məşğul olanları düşündürən əsas məsələdir.
Ümumiyyətlə, uzun zamandır antisanitariyanın hökm sürdüyü bu alver məkanındakı ürəkbulandıran mənzərə, onun iki addımlığında -- qəbristanlıq ərazisində fəaliyyət göstərən küçə ticarəti məkanının durumundan heç nə ilə fərqlənmir. Doğrudan da, işıqlandırma sistemi sarıdan da acınacaqlı vəziyyətə düşən şəhər bazarı hər an yanğın təhlükəsi ilə üzləşə bilər. Nə olsun, əhali üçün daha qorxulu görünən bu vəziyyətə görə, hətta, bazarın icraçı direktoru Mirdamət Cəfərovun xətrinə dəyən də yoxdur. Əlaqədar hökumət qurumları tərəfindən, hər an bazarda gözlənə biləcək təhlükələrin qarşısının alınmasına göstərişlərin verilməməsi, onların, antisanitar durum ucbatından əhali arasında yayıla biləcək müxtəlif yoluxucu xəstəliklərin belə qarşısını almaq səlahiyyətlərindən istifadə etmək istəməmələri çox düşündürücüdür.

Bu səbəbdən, bazardakı antisanitariyanın getdikcə daha da şiddətlənməsi bütün alıcıları olduqca narahat etməkdədir.
Doğrudan da, İsmayıllı şəhər bazarındakı hazırkı vəziyyət dözülməzdir. Səhər tezdən burada sanitariya və baytarlıq məntəqələri açıq olmur deyə, yoxlamalar aparılmır. Bazarda yalançı ekspertizalar keçirmək, pullar yığmaq və yalandan möhür vurub, sənədlər vermək, sanki məşğuliyyətə çevrilib. Bütün alver malları ekspertizadan keçirilmədən satılır. Necə deyərlər, burada aləmin qarışması ucbatından zibilliyi xatırladan, məişət tullantıları ilə dop-dolu olan bazarətrafı ərazilər də heç kəsi maraqlandırmır. Güclü küləklər müşayiət olunanda, buradakı tillantılar daha böyük ərazilərə yayılır. Müştərilərin əksəriyyəti hər addımda rastlaşdıqları bu halın insan həyatı üçün təhlükəli olduğundan gileylidirlər. Maraqlısı budur ki, antisanitariyanın baş alıb getməsinə, məhsulların natəmiz şəraitdə satılmasına baxmayaraq, burada alıcı sıxlığı kifayət qədər olur. Bazardakı ürəkbulandıran durumun əksi olan və bu yazı ilə birgə dəyərli oxucularımıza təqdim etdiyimiz foto-faktlar da, yerə qoyularaq, satılan malların insan həyatı üçün təhlükə mənbəyi olduğunun daha bir sübutudur. Bu yerdə onu qeyd etməyi lazım bilirik ki, çoxdandır, bazarın iki addımlığında yerləşən qəbristanlıq ərzisində də, antisanitariya şəraitində fəaliyyət göstərən qanunsuz küçə ticarətinə imkan yaradılıb. Meyvə-tərəvəzlə bərabər, geyim əşyalarından tutmuş, elektrik və isitmə avadanlıqlarına ev əşya və quşlarına qədər hər şeyin satıldığı və alverçilərlə dolu olan hər iki yerin durumları bir-birindən fərqlənmir. Bu ərazilər vaxtında süpürülərək, təmizlənmədiyindən, ətrafa yayılan məişət tullantıları atılmadığından bazar ətrafında tez-tez xoşagəlməz qoxulu hava axını müşahidə olunur.
Əvvəlki yazılarımızda olduğu kimi, bir daha qeyd edirik ki, zibilliyə qərq olan şəhər bazarının içinə də, çölünə də sabiq başçının adamları nəzarət edir. İçəridə yer haqqı baha qiymətə olduğundan, alverçilər küçələrə axışır. Lakin gündə külli miqdarda "yer haqqı" yığmaq sabiq başçının adamları üçün çətin olmur. Di gəl ki, bazarın ərazisini vaxtında zibildən təmizləmək, satıcılar üçün normal şərait yaratmaq onları maraqlandırmır. Aidiyyatı qurumlar, rayon rəhbərliyi, xüsusilə də, ticarət obyektlərində gigiyenik sağlamlığa nəzarət edən rayon Epidemologiya və Gigiyena Mərkəzinin əməkdaşları, bir dəfə də olsun, gəlib, bu yerlərin sanitar təmizliyi ilə maraqlanmırlar. Satılan ev quşlarının sağlam olub-olmaması da, onlar üçün maraqlı deyil. Qida təhlükəsizliyinə nəzarət edən qurum rəhbərliyi belə bu kritik durumla maraqlanmaq istəmir, hər şeyə göz yumaraq, yerində fəaliyyətsiz oturur. Sanki bu vacib məsələlərin onlara aidiyyatı yoxdur və yaxud, elə bil, belə iyrənc alverlə qazanmağa adət edən sabiq başçının adamlarının əlləri onlara da çatır.
"Görünən odur ki, bazar sahibi və onun əlaltıları özlərini düşmən kimi aparırlar. Hamı, elə, belə də deyir ki, anası erməni olan bazar sahibindən bundan artıq heç nə gözləmək olmaz. Çünki bu bazardan yığılan külli miqdarda puldan ermənilər üçün də ayrılır. Bazara himayədarlıq edən rayon polis şöbəsinin rəis müavini Şahin Əhmədovun nənəsinin erməni olması da, hər kəsə olmazın narahatlıqlar gətirir. Onu da qeyd edək ki, adını çəkdiyimiz rəis müavini, həm də sabiq başçı Vaqif Rəhimovun bacısı oğludur və burada istədiyini etməkdən də çəkinmir", -- bu sözlər isə, redaksiyamıza bir qrup ismayıllılı adından ünvanlanan şikayət xarakterli müraciətdən götürülüb və onların hədsiz narahatlıqlarının xoş olmayan ən təsirli ifadəsidir. Şikayətçi şəhər sakinləri həmin müraciətlərində xüsusi olaraq onu da vurğulayırlar ki, bu kritik durumun ağrı-acısı həmişə vətəndaşların, xüsusilə, əhalinin aztəminatlı hissəsinin "başında çatlayır": "Daha, İsmayıllı şəhər bazarında lap çoxdan yaranmış dözülməz vəziyyətin rayonun aidiyyatı dövlət qurumlarını tezliklə hərəkətə gətirəcəyinə, onların bazarın acınacaqlı sanitar durumuyla təcili maraqlanıb, çözülməz görünən digər problemlərinin də öz həllini tapması üçün, ciddi göstərişlər verəcəyinə, zərrə qədər də olsa, ümidimiz qalmayıb!..".

Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR