Azərbaycanda ev amnistiyası elan ediləcək? – Əvvəl sənəd, sonra cərimə…

29-12-2019, 17:39 303 dəfə baxılıb

Azərbaycanda ev amnistiyası elan ediləcək? – Əvvəl sənəd, sonra cərimə…

Daşınmaz əmlakın icbari sığortası başlanıb.

Yanvarın 1-nə qədər əmlakını sığortalamayanlar cərimələnəcək. Artıq bununla bağlı bəzi sığorta şirkətləri vətəndaşlara xəbərdarlıq ismarıcları göndərir, ərazilərə görə rüsumlar təqdim edirlər. Belə ki, Bakı şəhəri üzrə 50, Sumqayıt, Gəncə və Naxçıvan üzrə 40, digər regionlar üzrə isə 30 AZN ödəməklə əmlakı sığortalatmaq olar. Qeyd edək ki, sığorta tələbi yalnız “kupça”sı olan evlərə aiddir.

Nəzərə alsaq ki, Bakı və ətraf qəsəbələrdə daşınmaz əmlakların böyük əksəriyyəti sənədsizdir, deməli, əhalinin az hissəsi gələcəkdə sığorta hadisəsi zamanı bundan istifadə edəcək. “Kupça”sı olan ev sahibləri əmlaklarını sığortalamasalar, 30 manat cərimə olunacaqlar. Digər qismə isə cərimə şamil olunmayacaq.

Ölkədə evlərin sənədləşdirlməsi tam həyata keçirilmədiyi bir vaxtda əmlakların icbari qaydada sığortalanması nə qədər işlək mexanizm olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, ölkədə daşınmaz əmlakların sənədləşməsi məsələsi tam həll olunmadan sığortalaşmanın tətbiqi doğru deyil:

“Deyilənə görə, 500 minə yaxın sənədsiz daşınmaz əmlak var. Onların sənədləşməsi həll olunmadan bu qaydanın tətbiqi məntiqsizlikdir. Qanun hamıya şamil olunmalıdır. İki bina yanbayan, birinin “kupça”sı olsun, digərinin yox… “Kupça”sı olanla müqavilə bağlanılsın, yaxud bağlanılmasa, cərimə yazılsın, digərlərinə heç bir iş görülməsin. Bu, vətəndaşların bərabərlik hüququnu da pozur. Ona görə də bu qaydanın işləyəcəyinə ümid çox azdır. Çox güman ki, bu da icbari tibbi sığortanın taleyini yaşayacaq. Yəni 20 ilə yaxındır ki, İcbari Tibbi Sığorta ilə bağlı qaydalar var idi, amma tətbiq olunmurdu. İndi yeni-yeni tətbiq olunmağa başlayır. Gələn ildən ölkə ərazisində bütünlüklə bu sistem icra olunmalı idi, o da ertələndi. Daşınmaz əmlakın sığortalanması ilə bağlı da belə vəziyyət gözlənilir. Ertələnmə olmasa, vətəndaşların daşınmaz əmlakla bağlı sığorta işlərini həyata keçirmək mümkün deyil. Ertələdikdən sonra isə amnistiya elan olunmalıdır. Beynəlxalq praktikaya görə, əgər hər hansı bir vətəndaş uzun zaman mənzildə yaşayırsa, onun kommunal xidmətlərini vaxtı-vaxtında ödəyirsə, mülkiyyət hüququ yaranır. Mülkiyyət hüququ yarandığına görə, onlara aministiya elan edib əmlaklarının sənədləşdirilməsini 6 ay ərzində başa çatdırmaq olar. Yanvardan bu qaydalar qəbul olunsa, yəni belə bir aministiya verilsə, sığortanın tətbiqi ilə bağlı qərar verilə bilər. Yoxsa bu, işlək mexanizm olmayacaq və vətəndaşlar arasında da ciddi narahatlıq yaranacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR