Zərdablıların şikayəti kimdəndir-VİDEO

22-07-2020, 19:41 113 dəfə baxılıb




Zərdablıların şikayəti kimdəndir-VİDEO

GÖDƏKQOBU SAKİNLƏRİ: "Adımızdan istifadə edib, bu çətin məqamlarda bizi Mərdan Camalzadə ilə üz-üzə qoymaq düzgün deyil!"

Xeyli vaxtdır ki, internet saytlarında və sosial şəbəkələrdə Zərdab rayonundakı bir çox kəndlərin bələdiyyə torpaqlarını, o cümlədən ümumi istifadəyə verilməsi nəzərdə tutulan örüş sahələrini ayrı-ayrı işbaz şəxslərin zəbt edərək, qanunsuz istifadə etmələrindən bəhs edən yazılara tez-tez rast gəlinir. Həmin yazılarda deyilir ki, bu işbazlara öz şəxsi maraqlarını dövlət qanunlarından üstün tutan vəzifə sahibləri qorxub, çəkinmədən münbit şərait yaradıblar. Onların istədiklərini etmələri isə, artıq neçə ildir ki, burada xaoslu və ajiotajlı bir durumun yaranmasına səbəb olub. Deyilənlər barədə, rayonun Gödəkqobu kənd sakinləri adından saytlarda və digər mətbu vasitələrdə gedən yazılar daha çox səs-küy yaradıb. Həmin yazıların da əsas məğzi ondan ibarətdir ki, əslində, qanunla gödəkqobuluların istifadəsinə verilməli olan belə torpaq sahələri, çoxdandır ki, bir qrup işbaz tərəfindən qanunsuz zəbt edilib. Mediadakı həmin yazıların çoxunda işıqlandırılan kənd sakinlərinin kollektiv müraciətlərində xüsusi olaraq vurğulanır ki, ümumi istifadə üçün nəzərdə tutulan belə torpaqlar daha çox rayonun əvvəlki rəhbəri Lütvəli Babayevin dövründə,
bələdiyyə rəhbərləri tərəfindən qanunsuz olaraq, kəndə aidiyyatı olmayan ayrı-ayrı şəxslərin istifadəsinə və icarəsinə verilib.

Yeri gəlmişkən qeyd edək ki, 2004-cü ildə təsdiq olunmuş mövcud xəritə üzrə Gödəkqobu Bələdiyyəsinin sərəncamında ümumi istifadə üçün nəzərdə tutulan 558 hektar torpaq sahəsi olub. Həmin torpaq sahəsindən əkin üçün ayrılmış 62,9 hektarın hamısının, örüş üçün nəzərdə tutulmuş 119,5 hektarın əlverişli bütün hissələrinin də, belə bir aqibəti olub. Yəni, kənd bələdiyyəsinə məxsus həmin torpaq sahələrinin böyük hissəsi saxta müqavilə sənədləri ilə, uzun müddətli icarə adı altında qanunsuz tutulub. Bütün bunlar azmış kimi, kənd sakinləri özlərinə məxsus əkin sahələrini heç vaxt normal sulaya da bilməyiblər.
Hamıya məlum olduğu kimi, bütün aran rayonlarında, o cümlədən Zərdabda da suvarma suyunun verilməsində həmişə müəyyən çətinliklər olub. Pambıq, yonca və digər əkin sahələrinin suvarılması növbəlilik əsasında təmin edilib. Halbuki Gödəkqobu kənd camaatı üçün bunu da çox görüblər. Bu işə məsul vəzifə sahibləri əkin sahələrinin suvarılmasında yaratdıqları bu çətinlik ajiotajını həmişə havaların kəskin quraqlıq keçməsi, Gödəkqobu kəndinin də əkin sahələrinin xeyli hissəsinin suvarılmasında istifadə olunan Göyçay və Türyançay çaylarının sularının quruması ilə əlaqələndirməyə çalışıblar. Guya, bu səbəblərdən, həmin çaylardan əkin sahələrinin suvarılması üçün istifadə etmək mümkün olmayıb. Əslində isə, kənd sakinləri üçün ayrılan su, ötən illərdən bəri, saxta icarə müqavilələri əsasında zəbt olunan və təxminən 45 hektar ərazini əhatə edən, ancaq saxta sənədlərdə 22 hektar kimi göstərilən 3 böyük təbii gölə -- axmaz sututarlara verilib. Kənd sakinləri dəfələrlə aidiyyatı orqanlara müraciət edərək, xahiş ediblər ki, kənd ərazisində olan göllər Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ölçülsün. Çünki, adicə metrə ilə ölçəndə də, bu dəqiqliyi aydın etmək olur.
Məyusedici digər bir məsələ ondan ibarətdir ki, müqavilə əsasında Gödəkqobu üzrə balıqçılığın ikişaf etdirilməsi məqsədi ilə yaradılan mövcud sututarların, kənd sakinlərinə heç vaxt heç bir xeyri dəyməyib. Çünki həmin təbii göllər, çoxdandır ki, dədə-babadan ondan istifadə edərək, balıq tutmaqla ailələrini dolandıran kənd sakinlərinin əllərindən alınaraq, Bələdiyyənin saxta sənədləriylə Gödəkqobuya xeyirləri dəyməyən ayrı-ayrı fiziki şəxslərə icarəyə verilib. Onu da qeyd etmək vacibdir ki, bu 3 böyük göldən hər il tonlarla balıq əldə edərək, satan həmin işbazlar, əldə etdikləri böyük gəlirlərindən dövlətə qanuni vergi yox, həmişə, onlara bu münbit şəraiti yaradan rayon rəhbərlərinə haqq veriblər. Di gəl ki, bələdiyyə mülkiyyətindəki bu təbii göllərin əsas hissələrini yad adamlara icarəyə verməklə, bələdiyyə büdcəsinə və əhalinin sosial rifahına zərbə vuranların belə cinayət əməllərinə indiyədək hüquqi qiymət də verilməyib. Həm də, həmin sututarların icarəyə verilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəylərində və şəhadətnamə ilə aparılan qeydiyyatlarında ağlasığmaz bir çox saxtakarlıqlara rast gəlinib.
Ümumiyyətlə, 3000 nəfər əhalisi olan və regionda böyük kənd kimi tanınan Gödəkqobuda dədə-babadan əsas məşğuliyyət maldarlıq və əkinçilikdir. Bir vaxtlar əhali balıqçılıq və baramaçılıqla da məşğul olub. Di gəl ki, baramaçılığın inkişafına da əngəllər yaradılıb. Hətta bu məqsədlə salınmış 3 hektar tut bağını həmin işbazlar qanunsuz olaraq doğratdıraraq, yerində meyvə ağacları əkdiriblər. Balıqçılığın inkişafına əngəl olan səbəblər isə, göz qabağındadır. Bu barədə ortada saxta sənədlərin olmasına baxmayaraq, indiyədək heç bir tədbir görülməyib. Kənd sakinlərinin təbii göllərdən istifadə edə bilməmələrinin məlum səbəbləri təkzibolunmaz cinayət faktlarına çevrildiyindən, bu barədə əlavə nəsə deməyə ehtiyac duymuruq. Doğrudan da, Gödəkqobu kəndində əhalinin aqibəti yaxşı deyil, hər şey "kor kor, gör gördü": Su zülmü yaşamaları, örüş torpaqlarının başqaları tərəfindən zəbt edilərək əkilməsi, böyük göllərinin saxta sənədlərlə qanunsuz tutulması, həmçinin göllərin yaxınlığında olan kollektor və mühərriklərin belə zəbt edilməsi onların dilənçi günündə yaşamalarının əsas səbəblərinə çevrilib.
Gödəkqobuluların başqa iş yerləri olmadığından, yeganə əlaclarını yalnız öz torpaq sahələrini əkib-becərməkdə tapıblar. Buna da, həmişə, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin başında duranlar mane olaraq, əngəl yaradıblar. Nəticədə, çox vaxt əkdikləri və becərmək istədikləri nemətləri susuzluqdan məhv olub.
Onu da qeyd edək ki, rəhbər şəxsləri idarəyə gələn dizel yanacağı hesabına da həmişə "ciblərini doldurublar". Buna görə, idarəyə məxsus yanacaq vuran aparatları düzgün işlətməyiblər. Hər hektara su üçün vətəndaşlardan iki qat artıqlaması ilə pul alıblar. Texnikaları belə təmir etdirməyiblər. Texnikalar təmir olunmasa da, saxta sənədlərdə göstərdikləri təmir "pərdəsi altında" pul vəsaitləri yazaraq, mənimsəyiblər. Hətta əməkdaşların maaşlarını kəsərək, mənimsəməkdən də çəkinməyiblər. Kənddəki su mühərrikləri üçün ayrılmış dizel yanacaqlarının yoxlanılmasına daim zərurət olsa da, əlaqədar dövlət qurumları bunu etməyiblər. Əvəzində, həmin mühərriklər işlədilmədiyi halda da, onlara görə saxta sənədlərdə yazılan dizel yanacağının pulları mənimsənilib. İstifadə edilən elektirik enerjisinin pul göstəriciləri də, rəsmi sənədlərdə dəfələrlə artıq göstərilib və bu vəsaitlər talanıb. Fəhlələr üçün tikilməsi vacib olan xüsusi geyimlər onlara verilməyib. Kənd ərazisindəki suvarma kanalları lildən, qamışdan, kol-kosdan təmizlənməyib. Kanalların təmizlənməsi üçün də saxta sənədlər tərtib edilib və dövlət büdcəsindən buna görə ayrılan külli miqdarda bu pul vəsaitləri belə mənimsənilib.
Kənd sakinləri üzləşdikləri bu qanunsuzluqlar barədə, hətta, dəfələrlə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyinə müraciət də ediblər, amma indiyədək ortada bunun da müsbət hansısa nəticəsi yoxdur. Çünki kənd sakinlərinə qənim kəsilən Zərdab rayon Suvarma Sistemləri İdarəsindəki vəzifə sahibləri talançılıqla əldə etdikləri vəsaitlərin bir hissəsini yuxarıda oturanlara ötürdüklərindən, onlara “gözün üstə qaşın var” deməyə heç kəs cürət etməyib. Eləcə də, adları bir çox cinayətlərdə hallanan “Aqrolizinq” ASC-nin və digər önəmli dövlət idarələrinin rayon şöbələrinə başçılıq edənlərin də "xətirlərinə dəyən tapılmayıb".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR