"Çalıquşu" romantikası ilə Cəbiş müəllim imici: - kəndlərə ziya aparanlar necə dolanırlar?

5-04-2021, 16:11 26 dəfə baxılıb

Yanvarın sonunda pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün kompensasiyanın həcmi artırıldı. Kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün ödənilən kompensasiya 60 manatdan 90 manata çatdırıldı. Azərbaycanda kəndlərdə çalışan müəllimlərə kompensasiya məbləği artırılsa da, bu onların yaşadıqları yerdən çox-çox uzaqda fəaliyyətləri üçün yetərli deyil.

Məsələn, hazırda Qusar rayon Urva kəndində tarix fənnini tədris edən müəllim Bəxtiyar Şükürov aldığı kompensasiyanın üzərinə 10 manat da qoyaraq kirayə haqqı ödəyir. B.Şükürov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Tərtər rayon sakini olsa da, 2017-ci ildən Qusar rayon Yuxarı Kalunxur kənd məktəbində müəllim fəaliyyətinə başlayıb. 2020-ci ildən yerədəyişmə ilə Qusar rayon Urva kənd məktəbində tarix fənnini tədris edir. Qeydiyyatda olduğu Tərtər rayonu ilə işlədiyi kənd arasında məsadə 500 kilometrdir. Buna baxmayaraq 491 manat əməkhaqqı alır: "25 yaşımdan pedaqoji fəaliyyətə başlamışam. Hazırda 29 yaşım var. Subay olsam da ailəmdən uzaqda işləmək çətindir. Çünki məktəbdən gəldikdən sonra evdə özümə yemək hazırlamalı, evdə digər işləri görməli oluram. Burada hər ay kirayə 100 manat pul ödəyirəm. Aldığım kompensasiyanın məbləği isə 90 manatdır. Fevrala qədər 60 manat alırdım. Əvvəl aldığım kompensasiyanın üzərinə 40, indi isə 10 manat qoyub kirayə haqqı ödəyirəm”.

B.Şükürov peşəsini sevsə də, ucqar kənd yerlərində dərs keçən müəllimlərin bütün kompensasiyalardan bəhrələnmədiyini söyləyir. Onun sözlərinə görə, ona qanunla işlədiyi ərazidə torpaq sahəsi verilməli olsa da, bu günə qədər verilməyib.

Bütün bunlara rəğmən B.Şükürov işini məsuliyyətlə yerinə yetirir. Hətta Qusar rayonunda etnik azlıqların Azərbaycan dilini yaxşı bilməməsi müəllimi onların dilini öyrənməyə də vadar edib:

"Ailədən uzaqda işləmək çətin olsa da, bu məsuliyyəti öz üzərimə götürmüşəm. Hətta Qusarda işə başlayandan ləzgi dilini də öyrənmişəm. Əvvəl işlədiyim kənddə uşaqlar Azərbaycan dilini tam bilmirdilər. Onlara dərsi izah etmək üçün mən də ləzgi dilini öyrəndim”.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilsə də hal-hazırda verilən vəsaitlər onların xərclərini tam ödəmir:

"İlk növbədə qeyd edim ki, gənc müəllimlərin stimullaşdırılması üşün ciddi addımlar atılıb. Rayon mərkəzindən 3 km-dən 20 km-ə qədər məsafədə yerləşən kənd məktəbləri üçün müəllimlərə aylıq 90 manat, 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün 180 manat vəsait ödənilir.
Bundan başqa, kəndlərdə əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödənilir. Təhsil Nazirliyi son illər müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Həmin müəllimlər işlədikləri ərazidə daimi yaşamaq istəyirlərsə, icra hakimiyyəti bu məllimlərə torpaq sahəsi də ayırmalıdır. Onlara güzəştli kreditlər də verilir. Bununla belə, mən də hesab edirəm ki, kənd yerlərində işləyən müəllimlər üçün ödənilən kompensasiya məbləği artırılmalıdır. Amma bununla yanaşı, kənd yerlərində təhsilin səviyyəsi də yüksəldilməldir”.

Qeyd edək ki, bu ilin yanvar ayının 29-da baş nazir Əli Əsədov "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına müvafiq dəyişiklik edib. Son dəyişikliyə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 manat məbləğində kompensasiya verilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR