Türk dünyasının nümunəvi ölkəsi: Bakının Nur-Sultandan öyrənəcəyi çox şeylər var - Təhlil

14-06-2021, 22:13 57 dəfə baxılıb

Türk dünyasının nümunəvi ölkəsi: Bakının Nur-Sultandan öyrənəcəyi çox şeylər var - TəhlilQazaxıstan Türkiyə ilə Türk dünyası arasındakı münasibətlərdə xüsusi əhəmiyyətə malikdir. Qazaxıstanın qərar və təklifləri bu sahədə davamlılığın təmin edilməsi və institusionalizasiyanın sürətləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Şübhəsiz ki, bu ölkənin qurucu prezidenti Nursultan Nazarbayevin də bu prosesdə böyük rolu var. Bu səbəbdən Qazaxıstandakı inkişaflar və dəyişim prosesi də Türkiyə üçün əhəmiyyətlidir.

19 Mart 2019-cu il tarixində ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin istefası və daha sonra keçirilən seçkilər gündəmə yeni və fərqli bir model gətirdi. Bu yeni dövr 9 iyun 2019-cu il prezident seçkilərində qalib gələn və 12 iyun tarixində keçirilən and mərasimi ilə vəzifəsini dövr alan Kasım-Cömert Tokayev tərəfindən qeyd olunur.

Türkiyənin daha yaxından tanıması lazım olan Tokayevin, Qazaxıstanın ikinci prezidenti seçilməsinin ikinci ildönümündə şəxsiyyətini, qərarlarını və siyasətlərini araşdırmaq bu çərçivədə öz töhfəsini verəcəkdir.

Peşəkar diplomat və veteran dövlət xadimi

Tokayevin fərqləndirici xüsusiyyətlərindən birinin intellektual kökdən gəldiyini asanlıqla söyləmək mümkündür. Aldığı təhsil, böyüdüyü mühit və ölkənin kritik dövrlərində tutduğu vəzifələr şəxsiyyətinin formalaşmasında təsirli olmuşdu. Atası Kamal Tokayevin də tanınmış bir jurnalist və yazıçı olduğunu bu mənada xatırlamağa dəyər. Kamal Tokayev eyni zamanda qazax ədəbiyyatında detektiv janrının banisi kimi qəbul edilir. Anası Turar Şabarbayeva, Alma-Ata Pedaqoji Xarici Dillər İnstitutunun müəllimi idi. Böyüdüyü çoxdilli / mədəni mühitin onun müxtəlif seqmentlərlə ilk görüş yeri olduğu söylənilə bilər. Xüsusilə anasının xarici dil müəllimi olması onun dil bacarıqlarının gənc yaşlarında inkişafına yol açmışdır. Prezident Tokayev qazax, rus, ingilis, çin və fransız dillərini bilir.

Tokayev, diplomatların hazırlandığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) məzunudur. 1975-1991 arasında Sovet İttifaqı dövründə Sinqapur və Çin Xalq Respublikasında xidmət etmişdir. Birlik dağılma mərhələsinə qədəm qoyarkən Tokayev səfirliyin baş katibi vəzifəsini icra edirdi.

Qazaxıstan müstəqilliyini qazandıqdan sonra ölkəyə qayıdan Tokayev 1992-ci ildə Qazaxıstan Xarici İşlər nazirinin müavini vəzifəsində çalışmağa başladı və Qazaxıstan diplomatiyasının inkişafında çox işlər gördü. Bu kontekstdə ölkənin fərqli cəhətlərindən biri olan çoxşaxəli xarici siyasətinin formalaşmasında onun mübahisəsiz xidməti var. Uzun illər Qazaxıstan xarici işlər naziri işləyən Tokayev bir müddət Baş nazir vəzifəsini də öz öhdəsinə götürdü. Prezident seçilməzdən əvvəl Senat sədri vəzifəsində çalışan Tokayev 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini vəzifəsinə təyin olunan ilk qazax diplomatı oldu. Görünən budur ki, Tokayevin karyera xətti həm ölkəsindəki, həm də beynəlxalq siyasətdəki nüfuzunu gücləndirən amil rolunu oynamışdır.

İdarəetmə zehniyyəti

Qeyd etmək lazımdır ki, Prezident Tokayevi fərqləndirən xüsusiyyətlər arasında sadə və dürüst həyat tərzidir. Əslində müvəqqəti prezidentliyə yüksəldiyi günlərdə bu xüsusiyyətlər ictimaiyyətin əhəmiyyətli bir hissəsinin müzakirə mövzusuna çevrilmişdi. Seçki prosesində və sonrasında bu amilin ön plana çıxdığı sirr deyil.

Digər tərəfdən, onun sosial media hesablarından aktiv istifadə etmək təşəbbüsü xalqla açıq ünsiyyət qurmaq məqsədinin bir hissəsi kimi də qəbul edilə bilər.

Tokayevin idarəetmə yanaşmasının əsas kodları keçmişin güclü tərəflərini qorumaq şərtilə islahatlar və yeniliklərlə yeni proseslərə start verməsidir. Reportajlarından birində "Nursultan Nazarbayev dövlətimizin qurucusudur. Buna görə əvvəlki siyasətin davamlılığını təmin edəcəyimi söylə bilərəm. Hər şeydən əvvəl bu istiqamət Qazaxıstan üçün lazımdır. Şoka, fəlakətə ehtiyac yoxdur” sözlər də bunu təsdiqləyir.

Qazaxıstanın yeni liderinin islahatlarla bağlı düşüncəsi onun dilə gətirdiyi sözlərdə öz əksini tapıb: "Qazaxıstan islahatçı bir dövlətdir. İnanırıq ki, istər iqtisadi, istərsə də siyasi sahədə cəmiyyətimizin dönüşümünün qarşısı kəsilməməlidir. Qazaxıstanın dünyanın ən inkişaf etmiş 30 ölkəsi arasında yer alması üçün struktur islahatları davam etməlidir”.

Tokayev həm də istedadlı gənclərə yol açmaq və onları dövlət bürokratiyasına gətirmək üçün bəzi layihələr həyata keçirməyə çalışır. Bu istiqamətdə keçən il Prezident Administarsiyası daxilində 300 gəncdən ibarət heyət formalaşdırıldı. Bu il bu heyətə daha 300 gənc qəbul edildi.

Xalqının səsini eşidən dövlət

Tokayevin cəmiyyətin dialoq, demokratiya və ədalət tələblərinə cavab verməyə çalışdığı görülür. Bu çərçivədə, "insanlarını eşidən dövlət" və ya "həssas dövlət" anlayışının dövlət qurumlarında fəaliyyət göstərməsi istəyi, vətəndaşların tələblərinə sürətli cavab vermək və həll yolları tapmaq strategiyasından irəli gəlir. Dövlət işçilərinin bu yeni anlayışa uyğunlaşması bu hədəfin tərkib hissəsidir. Bu anlayışın təsirli inikası kimi Qazaxıstanda xaricilərə torpaq satışını qadağan edən düzəlişin tətbiqi göstərilə bilər.

Yenidən bu istiqamətdə hökumət ilə xalq arasındakı dialoqu dərinləşdirmək üçün "Milli-Sosial Etimad Şurası"nın yaradılması milli birlik və ictimai sabitlik üçün vacib bir addımdır. Şuranın əsas vəzifələri arasında milli strategiyaları, proqramları və qanun layihələrini ictimaiyyət adından araşdırmaq, ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının mühüm strateji inkişaflarla bağlı fikirlərini nəzərə almaq və konstruktiv dialoqu təmin etməkdir.

Yeni qanun və qaydalar

Son iki il ərzində rəhbərlik etdiyi Milli-Sosial Etimad Şurasının tövsiyələrinə uyğun olaraq hazırlanmış vacib qanunlar parlamentdə qəbul edildi.

Məsələn, yeni "Dinc Aksiyalar Qanunu” vətəndaşların sərbəst toplantılar keçirmək barədə konstitusiya hüququnu təmin etməyi hədəfləyir. Daha əvvəl dinc toplantıların keçirilməsi üçün tələb olunan icazələrin yerinə sadəcə bir bildiriş sistemi gətirildi. Etiraz aksiyaları, mitinqlər, nümayişlər keçirmək artıq böyük şəhərlərdə keçirilməsi mümkün olan toplantılar halını aldı. Bunlar ölkənin demokratik mədəniyyəti baxımından vacib addımlardır.

Digəri, parlamentin işləməsi və deputatların iş qaydaları ilə bağlı yeni qaydalardır. Bu çərçivədə Milli Məclisdə müxalif təsisatların qurulmasını və fəaliyyətini tənzimləməsini nəzərdə tutan qanunlara dəyişikliklər və əlavələr edildi. "Seçki Qanunu" və "Siyasi Partiyalar haqqında Qanun"un müddəalarına uyğun olaraq 30% qadın və gənclik kvotası ilk dəfə partiya siyahılarına daxil olundu. Bu tənzimləmə həm parlamentə, həm də yerli siyasi proseslərə qadınları və gəncləri cəlb etmək üçün bir metod kimi qəbul edilə bilər. Bu dəyişikliklərlə 2021-ci il yanvarın 10-da keçirilmiş parlament və yerli bələdiyyə seçkilərində müəyyən uğurlar əldə olundu.

Eynilə, 25 May 2021-ci ildə aparılan qanun dəyişiklikləri ilə vətəndaşlara mahal, şəhər, kənd, qəsəbə və kənd məhəllələrinin rəhbərlərini (muhtar və mahal valilərini) birbaşa seçmək imkanı verildi. Siyasi partiyalar üçün seçilmə baryeri də 7%-dən 5%-ə endirildi.

Qazaxıstan bu qanunlara əlavə olaraq insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini genişləndirməyi hədəfləyir. Məsələn, Qazaxıstanın BMT-dəki Daimi Nümayəndəsi ölüm hökmünün ləğvi məqsədi daşıyan Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının İkinci İxtiyari Protokoluna qatıldı. 9 iyun tarixində əhəmiyyətli bir qərar qəbul edildi və hökumətə ölkədəki insan hüquqları vəziyyətini yaxşılaşdırmaq üçün "İnsan Hüquqları Fəaliyyət Planı" hazırlamaq və həyata keçirmək tapşırığı verildi.

Milli dəyərlər və Latın əlifbası

Tokayevin öz vaxtında vurğulamağa çalışdığı mənəvi dəyərlər sistemi və qurulması bu gün Elbaşı (əbədi lider) adına sahib olan Nazarbayevin başlatdığı prosesdir. Prezident Tokayev də sələfi kimi qazax dilinin inkişafına xüsusi əhəmiyyət verir. Məsələn, "vətən”, "ana dilimiz” və "xalq birliyi” anlayışları Tokayev tərəfindən Qazaxıstanın suverenliyinin əbədi dayağı kimi qəbul edilib. Digər bir vacib məqam Tokayevin Latın əlifbasına keçidi Türk dünyası ilə inteqrasiya kontekstində qiymətləndirməsidir.

31 Mart 2021-ci ildə Türk Şurasının Türküstan sammitindəki (zirvə toplantısı-Ovqat.com) çıxışında Tokayev belə demişdi: "Təhsil sahəsində əməkdaşlıq uğurlu perspektiv ortaqlıqlar üçün əsas amildir. Bu çərçivədə ortaq bir mədəniyyət, təhsil və elm sahəsi qurulmalıdır”. Bunun təzahürü olaraq Türkiyədə istifadə olunan Latın qrafikasının xüsusiyyətlərini əks etdirən yeni əlifba internetdə müzakirə üçün xalqa təqdim olundu. Yeni qazax əlifbası iki nöqtə, uzanma, çəngəl, qısaltma və dalğa rəmzləri ilə birlikdə 31 əsas hərf və işarələrdən ibarətdir.

"Müstəqillik hər şeydən daha vacibdir" başlıqlı məqaləsində Tokayev Qazaxıstanın ərazi bütövlüyünə şübhə edən və qonşuluq münasibətlərinə zərər vermək istəyənlərə reaksiya veriləcəyini vurğulayaraq bildirib: "Milli tariximizin əsası qədim zamanlardan başlayır. Mən milli maraqlarımızı hər şəkildə qoruyacağımızı vurğulamaq istəyirəm”.

Böhran idarəetməsi

Prezident Tokayev seçildikdən sonra bir sıra böhranlarla üz-üzə qaldı desək, səhv etmərik. Bu böhranların Tokayev rəhbərliyi üçün də vacib bir sınaq olduğu gözardı edilə bilməz. Son iki ildə ölkədə bəzi təbii / texnoloji fəlakətlər və etnik qarşıdurmalar yaşandı. Tokayevin hadisələrin başlanğıcında böhranlı bölgələrə şəxsən və tez bir zamanda getməsi qazaxlar tərəfindən yüksək qiymətləndirildiyini söyləmək olar.

Tokayev dövründə yaşanan ən böyük böhran qlobal Kovid-19 epidemiyası idi. Müəyyən fasilələrlə təsirli artımlar olsa da, hazırda Qazaxıstandakı epidemiya 2021-ci ildə aşılamanın başlanması ilə nəzarət altına alındı. Üstəlik, Qazaxıstan dünyada öz peyvəndini istehsal edən nadir ölkələrdən biri oldu. Epidemiyaya qarşı mübarizə çərçivəsində Qazaxıstanın 12,6 milyon yetkin əhalisinin 4,5 milyonuna maddi yardım, qida və ev məhsulları verildi, 700 mindən çox müəssisəyə vergi güzəştləri tətbiq edildi və kreditlərin ödənilməsi təxirə salındı. Bundan əlavə, təxminən 500 min aztəminatlı şəxsin kredit borcları tamamilə silindi. Pandemiyadan sonra iqtisadi canlanma çərçivəsində Qazaxıstan iqtisadi daralmanı 2,6% ilə məhdudlaşdırmağı bacardı. 2021-ci ildə ölkədə ən az 3,2% böyümə gözlənilir. Bundan əlavə, iqtisadiyyatın gücləndirilməsinə və investisiya cəlb edilməsinə yönəlmiş tədbirlər tam sürətlə həyata keçirilməyə davam edir.

Nəticə etibarilə, Prezident Tokayevin 2 illik səlahiyyət müddətini davamlı dəyişim adlandırmaq mümkündür. Tokayev, Nazarbayevin başlatdığı siyasəti davam etdirərkən eyni zamanda siyasi islahatlara da diqqət ayırır. Qəbul olunan yeni qanunlar və dəyişikliklər həyata keçirilə bilsə, ölkənin demokratikləşməsində tədricən irəliləyiş olacağını proqnozlaşdırmaq mümkündür. Son iki ildə hələ də bəzi çatışmazlıqlar nəzərə çarpsa da, xalqla rəhbərlik arasında dialoqun güclənməsinə paralel olaraq Prezident Tokayevə inamın artdığı müşahidə edilir.

Professor. Dr. Kürşad Zorlu
Anadolu Agentliyi

P.S. Sərlövhə Ovqat.com-a aiddir və müəllifin fikirlərini ifadə etmir


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR