ABŞ-ın Bakıdakı səfirinin şifrəli mesajları

14-05-2019, 09:01 318 dəfə baxılıb

ABŞ-ın Bakıdakı səfirinin şifrəli mesajları


Li Litzenberger Azərbaycanla əlaqələrə yüksək dəyər verdiklərini açıqlamaqla yanaşı, bəzi gözləntilərini bölüşdü; politoloq: “Azərbaycan Novruz bayramı ərəfəsində verilən əfvdən öncə də təhlükəsiz dövlət idi, indi də...”
ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger (Lee Litzenberger) ilk tam həcmli müsahibəsini “Turan” informasiya agentliyi və “Amerikanın Səsi” radiosuna verib.

Səfir “Amerikanın Səsi” və “Turan” agentliyinə müsahibəsində ABŞ-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik və insan hüquqlarından danışıb.

“ABŞ-Azərbaycan münasibətlərinin indiki səviyyəsi Amerika hökumətini qane edirmi? Siyasi münasibətlərin daha da dərinləşməsi üçün nə edilməlidir?” - suallarına cavabında səfir deyib: “Sizin ABŞ-Azərbaycan münasibətlərinin səviyyəsindən mənim razı olub-olmamağım barədə sualınıza cavabım həm ”bəli", həm “xeyr” ola bilər. “Bəli” cavabı barədə açıqlama versəm, onu qeyd edə bilərəm ki, indiki məqamda iki dövlət arasında çoxlu sahələrdə olan münasibətlər həqiqətən də çox yaxşıdır, öz qüdrəti, öz gücü ilə seçilən münasibətlərdir. Ümumiyyətlə, bizim tərəfdaşlığımız müxtəlif səpkidə, sahələrdə mövcuddur. Bu tərəfdaşlığa təhlükəsizlik, enerji və iqtisadiyyat, demokratiya və sosial inkişaf kimi sahələr daxildir. O ki qaldı mənim “xeyr” cavabıma, qeyd etmək istərdim ki, ümumiyyətlə, bizim münasibətlərin daha da inkişafı, daha da dərinləşməsi üçün potensial mövcuddur. Mənim Azərbaycanda ABŞ səfiri kimi fəaliyyət göstərdiyim dövrdə məqsədlərim ondan ibarətdir ki, həm Azərbaycan Respublikasının hökuməti ilə, həm də Azərbaycan xalqı ilə birgə fəaliyyət göstərərək Azərbaycanın daha təhlükəsiz, daha firavan, daha azad və ədalətli dövlətə çevrilməsi istiqamətində yardım göstərim".

Diplomat insan haqları sahəsindən danışarkən Azərbaycanda Novruz bayramı ərəfəsində imzalanan əfv fərmanını xatırladıb: “Bu fərman əsasında bir sıra məhkum olunmuş şəxslər azadlığa buraxılıb. Biz bu faktı çox böyük bir məmnunluq hissi ilə qeyd etmək istəyirik. Sadəcə, düşünürəm ki, Azərbaycanda bu istiqamətdə görüləcək daha çox iş var. Çox ümid edirəm ki, Azərbaycanda bir gün olacaq ki, ümumiyyətlə, hər hansısa əsas azadlıqlarını və ya konstitusiya hüquqlarını bildirdiyinə görə insanlar həbs olunmayacaqlar. O ki qaldı Azərbaycanda tənzimləyici islahatların həyata keçirilməsi istiqamətinə, biz bəyan olunmuş məhkəmə sahəsində keçirilən islahatlarda maraqlıyıq. Düşünürük ki, bu təşəbbüs Azərbaycanda qanunun aliliyi kimi olan məfhumun gücləndirilməsinə təkan verəcək”.


ABŞ-Azərbaycan münasibətlərindən bəhs edən səfir deyib ki, ABŞ-ın cari administrasiyası dövründə daimi olaraq yüksək səviyyəli rəsmilər Azərbaycanla təmasda olublar: “Prezident Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dörd məktub ünvanlayıb. Ötən ilin payızında isə prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə əlaqələndiricisi cənab Con Bolton bölgəyə səfər edib. Düşünürəm ki, Con Boltonun Azərbaycana səfəri, ümumiyyətlə, ABŞ-ın Azərbaycanla olan strateji tərəfdaşlığının bizim üçün çox vacib olmasının əyani təzahürüdür. Ona görə düşünürəm ki, bu istiqamətdə çox müsbət bir trend mövcuddur”.

“2018-ci ilin oktyabrında Azərbaycanda səfərdə olan dövlət katibinin köməkçisinin müavini Con Kent bildirmişdi ki, növbəti səfəri zamanı AzadlıqRadiosunu dinləyəcəyinə ümid edir. Cənab Kent bir neçə gün əvvəl də Azərbaycanda səfərdə olub, amma AzadlıqRadiosunu dinləyə bilməyib. Rusiyanın bütün media orqanlarının Azərbaycanda ofisləri olduğu halda Amerika Konqresinin maliyyələşdirdiyi AzadlıqRadiosunun internet səhifəsinə girişə belə blok qoyulmasını necə izah edərdiniz?

Hazırda radionun Bakı bürosunun açılması üçün hansı səviyyədə danışıqlar aparılır?" - suallarına cavabında Li Litzenberger deyib: “Bu sualınıza cavab verərkən, ilk öncə icazənizlə bir ifadədən başlayardım ki, azad və müstəqil tərzdə fəaliyyət göstərən media həm Azərbaycanın iqtisadi və demokratik inkişafı, həm də istənilən dövlətin iqtisadi və demokratik inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə biz sözügedən məsələyə böyük önəm veririk. Digər bir amil də var ki, hər bir şəxs müxtəlif məlumat mənbələrindən məlumat almaq hüququna malik olmalıdır. Mən AzadlıqRadiosunun Azərbaycanda öz yayımını bərpa etməsini və sözügedən radionun veb səhifəsinə qoyulan məhdudiyyətlərin aradan götürülməsini çox görmək istərdim.

Düşünürəm ki, demokratiya şəraitində insanlar müxtəlif mənbələrdən gələn məlumatları əldə etmək və müxtəlif mənbələrdən əldə etdikləri məlumatlara əsasən öz fikirlərini formalaşdırmaq hüququna malik olmalıdır".

Li Litzenberger deyib ki, Təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun bölgəyə səfəri ABŞ və Azərbaycan arasında olan ikitərəfli münasibətlərin güclənməsinin siqnalıdır: “Bu, ABŞ-la Azərbaycan arasında olan ikitərəfli münasibətlərin çox güclü olmasının bir təzahürüdür. Həqiqətən də ABŞ və Azərbaycanın təhlükəsizlik sahəsində apardıqları əməkdaşlıq çox güclüdür və bu əməkdaşlıq əsasən qlobal terrorçuluğa qarşı mübarizədə öz əksini tapır. Eyni zamanda Azərbaycanın Əfqanıstanda fəaliyyət göstərən sülhməramlı koalisiyaya verdiyi töhfələr həqiqətən çox vacibdir”.

“Turan”ın “Gürcüstan və Ukraynanın Qərb institutlarına, o cümlədən Avropa İttifaqı və NATO-ya inteqrasiyası bu ölkələri ərazi itkiləri ilə üzləşdirdi. Azərbaycan hökuməti Qərb institutlarına inteqrasiyanı sürətləndirərsə, Amerika bu ölkəni Rusiyanın təsirlərindən qorumaq üçün nə edə bilər?" - sualına Li Litzenberger belə cavab verib: “Siz Gürcüstanda və Ukraynada sözügedən olaylar, sözügedən ərazilərin itirilməsi barədə danışdınız. Mən düşünmürəm ki, ərazilərin itirilməsi Gürcüstanın və yaxud Ukraynanın atdığı hər hansı addımların nəticəsi olub. Mən düşünürəm ki, ərazilər üzərində nəzarətin itirilməsi məhz Rusiya tərəfindən açıq-aşkar şəkildə göstərilən aqressiyanın nəticəsi olub. Ümumiyyətlə, Rusiya gücdən istifadə edərək digər dövlətlərin ərazilərini qeyri-qanuni şəkildə işğal edib. Sualınıza cavab olaraq onu da qeyd etmək istəyirəm ki, hər hansı bir dövlət başqa bir dövlətin xarici siyasət istiqamətində atdığı addımlara və verdiyi qərarlara veto qoya bilməz. Deməzdim ki, ərazilər itirilib. Ərazilər işğal altındadır. Düşünmürəm ki, qəbul olunmuş beynəlxalq münasibətlər sistemində hər hansı dövlət digər dövlətlər üzərində təsir edə və ya təsirini əldə etməyə çalışa bilər. O ki qaldı Azərbaycana, mən demək istərdim ki, ABŞ ilkin müstəqillik dövründən, Sovet İttifaqından müstəqilliyini qazandıqdan sonra Azərbaycanın müstəqilliyinə həmişə dəstək verib və dəyərləndirib. Biz bu istiqamətdə müxtəlif fəaliyyətlər, o cümlədən energetika sahəsi istiqamətində dəstək göstərmişik. Yenə təkrar etmək istərdim ki, ABŞ Azərbaycanın müstəqilliyinin ilkin dövründən Azərbaycanın müstəqilliyini dəstəkləyir”. Səfir onu da deyib ki, Rusiyanın işğalçılıq siyasətinə qiymət verilib, o, indiyədək işğalçılıq siyasətinin cəzasını, əziyyətini çəkir.

Li Litzenberger deyib ki, ABŞ-ın Qarabağla bağlı mövqeyi çox aydın və çox açıqdır: “ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyir. Bu da o deməkdir ki, biz münaqişəyə cəlb olunan iki tərəfdən göstərilən və nəticə etibarilə sülh sazişinə gətirib çıxara bilən səyləri çox dəstəkləyirik”.

Li Litzenberger qeyd edib ki, Azərbaycan artıq tranzit dövlət kimi çox vacibdir.

Əfv fərmanından bəhs edən diplomat söyləyib ki, atılan bu addımın nəticəsində Azərbaycan beynəlxalq dəstək qazanaraq daha da təhlükəsiz bir dövlətə çevrildi: “Biz buna bənzər əlavə addımların atılmasını görmək istəyərdik. Biz eyni istiqamətdə daha çox addımların atılmasını görmək istəyirik. Onu da deyim ki, siz düz dediniz, əfv fərmanından sonra əks istiqaməti göstərən faktlar da yer aldı. Eyni zamanda müsbət bir irəliləyişi də görürük. Bu gün belə bir xəbər var idi ki, xaricə səyahət etmək qadağası ilə üzləşən dörd jurnalistin üzərindən bu qadağa artıq götürülüb. Tolerantlıq və vətəndaşların hüquqlarına hörmət edilməsi istiqamətində irəli addım atan Azərbaycan öz maraqlarının irəliləməsinə şərait yaradır”.



Amerikalı diplomatın fikirlərinə, həmçinin şifrəli mesajlarına münasibət bildirən politoloq, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Azərbaycan Novruz bayramı ərəfəsində verilən əfvdən öncə də təhlükəsiz dövlət idi və elə indi də təhlükəsiz dövlətdir. Bu təhlükəsizlik amillərinin beynəlxalq dəstək, yaxud beynəlxalq təzyiqlərlə birbaşa əlaqəsi yoxdur. Azərbaycandakı təhlükəsizlik daxili faktorlarla - Azərbaycan xalqının birliyi və prezidentin siyasi iradəsi ilə bağlıdır. Bizim təhlükəsizliyimizə təhdid yaradan başlıca amil isə torpaqlarımızın işğal altında olmasıdır. Məhz bu fakt ABŞ səfirinin dediyi kimi, ”daha çox" addımların atılmasına mane olur. Baxmayaraq ki, “daha çox” çox mücərrəd və sərhədi olmayan anlayışdır. Bütün daha çoxların sonunda xaos, vətəndaş qarşıdurması və xarici müdaxiləyə açıq bir nəticə gəlir. Bu baxımdan da bizim “daha çox”umuz bizim maraqlarımızın sərhədlərinə qədər irəliləyə bilər".

E.Mirzəbəyli qeyd etdi ki, əgər ABŞ və digər dövlətlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə daha açıq dəstək versələr, işğalçıya qarşı beynəlxalq hüququn prinsiplərindən irəli gələn addımlar atsalar, o zaman ölkəmizin təhlükəsizliyinə təhdid yaradan faktorlar aradan qalxa və “daha çox”ların da sərhədləri genişlənə bilər: “İndiki şəraitdə bizim üçün daxili sabitlik və təhlükəsizlik bütün digər vəzifələrdən öndə dayanır. Çünki qarşımızda torpaqlarımızı işğal altında saxlayan və işğalçılıq niyyəti bitib tükənməyən bir düşmən ölkə var. Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın Şuşanın işğalı ilə bağlı son açıqlamasında yer alan fikirlər də sübuta yetirir ki, işğalçı ölkə bir zaman ölkədəki siyasi qarşıdurmadan istifadə edərək, Qarabağı işğal edib və bu gün də eyni prosesin baş verməsini arzulayır. Əgər bu təhdid aradan qalxarsa və işğalçı geriyə otuzdurularsa, o zaman şübhə etmirəm ki, Azərbaycanın ”daha çox"ları ABŞ səfirinin nəinki qənaətinin, hətta təsəvvürlərinin sərhədlərini belə aşa bilər. Çünki torpaqları işğal altında olan bir ölkənin əldə etdiyi nailiyyətlər belə düşünməyə əsas verir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR