Hisslər və böyük geopolitika....

3-06-2019, 10:19 222 dəfə baxılıb

Hisslər və böyük geopolitika....


Ukraynada artıq seçkilər başa çatıb. Xalq arasında böyük dəstək alan komedik aktyor Zelenski prezident ünvanını qazandı. Poroşenkonun beş illik səriştəsiz iş fəaliyyətindən bezən xalqınən önəmli alternativinin təcrübəsiz, heç bir ciddi və əhəmiyyətli siyasi dəsti xətti olmayan -əslində heç bir konkret ideyası olmayan birinə yönəlməsi çox böyük faciədir. Bu insanın siyasi platforması tipik populist və mücərrəd vədlərlə, necə həyata keçirilməsi heç Zelenskinin özünə bəlli olmayan adi siyasi fikirlərlə doludur; “rifahlı gələcək”, “korrupsiyaya yox”, “müharibəyə son” və bu cür hamımızın öyrəşdiyi tipik siyasətçi vədləri. Ancaq əsas suallar olan “nə cür?”, “hansı yolla?” mövzularının cavabını heç kim bilmir. Bu ölkə öz gələcəyi ilə qumar oynayır.
Ümumi olaraq götürdükdə, Ukrayna zamanın və özünün coğrafiyasının reallıqlarını götür-qoy etmədən, utopik-liberal məvhumlarla hərəkət etmənin nə qədər katastrofik nəticələr doğura biləcəyinin ən gözəl nümunəsidir.Sərhədində Qərb paranoyası ilə yatıb duran Rusiyaya məhəl qoymadan Avropa İttifaqı və NATO-pərəst siyasət yürütmək bu dövlət üçün baha başa gəldi. Əslində, Rusiya Abxaziya və Osetiya işğallarından başlayaraq bu qurumların şərqə tərəf hüdudlarını genişləndirməsinə tolerantlıq göstərməyəcəyini işarə vermişdi. Rusiya öz aqressiv hərbi addımları ilə beynəlxalq hüququ qəti şəkildə pozsa da, bu başa düşüləndir. Təsəvvür edin, günün birində Rusiya Meksika və Kubayla hərbi təhlükəsizlik müqaviləsi bağlayır və silahlı qoşunlarının bir hissəsini bu iki ölkəyə-Amerika ilə sərhədə göndərir. Sizcə ABŞ heç nə reaksiya verməyəcək?Əslində yaxın tarixə baxsaq, buna bənzər bir hadisə baş vermişdi; 1962-ci ildə SSRİ-nin öz nüvə raketlərini Kubaya yerləşdirməyi az qala ABŞ-ın ona savaş elan etməyi ilə nəticələnəcəkdi. Karib böhranı adlanan bu hadisə soyuq müharibə dövründə tərəflərin birbaşa hərbi qarşıdurmaya ən yaxın olduqları tarix kimi hesab olunur. Ancaq, qarşılıqlı böyük məhv və insan itkisi riski bu iki nəhəng gücün kompromisə getməsinə yol açdı.
Reallıq odur ki, güc olaraq zəif ölkələr regionlarındakı böyük güclərin reaksiyasını hesablamaq, ona görə hərəkət etmək məcburiyyətindədirlər. Lakin bu o demək deyil ki, onlar öz ideallarından və hədəflərindən əl çəkməlidir, sadecə bunları təmkinli şəkildə yerinə yetirməlidirlər.
Ukrayna heç bir qərb ittifaqına qoşulmadan da Avropaya daha sıx və yaxından inteqrasiya edə bilərdi. Çoxdandır arzusunda olduğu Qərblə asanlaşdırılmış viza rejimini böyük ərazilər itirmədən də əldə edə bilərdi. NATO və Aİ-nin üzvü olmaq birdən-birə ölkəni varlı, xalqı rifah içində etmir. Misal üçün Polşa, Macarıstan, Rumıniya və Bolqarıstan kimiölkələr neçə illərdir bu iki ittifaqın üzvü olsa da insanlar varlıq içində yaşamır, aşırı firavan halda deyillər. Polşa on beş ildir Aİ-nin üzvüdür, ancaq iqtisadi səbəblərdən iki milyondan çox polyak Avropanın digər ölkələrinə köçüb işləyirlər. Xüsusilə, Birləşmiş Krallıqda bir milyondan çox polyak var. Elə ona görə də Böyük Britaniyada üçüncü ən çox danışılan dil irlandca və şotlandca deyil polyakcadır. Bolqarıstan və Rumıniyanın hələ də korrupsiya ilə bağlı ciddi problemləri var. Macarıstan kasıb olmaqla yanaşı, oradakı baş nazir Mixail Orban vaxt keçdikcə azad medianı ələ keçirir və ümumi olaraq daha da avtoritarlaşır. Lakin bir həqiqət yenə də dəyişməz qalır: üzvlük hələ heç nəyi həll etmir, ölkə öz daxilindən işlərini yerinə qoyuncaya, daxildən düzəlincəyə qədər.
Yaxın tarixə nəzər salsaq görərik ki, Ukrayna bu cür demokratik reformlarla çoxdandan tanışdır, burada Maydan hadisələrindən əvvəl də azadlıq varıydı. 2003-cü ildən narıncı inqilab adı ilə başlayan bu siyasi reformasiyalar bir-birini əvəzləyərək davam edib gedir, amma insanlar yenə də öz həyatlarından gileylidirlər. Çünki 2013-cü il Maydan iştirakçıları prioritet verməsələr də, Ukraynanın əsas problemi artıq siyasi olmaqdan çıxmışdı, məsələ iqtisadiydi. Demokratiya gözəldir və müsbət faktordur, amma qarın doyurmur. Müqayisə baxımından bir milyarddan çox əhalisi olan iki ölkəyə - Hindistan və Çinə baxsaq görərik ki, repressiv Çin demokratik Hindistandan çox daha varlıdır və dünyada ümumi daxili məhsulun həcminə görəABŞ-la ilk iki yeri bölüşür. Çin effektiv iqtisadi islahatlar yolu ilə axır üç-dörd onillikdə 100 milyonlarla vətəndaşını yoxsulluqdan çıxara bildi. Ukrayna isəöz maddi rifahını artırmaq üçün əsas komponentlərə– böyük ərazi və əhali, əlverişli coğrafi lokasiya, bacarıqlı insan kapitalına- sahib olmasına rəğmən daxildən düzgün iqtisadi strategiya qura bilmədiyinə görə öz potensialına çata bilməyib. Faktlar bir daha vurğulayır ki, emosiyalara qapılıb qurtuluşu Avropa İttifaqında axtarmaq sadecə sadəlövhlük və ağılsızlıqdır. Ukrayna bu quruma elə sabahdan da qoşulsa, heç vaxt bir Almaniya olmayacaq.
Güclü iqtisadi rifah üçün gərək ölkə nə isə təklif edə; ya ixrac edəsi məhsulu ola, ya servis yönümlü iqtisadi model, ya da müxtəlif xarici investisiyalar yolu ilə. Ukraynada bunların heç biri yoxdur. Bu dövlət üçün ən yaxşı seçim öz demokratik ideallarına sadiq qalmaq şərtilə Rusiya ilə əməkdaşlığı artırıb, öz şərq qonşusunun 140 milyonluq potensial istehlakçı qüvvəsindən və onun təmin edə biləcəyi digər imkanlardan istifadə etmək olardı. Ukrayna istehsalı Avropa bazarlarına çıxsa da orada standardların yuxarı olduğundan, müəyyən nizamnamələrə və qanunvericiliyə riayət edilməsinin zəruriliyindən böyük maddi mənfəət əldə edə bilməyəcək. Liberal utopiyalara və siyasi romantizmə qapılmaq çox təhlükəlidir. Hətta işğalçı Ermənistanda inqilabla hakimiyyətə gəlmiş Paşinyan da geosiyasi reallığı dərk edərək bu çevrilişin Rusiyaya qarşı olmadığını, sadecə daxili məsələ olduğunu hər vəchlə dilə gətirirdi. Halbukionun inqilaba qədərki siyasi görüşləri açıqca qərb yönümlü idi.
Əlavə olaraq bir faktı da qeyd etmək lazımdır ki, fiziki olaraq məsafə artdıqca iqtisadi əməkdaşlıq azalır. Əmtəələrin daşınması, uzağa transportasiya, tariflər, yol xərcləri və bunun kimi nə qədər faktoru hesaba qatdıqda ölkənin öz regionundakı dövlətlərlə tərəfdaşlıq etməsi hər zaman daha əlverişli olur. Məsələn, Almaniyanın öz regionundakı ölkələrlə ümumi ticarət dövriyyəsi digər regionlardakından daha çoxdur. Eyni şeyi Kanada haqqında da demək olar, onun da öz regionunda- Şimali Amerikada yerləşən dövlətlərləticarət dövriyyəsidigər coğrafiyalarda yerləşən dövlətlərlə olan ticari həcmindən daha artıqdır. Bu geoiqtisadi qanunauyğunluğu Ukrayna üçün də nəzərə alsaq görərik ki, işlər çox da parlaq olmayacaq. Brüssel uzaqdadır, Vaşinqton isə lap uzaqda.
Danimarka, Norveç, İrlandiya və İslandiya Avropa Birliyinin hissəsi deyillər, ancaq çox üzv ölkədən daha varlıdırlar. Onların şengen ərazisi olub-olmamaları və üzv ölkələrlə siyasi-iqtisadi bağları ikitərəfli və çoxtərəfli sazişlərlə tənzimlənir. Ukrayna da belə mexanizmlərə əl ata bilərdi.
Coğrafiyanın önəmi, qonşuluqda inkişaf etmiş, stabil və sülhpərvər dövlətlərin olması ümumi siyasi və iqtisadi vəziyyət baxımındandanılmazdır. Ancaq, ölkə öz gələcəyi üçün qərar verirsə, keçmiş və indiki tarixi aspektləri, cəmiyyətin dünya görüşü kimi müxtəlif sosial faktorları də diqqət yetirməli, qlobal və regional siyasi abu-havanı gözdən keçirməlidir. Ukrayna buffer zonası kimi qalsa, kəskin anti-rus mövqeyindən vaz keçib həm qərb, həm də şərqlə müsbət əlaqələr qursaydı, onun üçün daha faydalı olardı.
Rusiyaya qarşı bu cür siyasi tendensiyaların Azərbaycanda da mövcud olması heç kimə sirr deyil. Elə bu mövzu haqqında danışsaq deyə bilərəm ki, mənim Rusiya haqqında fikirlərim çox paradoksaldır; bir tərəfdən Rusiyanın bizi işğalçılıq tarixi, hələ də davam edən ümumi imperiyalist retorikası və artan rus faşizmi bir azərbaycanlı kimi qayğılandırmaya bilməz. Digər tərəfdən isə Rusiyanın mövcudluğu və təsiri Azərbaycanda mümkün ola biləcək opportunist radikal-dini hərəkatların və dini fanatizmin qarşısını alır və azaldır. Bu, müsbət haldır. Ümumiyyətlə, tarixən ölkəmizdəki sekulyarlıq ənənələri Rusiya amilinə görədir. Səudiyyə Ərəbistanında və İranda olduğu kimi baş kəsmək, əl kəsmək, daşlamaq və asmaq bizə yaddır. Hər-halda Azərbaycan dünyəvi, multilkulturalist dəyərlərə hörmət edən, qadın-kişi bərəbərliyinin olduğu sekulyar bir ölkədir. Və dövlətimizin bu dəyərlərinə hörmət etmək, qorumaq çox önəmlidir.
Ərazi itkilərinə gəlincə Ukrayna Donbassı geri qaytara bilər, ancaq Krım böyük ehtimalheç vaxt qayıtmayacaq.Orada Rusiyanın stratejik olaraq çox önəmli hərbi donanması mövcuddur və bu onlara Qara dənizdə daha geniş hərbi əməliyyatlar aparmaq bacarığı verir. Elə Krıma hərbi müdaxilənin əsas səbəblərindən biri bu idi. Rusiya yaxın və ya uzaq gələcəkdə bir siyasi struktur kimi çöksə də əhalinin əksəriyyəti mənşəcə rus olduğundan çətin ki, Ukrayna bu ərazidə öz hakimiyyətini bərpa etsin.
Son olaraq,Ukrayna ilə Qərbin münasibətləri haqda qeyd etmək lazımdır ki,bu birmənalı və asan davam etməyəcək. İndi Qərbin özünün də vurğuladığı kimi Ukraynaya bu krizisdə baş verənlərə görə mənəvi məsuliyyət borcu var və bunu maaliyyə yardımları yolu ilə, siyasi-diplomatik dəstəklə həyata keçirməyə çalışır. Lakin məsələ ondadır ki, həm Avropanın həm də ABŞ-ın özünün də daxildə çox ciddi problemləri var. Avopadakı imiqrasiya və qaçqın böhranı, populist, milliyətçi və sağ yönümlü siyasi partiyaların çox böyük populyarlıq qazanmaları, BREKSİT (Birləşmiş Krallığın ittifaqı tərk etməsi), avroskeptizm, bürokratiyadan şikayətlər, iqtisadi problemlər artıq o regionun əhalisinin gündəmini çox məşğul edir. Amerikada Trampın seçilməsi ilə Ukraynaya dəstəyin azalması, onun Rusiya ilə yaxşı münasibətlər istəməsi və xaricə göndərilmiş maddi yardımların azaldılması qərarı Ukrayna üçün zədələyicidir. Bələ bir zəmində, bu siyasi qüvvələrin siyasi-stratejik olaraq çox da önəm kəsb etməyən bir ölkəyə böyük diqqət yetirməsi və onu prioritet etməsi gözlənilən deyil.
Hər bir ölkə verdiyi qərarlarla öz müqəddəratını təyin edir.Xüsusilə, regional olaraq böyük güc olmayan ölkələr obyektiv reallığı nəzərə alıb, müvafiq siyasi addımların bütün mümkün müsbət və mənfi nəticələrini götür-qoy edərək hərəkət etməlidir. Situasiyanı daha geniş olaraq görübdüzgün təhlil aparmadan və bütün faktorları hesaba qatmadan siyasət aparmaq çox zaman xeyir yox, zərər verir. Beynəlxalq münasibətlərdə hər bir dövlətin öz ayrı, subyektiv reallığı var; hər biri dünyanı və gedişatı öz “eynəkləri” ilə görüb şərh edir. Ancaq nə zaman ki, bu reallıqlar toqquşur, dayanıqlığı və fundamentləri möhkəm olmayanlar ən böyük əziyyəti çəkir.

Nihad Yaqublu (Varşava Dövlət Universitetinin məzunu)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR