“Azərbaycan dövlətinə torpaqlarımızı azad etmək üçün gözəl bir fürsət yaranıb...”

13-07-2020, 21:56 255 dəfə baxılıb

Ermənistanın ötən gün bilavasitə Azərbaycanla dövlət sərhədində təxribat törədərək növbəti hücum cəhdi etməsi düşmənin hansı niyyətlərindən xəbər verir? Dövlətimiz bu situasiyadan məharətlə yararlanıb torpaqlarımızın azad edilməsi üçün genişmiqyaslı və qəti əməliyyatlara başlaya bilməzmi? Yoxsa Aprel savaşı kimi bu dəfə də işi yarıda qoyacağıq?..



Bu və ya digər suallar ətrafında söhbət etdiyimiz sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında mövcud situasiyanı belə təhlil edib:



“Təhlillərimiz onu göstərir ki, Ermənistanın Azərbaycanla sərhəddəki son hücum cəhdi onların təxribatlar silsiləsininn davamıdır. Və istisna etmirəm ki, bu dəfə də atəşkəs rejimi bərpa olunsa, bir müddət sonra oxşar təxribatlar yenidən təkrarlanacaq..



Bəs cəbhədəki son hadisələr nəyə görə baş verir? İlk baxışdan ermənilərin atəşkəsi pozması məntiqli görünməyə bilər. Ancaq Ermənistandakı daxili siyasi, iqtisadi situasiyaya nəzər salsaq, görərik ki, bu, çox məntiqli, əsaslı siyasət və taktikadır...

Son vaxtlar açıq-aşkar görürük ki, Kreml Paşinyanı tərəfdaş kimi qəbul etmir və gündən-günə Paşinyan administrasiyasıyla münasibətlər pisləşmək istiqamətində inkişaf edir. Və Paşinyan da bunu yaxşı anlayır və görür ki, onun siyasi rəqiblərinə dəstək birbaşa Moskvadan gəlir. Bu baxımdan, işğalçı ölkənin baş naziri yaxşı başa düşür ki, belə müşküldən çıxmaq üçün Ermənistan Rusiyanın nəzarətindən çıxıb Qərbyönümlü siyasət həyata keçirməlidir. Amma bunu etməkdən ötrü hansısa bir bəhanə lazımdır. Və bəlli olur ki, belə bir bəhanəni yaratmaq üçün ən yaxşı yol hərbi əməliyyatların bu və ya digər formada bərpasıdır. Həmin əməliyyatların nəticəsindən asılı olmayaraq sonda Azərbaycandan savayı, Rusiyanın da tənqid edilməsi məqsədi güdülür. Yəni həmişəki kimi deyəcəklər ki, ruslar bizi satıblar, bizə kömək etmədilər, ona görə də vəziyyət belədir. İkincisi, deyəcəklər ki, Rusiyanın Ermənistanda “beşinci kalon”u olan ruspərəst müxalif siyasətçilər Paşinyanın ordusuna uğur qazanmağa imkan verməyiblər. Yəni bu baxımdan erməni hakimiyyətinin hərəkətlərinin məntiqi özünü göstərir və bunu artıq hamı başa düşür. Və belə deyək ki, ermənilərin son davranışları da bunu biruzə verir. Görürük ki, hələ sərhəddə toqquşmalar gedə-gedə Ermənistan artıq KTMT-yə müraciət edir, az qala, yalvararaq kömək diləməyə başlayır. Amma ermənilər onu da gözəl başa düşürlər ki, indiki durumda nə KTMT-yə üzv ölkələrdən, nə də birbaşa Rusiyadan dəstək gələcək... Çünki dediyimiz kimi, Paşinyan administrasiyası Moskvaya da, KTMT üzvlərinə də yaddır...



Əslində bu hadisələr çoxdan baş verməliydi. Sadəcə, xaricdəki ermənipərəst lobbi çalışırdı ki, Ermənistandakı daxili vəziyyəti bu və ya digər yollarla sabitləşdirsin. Amma bu da alınmır. Və indi hiss olunur ki, artıq Paşinyan hökumətini xilas etmək üçün hərbi əməliyyatların bərpası qaçılmazdır...



Paşinyan bu addımı atanadək bir neçə mərhələni keçib. Yadınızdadırsa, o, Azərbaycanla danışıqlar prosesini pozmaq üçün öz bəyanatları, əməlləri və s. ilə ardıcıl addımlar atıb. Yəni müharibədən savayı Paşinyanın başqa çıxış yolu qalmayıb. Bununla o, öz hakimiyyətini möhkəmlədib yeni bir tərəfdaş seçməli, Qərbdə özünə yeni bir patron tapmalıdır...

“Bəs Ermənistanın son hücum cəhdi, özü də bilavasitə Azərbaycanla dövlət sərhəddini pozmağa çalışması işğal altındakı torpaqlarımızı azad etmək üçün rəsmi Bakının əlinə kifayət qədər tutarlı “kozır” vermir? Yəni, biz deyə bilərik ki, işğalçı Ermənistan artıq həddini aşıb və birbaşa sərhədlərimizdən hücim edərək yeni ərazilər ilhaq etməyə çalışır. Bu da bizə qəti hücuma keçib 30 ilə yaxındır işğal altında qalan torpaqlarımızı azad etməyə kifayət qədər əsas verir...” fikrinə isə sabiq baş diplomat bu cür münasibət bildirib:



“Bəli, belə bir əsas yetişib. Göründüyü kimi, bir tərəfdən pandemiya ilə bağlı Ermənistanda və Qarabağdakı qondarma separatçı rejim daxilindəki gərginlik mövcuddur. Digər tərəfdən və ən əsası, biz artıq əminliklə deyə bilərik ki, bu dəfə Rusiya Ermənistanın köməyinə gələn deyil. Digər ölkələr də onun kimi... Yəni bu vəziyyətdə Azərbaycan üçün mülayim bir şərait yaranıb. İkincisi də medianı izlədikdə məlum olur ki, nəinki Azərbaycan KİV, xarici KİV də cəbhədəki son gərginliyin məhz ermənilərin törətdiyi təxribat sayəsində yarandığını vurğulayırlar. Bir sözlə, Azərbaycanın öz imkanlarından istifadə edib ermənilərə həlledici zərbə endirməsi üçün əsas amillər yetişib...



Ermənilər tərəfindən ikinci addım bu ola bilər ki, onlar Azərbaycanın sərhədə, yaxud təmas xəttinə yaxın dinc əhalisinə atəş aça bilərlər. Və bu halda elə vəziyyət yaradacaqlar ki, Azərbaycan ordusu onlara cavab verməyə məcbur qalacaq. Yəni onlar artıq taktikasını dəyişən deyil...



Və yenidən o fikrə qayıtmaq istəyirəm ki, bu mərhələdə Azərbaycan Ermənistana şiddətli və həlledici zərbələr endirməli və işğal edilmiş əraziləri tam şəkildə azad etməklə bu məsələyə nöqtə qoymalıdır... Əslinə qalsa, Ermənistanın üzdəniraq elitası, Paşinyan özü də yaxşı başa düşür ki, Azərbaycan işğal edilmiş torpaqları bu və ya digər yolla azad edəcək. Amma siyasi yollarla bu mümkün olan iş deyil. Və hesab edirəm ki, Qarabağdakı, eləcə də Ermənistandakı erməni ordusu da lazımi səviyyədə döyüş qabiliyyətinə malik deyil... Yəni bu amilləri ona görə, sadalayıram ki, işğalçıya zərbə endirib torpaqları azad etmək üçün gözəl bir fürsət yaranıb...”

Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR