ABŞ-ın ATƏT-dəki İŞLƏR MÜVƏKKİLİ HƏDDİNİ AŞIB... - Vaşinqton yenə də ermənilərin maraqlarını qorumağa çalışır

27-05-2021, 14:45 144 dəfə baxılıb

Mayın 25-də Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüş zamanı nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib: "Nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə 30 il davam edən münaqişəyə son qoyulduğunu diqqətə çatdırıb. Bəyanatın hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün geniş imkanlar yaratdığını vurğulayıb".

Açıqlamaya görə, görüş zamanı, həmçinin üçtərəfli bəyanatlardan irəli gələn bir sıra məsələlər müzakirə edilib, xüsusilə regional nəqliyyat bağlantılarının açılmasının bütün region dövlətləri üçün yeni imkanlar açdığı bildirilib.

Ceyhun Bayramov həmin gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib. Nazir Azərbaycanın ATƏT-ə verdiyi önəmdən, bu qurumun əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və ciddi riayət edilməsinin əhəmiyyətindən bəhs edib.

C. Bayramov son 28 il ərzində Ermənistanın münaqişənin həlli üzrə nümayiş etdirdiyi qeyri-konstruktiv yanaşmaya toxunub: "Nazir, Ermənistanın hərbi təxribatlarına cavab olaraq ötən ilin 27 sentyabr tarixində Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatını qeyd edərək, onun nəticəsində Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etdiyini vurğuladı. 10 noyabr 2020-ci il, eləcə də 11 yanvar 2021-ci il tarixlərində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların icrasının əhəmiyyəti qeyd olundu”.

Açıqlamaya görə, nazir həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyünə də toxunub: "Çıxışda nazir, habelə münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiya proseslərinin əhəmiyyətini vurğuladı. Bu istiqamətdə Azərbaycanın ATƏT-in icraçı strukturları ilə əməkdaşlıq etməyə davam edəcəyi qeyd olundu. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı, ATƏT-in də bu proseslərə töhfə verə biləcəyi vurğulandı".

İclasda ABŞ-ın ATƏT-dəki işlər müvəkkili Kortni Ostrian da çıxış edib.

Ostrian rəsmi İrəvanın günahı üzündən sərhəddə baş verən gərginliyi bəhanə edərək bildirib ki, yalnız bütün məsələləri əhatə edən hərtərəfli razılaşma Ermənistan və Azərbaycan arasında barışığa və münasibətlərin normallaşmasına yol aça bilər: "Biz Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mümkün qədər tez təmaslara başlamağa, onların təkliflərini nəzərdən keçirməyə və onlarla birlikdə hər iki tərəfin prioritetlərini əks etdirən strukturlu gündəlik barədə razılığa gəlməyə çağırırıq”.

ABŞ səfiri deyib ki, Birləşmiş Ştatlar tərəfləri saxlananların qaytarılması ilə atəşkəsin möhkəmləndirilməsinə, münaqişə regionlarının minalardan effektiv təmizlənməsi üçün zəruri olan informasiyanın mübadiləsinə, beynəlxalq humanitar təşkilatlara Dağlıq Qarabağa giriş verilməsinə çağırır.

ABŞ nümayəndəsi tərəfləri habelə qızışdırıcı ritorikadan çəkinməyə, iddia olunan insan haqları pozuntularını araşdırmağa, belə hərəkətlər üçün cavabdeh olanların tapılmasına dəvət edib.

Ostrian deyib ki, tərəflər hərbi hərəkətlərini şəffaf qaydada həyata keçirməlidirlər.

Hər zaman erməniləri himayə edən ABŞ-ın təmsilçisi təəccüblü deyil ki, sərhəddə təxribatların baş verməməsi üçün yenə İrəvanın mövqeyindən çıxış edib.

Hətta həddini aşaraq Azərbaycana sərhəddəki qüvvələrini geri çəkməyə, ortaq beynəlxalq sərhədin demarkasiyası üçün danışıqlara başlamağa çağırıb.

Ostrian 30 ildir erməni işğalını himayə edən ATƏT-in baş katibinin Xüsusi Nümayəndəsinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanı və Ermənistanı onun işinə dəstək verməyə çağırıb.

ABŞ səfiri bidlirib ki, Minsk qrupu həmsədrlərinə və Xüsusi Nümayəndəyə region boyunca maneəsiz hərəkət imkanının verilməsi gərginliyin azaldılmasına və gələcək zorakılıqların qarşısının alınmasına kömək edərdi: "Biz tərəfləri heç bir ön şərt qoymadan və mümkün qədər tez Minsk qrupu həmsədrlərinin egidası altında yüksək səviyyədə substantiv danışıqlara qayıtmağa çağırırıq”.

Göründüyü kimi ABŞ səfiri yenə ermənilərin maraqlarından çıxış edərək, nazir Ceyhun Bayramovun qaldırdığı məsələlərə və nümayiş etdirdiyi konstruktiv mövqeyə lazımı reaksiya verməyib.

Azərbaycan nümayəndəsi beynəlxalq hüquq prinsiplərindən çıxış edərək, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, regionda bütün iqtisadi əlaqələrin açılması kimi vacib məsələləri qeyd edib. Eyni zamanda rəsmi Bakının bu konteksdə ATƏT-in Minsk Qrupu ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

C. Bayramov çıxışında Ermənistanla sülh sazişinin imzalanması məsələsinə toxunsa da, ABŞ nümayəndəsi bu vacib mövqeyi diqqətsiz qoyaraq, mənasız tövsiyələrlə çıxış edib.

Əslində bütün problemlərin həlli İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından keçsə də, ABŞ-ın ATƏT-dəki işlər müvəkkilinin bunu söyləməyə iradəsi çatmayıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq. Bu mövqe Bakının sərhəddəki problemləri danışıqlar yolu ilə və ölkələrin ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olduğunu göstərir.

Ancaq qəribə də olsa, ABŞ təmsilçisi hələ də müharibədən əvvəlki mövqeyində qalıb. Yəni Minsk Qrupunun əvvəlki qaydada danışıqları bərpa etməli, təmas xəttində monitorinq keçirməli, Qarabağa beynəlxalq humanitar təşkilar gəlib ermənilərə dəstəyini davam etdirməli olduğunu və sair bu kimi köhnə "bayatıları” səsləndirir.

Üstəlik Azərbaycan Hadrutda tərk-silah etdiyi təxribatçı-diversiya qrupunun üzvlərini azadlığa buraxıb, dövlət sərhədlərindəki ordu hissələrini də geri çəkməyə şağracaq qədər həddini aşır.

Bütün bunların müqabilində Ermənistan nə etməli olduğuna dair isə hansısa tövsiyyə ilə çıxış etməyib. Halbuki obyektiv olsa idi sülh üçün rəsmi İrəvana Azərbaycanın ərazi bütövlüyünü tanımağı, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində hələ də qalan silahlı dəstələrinin tör-töküntülərini çıxarmağı, kommunikasiya yolların açmağı və sairi təklkif edərdi. Çünki iki ölkə arasında münaqişənin kökündən həll olunmamasına səbəb olan problemlər bundan ibarətdir.

Ancaq Fransa və Rusiya kimi ABŞ da beynəlxalq hüququn prinsiplərindən çıxış edən bir yanaşma ortaya qoymur, məğlub erməniləri himayə etməyə çalışır. Bu da rəsmi Bakının təbii müqaviməti ilə qarşılanır.

Müharibədən sonra yeni reallıqlar yaranıb və ona uyğun mövqe nümayiş etdirərərk, problemi həll etmək mümkündür. Bu, ilk növbədə Ermənistanın Azərbaycanın BMT-də tanınmış hüdudları çərçivəsində ərazi bütövlüyünü tanımasından keçir. Əslində Minsk Qrupu həmsədrləri İrəvana təzyiq göstərib ondan bu addımın atılmasını tələb etməlidrlər. Təbii ki, münaqişənin beynəlxalq hüquq normalarına əsasən həllini istəyirlərsə...
"AzPolitika.info"


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR